Rəsmi Bakı Avropaya şərt qoydu - Prezidentin kritik səfəri

Rəsmi Bakı Avropaya şərt qoydu - Prezidentin kritik səfəri Azərbaycan prezidenti İlham Əliyev noyabrda Brüsseldə keçiriləcək Avropa Birliyinin (AB) “Şərq tərəfdaşlığı” sammitində iştirak edəcək. Musavat.com xəbər verir ki, bu barədə ölkə başçısı oktyabrın 4-də AB-nin Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə Bakıda keçirdiyi görüşdə deyib.

“Şərq tərəfdaşlığı” sammitində iştirak üçün dəvətə görə qonaqlara minnətdarlıq edən prezident daha sonra bildirib: “Mən bu dəvəti prezident Tuskdan fevral ayında aldım və bildirdim ki, birmənalı olaraq, zirvə görüşündə iştirak edəcəyəm. Fikrimcə, orada olmaq çox vacibdir. Azərbaycan lap əvvəldən ”Şərq tərəfdaşlığı" proqramına dəstək verib. Mən şəxsən “Şərq tərəfdaşlığı”nın ilk sammitində olmuşam və bütün həmin sammitlərdə iştirak etmişəm - yalnız sonuncudan başqa. Orada olmamağımın da səbəbini, yəqin ki, bilirsiniz. İndi isə həmin mühüm toplantıya qatılmamaq üçün əsas yoxdur. Bir sözlə, biz buna böyük ümidlər bəsləyirik".

İlham Əliyev eyni zamanda qeyd edib ki, üzv dövlətlərə daha fərdi yanaşma tətbiq edilməlidir, çünki həmin ölkələr fərqlidir. “Əfsuslar olsun ki, əvvəlki Avropa komissiyaları zamanı mövqeyimizə yaxşı yanaşılmadı. Əksinə, biz bəzən hücum hədəfinə çevrildik. Hansısa xüsusi razılaşmanı tələb edən tərəf kimi ittiham olunduq. Bu, belə deyildi. Əslində biz komissiya ilə xüsusi ünsiyyəti yaratmaq istəyirdik. Saziş üzərində fəal danışıqlara başlamağımız faktı göstərir ki, bu yanaşma artıq üstünlük təşkil etməyə başlayır. Bu, çox müsbətdir. ”Şərq tərəfdaşlığı", əlbəttə ki, vacib çərçivədir. Lakin bu çərçivədə, fikrimcə, Azərbaycan ilə Avropa Komissiyası arasında ayrıca razılaşma ən mühüm məsələdir", - deyə Azərbaycan prezidenti qeyd edib.

Dağlıq Qarabağ konflikti ilə bağlı “Şərq tərəfdaşlığı”ndan gözləntilərə gəlincə, prezident deyib: “Bizim gözləntimiz və istəyimiz ondan ibarətdir ki, Avropa Komissiyası postsovet məkanında mövcud olan bütün konfliktlərə vahid yanaşma sərgiləsin. Əks halda biz haqlı olaraq bunu ”ikili standart" yanaşması kimi qəbul edirik. Bu səbəbdən Dağlıq Qarabağa dair yekun bəyannamədə ərazi bütövlüyü məsələsinin dəqiq əksini tapması çox vacibdir. Biz hesab edirik ki, bir ölkənin ərazisi onun rəhbərliyi və xalqının razılığı olmadan dəyişdirilə bilməz".

Azərbaycanın dövlət başçısının AB ilə imzalanması nəzərdə tutulan çərçivə sənədi ilə bağlı rəsmi Brüssel qarşısında bu şərti əslində əsas və haqlı olmaqla bərabər, Avropada (Avropa Birliyinin üzvü olan İspaniya və s.) başlanan “referendum” paradı fonunda xüsusilə aktual səslənir və ciddiyə alınmaya bilməz. Sənədin imzalanması isə bu ilin sonuna nəzərdə tutulur.

*****

Maraqlısı odur ki, Rusiyanın satelliti Ermənistan isə məhz Brüssel sammiti çərçivəsində AB ilə “Çərçivə anlaşması” imzalamağa hazırlaşır. Bu haqda artıq İrəvan rəsmiləri, o cümlədən prezident Serj Sərkisyan bəyanat verib. Sərkisyan bundan ötrü Brüsselə gedəcəyini də açıqlayıb.

Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Qarabağ mövzusunda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü məhz Brüsseldə baş tuta bilər (oktyabr 7-də, yəni sabah həmsədrlər regiona səfərə gələcəklər).

Ancaq daha maraqlısı, rəsmi Moskvanın 2013-cü ilin sentyabrından fərqli olaraq öz vassalına bu dəfə “Çərçivə sazişi” imzalamağa icazə verib-verməyəcəyi ilə bağlıdır. Məlumdur ki, o vaxt son anda Putin Sərkisyanı Kremlə çağıraraq onu Qarabağla hədələmiş, nəticə etibarilə Sərkisyan dərhal geri vermişdi: Ermənistan Avropa Birliyinə deyil, Avrasiya Birliyi və Gömrük İttifaqına qoşulmaq qərarına gəlmişdi. Rusiyanın Avropa və ABŞ ilə gərgin münasibətləri ciddiyə alınarsa, bu dəfə də eyni aqibətin olacağı istisna olunmur - hərçənd erməni yetkililəri indi daha arxayın görünürlər.

*****

Azərbaycan isə əksinə, bu məsələdə qat-qat müstəqil qərar sahibidir. Hərgah Bakı da Moskvanın iradəsini, sonuncunun axır vaxtlar Brüssel və Vaşinqtonla daha da soyuyan münasibətlərini ciddiyə almaya bilməz. Bundan əlavə, Azərbaycanın Avropa Birliyi ilə - Qərbin əsas iqtisadi-siyasi qurumu ilə yaxınlaşmasına da Rusiya həmişə qısqanc yanaşıb. Səbəblər barədə dəfələrlə yazmışıq (onlardan biri ölkəmizin Avropa enerji bazarında Rusiyaya ciddi rəqib olması və Bakının yeni transmilli qaz layihələrinə AB-nin hərtərəfli siyasi və maliyyə dəstəyi verməsidir).



Buradaca həmçinin az öncə Azərbaycan hakimiyyəti əleyhinə Qərb mediasında tirajlanmış korrupsiya ittihamlarının arxasında Rusiyanın gizli servisinin də əli olması haqda informasiyaları yada salmaq lazım gəlir (“Yeni Müsavat” ötən saylarının birində bu barədə geniş yazı dərc edib).

Azərbaycan prezidentinin qarşıdakı Brüsselə səfəri və AB ilə əməkdaşlığı yeni fazaya qaldırmaq əzmi ilə bağlı yuxarıdakı açıqlamaları həm də Kremlin son gizli anti-Azərbaycan gedişləri və “badalaqları” kontekstində ikiqat önəm daşıyır və Moskvaya bir növ, incə cavab da sayıla bilər... \\musavat.com\\
Tarix: 6-10-2017, 09:19
Xəbəri paylaş





Xəbər lenti