“Madrid prinsipləri” indi Madridin özünü təhdid edir” – Partiya sədri
“Dünən İspaniya polisi katalonları küçələrdə “əzirdilər, bizə isə Madriddə qəbul olunmuş prinsipləri qəbul etdirməyə çalışırlar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün Kataloniyada keçirilmiş müstəqillik referendumunu dəyərləndirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib:“İspaniya hüquqi kazusla üzləşib. Katalonlar dünən səsvermələri ilə faktiki müstəqilliklərini elan etdilər.
Dünənki referendum bir hadisəni yaddaşımda canlandırdı. Bir neçə il əvvəl VİP təmsilçisi olaraq, ATƏT-in keçici sədri, o zamankı İspaniya xarici işlər naziri ilə görüşə dəvət almışdım. Görüşə 7-8 başqa partiya sədri də qatılmışdı.
Mövzu Azərbaycan-ATƏT münasibətləri, demokratiya və s. məsələlər idi. Sözsüz ki, ATƏT monopoliyasında olan Dağlıq Qarabağ məsələsi də əsas mövzulardan idi.
Qonaq saymazyana və təkəbbürlü şəkildə Dağlıq Qarabağın erməni əhalisinin maraqları, gələcəyi və digər haqları barədə söz açdı. Hamının bu hörmətsizliyi “yediyini” görüb, ATƏT təmsilçisinə cavab verməli oldum.
İspana baskların hüquqlarını nədən tanımadıqlarını dedikdə, pörtdü. Yəqin Azərbaycan təmsilçilərinin hamısının “üzüyola” olduğunu düşünürmüş. Mənə verdiyi cavab da dolaşıq idi. “Basklarla Dağlıq Qarabağ əhalisini eyniləşdirmək olmaz” kimi bəsit cavab verdi.
Onun dediyində həqiqət vardı. Basklar öz müqəddaratlarını həll etməmiş xalqdırlar. Onların müstəqillik mübarizəsini başa düşmək olar. Lakin Azərbaycanda separatçılıq, silahlı qanunsuzluq edən, öz müqəddaratını müəyyən etmiş ermənilərlə apardığımız mübarizə qətiyyən basklarla eyni mahiyyət daşımır.
İndi də katalonlar dinc mübarizə yolu ilə öz müqəddaratlarını həll etmək qərarı veriblər. Dünən İspaniya polisi güc tətbiqi ilə katalonları küçələrdə əzirdilər. Bizə isə Madriddə qəbul olunmuş prinsipləri qəbul etdirməyə çalışırlar.
Avropa liderləri İspaniyanın mərkəzi hakimiyyətini dəstəkləyirlər. Makron bunu açıq şəkildə bəyan etdi. Azərbaycana gəldikdə isə biz Avropanı belə yekcins görə bilmirik. Nədənsə, İspaniyada dinc referendum separatçılıq, Azərbaycanda isə silahlı hərəkat “özünütəyin hərəkatı” adlandırılır.
Baş verənlərin ezeterik yükü var. Azərbaycana sırınan Madrid prinsipləri indi Madridi təhdid edir. Allahımız nəzərini Azərbaycandan çəkməyib. Çəkməz də inşallah!”
A. Zeynalov
Tarix: 2-10-2017, 14:48