Etibar Məmmədovdan Rəsul Quliyev açıqlaması-sabiq spiker müxalifətin vahid namizədi ola bilər

Etibar Məmmədovdan Rəsul Quliyev açıqlaması-sabiq spiker müxalifətin vahid namizədi ola bilər Əli Əliyev: “Onun namizədliyini dəstəkləyə bilərəm”

Razi Nurullayev: “Təkbaşına seçkidə iştirak üçün çalışacağıq”

Bir ildən sonra ölkəmizdə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca fəallaşan siyasətçilərdən biri də Amerikada mühacir həyatı yaşayan sabiq spiker, Gələcək Azərbaycan Partiyasının lideri Rəsul Quliyevdir. Sabiq spiker günlər öncə Azərbaycana qayıtmaq və 2018-ci ilin prezident seçkilərində iştirak etmək niyyətinin olduğunu bəyan edib.


Onun bu açıqlamasından sonra R.Quliyev ətrafında gedən söz-söhbətlər getdikcə çoxalır. Sabiq spikerin Azərbaycanda uğur qazanmaq şansları barədə fikirlər birmənalı deyil. Əksəriyyət Milli Məclisin keçmiş rəhbərinin indiki şərtlər daxilində ölkəyə qayıtmaq şanslarının az olduğunu düşünərək, onun ölkə rəhbərliyinə namizəd olacağına inanmır. Bununla yanaşı ölkəyə qayıdarsa, R.Quliyevin hakimiyyətə alternativ olacaq gücə sahib olduğunu deyənlər də az deyil. Heç kəsə sirr deyil ki, sabiq spiker Azərbaycanda kifayət qədər ciddi elektorata malikdir.
Vaxtı ilə R.Quliyevin rəhbəri olduğu ADP-nin sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”ın son saylarının birində eks-spikerlə bağlı gedən məsələlərə toxunaraq, onunla bağlı ciddi açıqlamalar vermişdi. O, sabiq parlament rəhbərinin yalnız hakimiyyətin razılığı ölkəyə qayıtmasının mümkünlüyünü vurğulayaraq, onun prezidentliyə namizəd olmaq imkanlarının Amerikadan da olduğunu qeyd edib. Fakt kimi də ADP sədri indiyə qədər R.Quliyevin deputatlığa bir neçə dəfə namizədliyini irəli sürdüklərini göstərib. S.Cəlaloğlu Quliyevin dəyişiklik etmə şanslarının olduğunu da vurğulayaraq, Ukrayna və Gürcüstan kimi Azərbaycanda da əgər beynəlxalq güclərin dəstəyi ilə dəyişiklik ssenarisi olacağı təqdirdə, hakimiyyətə demokratik qüvvələrin içindən bir liderin yox, kapitala malik bir şəxsin gətirilməsinin gözlənilən olduğunu qeyd edib.

Partiya sədri sabiq spikerin bu potensiala sahib olduğunu da bildirib. Sitat: “Mən yaxşı bilirəm ki, Rəsul Quliyevin hakimiyyətə gəlməsi üçün İvanişvilinin və Poroşenkonun kapitalından çox kapitalı ortalığa qoya biləcək adamlar var. Bu baxımdan, Rəsul Quliyev prosesdə lazım olan vəsaiti təşkil eləyə bilər”.

Artıq R.Quliyevin namizədliyi ilə bağlı gedən müzakirələrə tanınmış siyasətçilərdə qoşulmağa başlayıb. Son olaraq, 1998-2003-cü illərdə prezidentliyə iddiaçı olan AMİP lideri Etibar Məmmədov eks-spikerin namizədliyindən danışıb. E.Məmmədov “Ölkə.Az”-a açıqlamasında deyib ki, Rəsul Quliyev tanınmış azərbaycanlıdır və Azərbaycan prezidentliyinə namizəd olmaq hüququ var.

“Əgər Rəsul Quliyev bu hüququndan istifadə etmək istəyirsə, buna normal yanaşmaq lazımdır. Rəsul Quliyev Azərbaycana gəlmək və prezidentliyə namizəd olmaq istəyirsə, buyurub gəlsin. Mənim istənilən namizədə münasibətim müsbətdir. Ancaq mən heç bir siyasətçinin dəstəyi barədə fikir bildirmək istəmirəm. Ölkə qanunlarının tələblərinin Rəsul Quliyevin Azərbaycanda prezident seçkilərinə namizəd olmasına imkan verməməsi məsələsinə gəldikdə isə, bu Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyətlərinə aid olan məsələdir. Hansı namizədin qanunun tələblərinə cavab verib-verməməsi məsələsini MSK müəyyənləşdirir”.

