Dünyanin diqqəti burda: Qlobal separatizm təhlükəsi qapıda
Dünyanın siyasi xəritəsini dəyişə biləcək hadisələr baş verir.Separatizm dalğasının artması bir sıra böyük ölkələrin kiçik dövlətlərə parçalanma təhlükəsini yaradıb.Siyasi müşahidəçilərin rəyinə görə, sözügedən təhlükənin qarşısını almaq üçün beynəlxalq hüququn imkan verdiyi güc tətbiqi prinsipindən istifadə olunmalıdır.Əks təqdirdə, dünyada çoxsaylı yeni münaqişələr və terrorizmin güclənməsi baş verə bilər.Bu da dünya nizamının pozulmasına gətirib çıxaracaq.Şimali İraqda Kürd Muxtariyyətinin referendum yolu ilə özünü müstəqil elan etməsi artıq İspaniyanın Kataloniya vilayətində analoji separatizm hadisəsinin təkrarlanmasına səbəb olub.Hətta qeyd edilən proses Azərbaycanın qonşuluğunda yerləşən böyük dövlətlərin də bölünməsi ilə nəticələnə bilər. Politoloqlar yaxın gələcəkdə İraqda baş qaldıran parçalanma prosesinin İrana, Mərkəzi Asiyaya, Əfqanıstana və Rusiyaya transfer edəcəyini istisna etmir. Bu isə separatizmdən əziyyət çəkən Azərbaycana təsirsiz ötüşməyəcək.Yeni dünya düzəni Azərbaycandan gözlənilən təhlükənin qarşısnı almaq üçün preventiv siyasi addımların atılmasını tələb edir.Ona görə də rəsmi Bakının xarici siyasət kursunda yeni elementlərin baş verəcəyini gözləmək olar.
Respublikaçı Alternativ Hərəkatının katibi Azər Qasımlı hesab edir ki, beynəlxalq münasibətlər sistemində müşahidə olunan dəyişiklik prosesində Azərbaycan ilk növbədə özünün müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamağa çalışmalıdır. Dünyanın aparıcı dövlətləri ilə dostluq münasibətlərinin qurulması Azərbaycanı bu təhlükədən xilas edə bilər:
“Belə bir dövlət bizim bölgədə də var. Bu Rusiyadır. Eyni zamanda, Azərbaycanla bir çox regional layihələrdə iştirak edən ABŞ, Böyük Britaniya, Fransa kimi dövlətlərlə dostluq əlaqələrini möhkəmləndirmək lazımdır.Digər tərəfdən, hər hansı ölkə ilə düşmənçilik münasibətlərinin yaranmasına yol verilməməlidir.Yəni Azərbaycan müstəqilliyini və ərazi bütövlüyünü bu şəkildə qoruyub saxlaya bilər.Hazırkı beynəlxalq münasibətlər sistemi isə İkinci Dünya Müharibəsindən sonra formalaşıb.Bu müddətdə dünyada yeni dövlətlər yaranıb və yarana bilər.Əslində, bu sistemin özünün islahata ehtiyacı var. Əgər islahata ehtiyacı olmasaydı, hazırda müstəqil Kürdüstanın elan edilməsi, Yaxın Şərqdəki hadisələr, Avropada separatçı meyilərin artması baş verməzdi.Ona görə də sistemin özündə dəyişiklik aparılmalıdır.Amma bu dəyişikliklər müəyyən proseslərdən sonra mümkün olur.Bir sıra böyük dövlətlərin aralarında mövcud olan münaqişələr ya böyüyür, ya da həllini tapdıqdan sonra sistem yenilənir.Kiçik dövlətlərin də dünyada gedən proseslərə təsiri artıb.Beynəlxalq təşkilatların rolu genişlənib. Amma müasir dünya siyasəti İkinci Dünya Müharibəsindən sonra veto hüququndan istifadə etmək imkanı olan dövlətlər tərəfindən tənzimlənir ”.
Azər Qasımlı qeyd etdi ki, Azərbaycanın xarici siyasətinin əsas məqsədi daha çox müttəfiq əldə etməkdən ibarət olmalıdır. Ancaq bu, ənənəvi balanslaşdırlmış xarici siyasət kursunun təkrarı kimi başa düşülməməlidir:“Azərbaycan güclülərlə dostluq etməli, müttəfiq ola bilmədiyi ölkələrlə düşmən olmamağa çalışmalıdır. Bizə düşmən kimi baxan qüvvələri qıcıqlandırmayan siyasətimizlə ən azı müvəqqəti zərərsizləşdirməliyik.Amma Azərbaycan hazırda balanslı siyasət yürütsə də onun nöqsanları da çoxdur.Söhbət yalnız balanslaşdırmadan getmir.Hökumət xarici siyasətini düzgün qurmalıdır.İkincisi, xarici siyasətlə yanaşı daxili siyasi proseslər düzgün qurulmalıdır.Əgər hakimiyyətlə xalq arasında uçurum varsa, sosial problemlər mövcud olarsa, demokratiya sahəsində problem varsa, insanlar arasında apatiya müşahidə olunursa, təhlükələrin qarşısını almaq mümkün olmaz”.
Müşfiq Abdulla
Cebhe.infi
Tarix: 5-10-2017, 21:28