R.Quliyevlə olan münasibətlərinə də toxunan E.Məmmədov onunla münasibətlərində heç bir problemin olmadığını söyləyib:
“Mənim heç kimlə, o cümlədən Rəsul Quliyevlə münasibətlərimdə problem yoxdur”.


Keçmiş spikerlə bağlı gedən müzakirələrdən biri də onun vahid namizədliyi barədədir. R.Quliyevin vahid namizəd olmaq potensialının elə də zəif olmadığı vurğulanır. Müxalifətin gələn ilki seçkilərdə onu düşərgənin vahid namizədi kimi vermə ehtimalları istisna olunmur. İstər maliyyə, istər şəxsi və elektoral nüfuzu, istərsə də, Qərb dairələri ilə əlaqələri baxımından sabiq spikerin bu keyfiyyətlərə sahib olduğu deyilir. İndiyə qədər heç vaxt prezidentliyə namizəd olmayan, müxtəlif dönəmlərdə ölkə rəhbərliyinə iddiaçı olan müxalifləri dəstəkləyən R.Quliyevin özünün şansının çatdığı söylənilir və artıq onun şansdan imtina etməyəcəyi bildirilir.

Qeyd edək ki, R.Quliyevdən öncə prezidentliyə iddiasını irəli sürənlər də var. Bunlar hələ üç il öncə Müsavatın son qurultayında namizədliyi elan olunan partiyanın sabiq başqanı, MSDM rəhbəri İsa Qəmbər, VİP sədri Əli Əliyev və Yeni AXCP-nin rəhbəri Razi Nurullayevdir.

Ə.Əliyev gələcəkdə rəqibi ola biləcək şəxsin iddiasından danışdı: “Rəsul Quliyev son dövrlər vaxtaşırı fəallaşıb. Onun siyasi aktivliyi sinusoidal xarakter daşıyır. Son illərdə qiyabi də olsa, siyasi proseslərin əsas fiqurlarından biri kimi çıxış edir, hər halda görüntü belədir. İstər 2005, istərsə də, 2013-cü il seçkilərində kifayət qədər fəal olub. Son hadisələrə qədər daha çox müxalifətin tənqidçisi kimi yadımda qalıb. Rəsul müəllimin bir məsləhətçi tövrü var, sanki hamıdan çox bilirmiş kimi özünü aparır. Hesab edirəm ki, onun davranışı ötən əsrin sonlarında qalıb, Naxçıvan dialektində hamıya “bədbaxtlar” dediyi vaxtları xatırladır. Söz yox ki, Rəsul Quliyev siyasi səhnənin təcrübəli və önəmli şəxslərindəndir. Hadisələrin fərqli ssenarilərində potensialı yüksək ola bilər. Rəsul müəllimin sözsüz ki, seçkilərdə iştirak iddiası qanunidir. Lakin müxalifətin vahid namizədi ola biləcəyi məsələsinə ehtiyatla yanaşılmalıdır. Fikrimcə, vahid namizəd bu günkü hakimiyyətin etdikləri mənfi işlərin məsuliyyətini daşımamalıdır. Rəsul müəllim bu günkü komandanın uzun müddət ortağı, onun törətdiklərinin bünövrə müəlliflərindəndir. Bu qəbildən olan şəxslərin müxalifət simvoluna çevrilməsi ziyanlı ola bilər. İrəli sürdüyüm müxalifət birliyi formatında mən bu günkü hakimiyyətlə prinsipial mövqedə duran şəxs və qurumların birliyi təklifini irəli sürmüşəm. Sözsüz ki, Rəsul müəllim belə statusa malik siyasətçidir. Lakin belə bir ittifaqın zirvəsində mütləq bu hakimiyyətin məsuliyyət yükünü daşımayan, qeyri-siyasi şəxsin olması daha məqsədəuyğundur. Bu mənim baxışlarımdır. Düz, ya səhv belə görürəm. Əlbəttə ki, nəzəri baxımdan digər konfiqurasiyalar da mümkündür. Hadisələrin elə inkişaf trayektoriyası ola bilər ki, Rəsul müəllim də önə çıxa bilər. 2013-cü ildə Rəsul müəllim kifayət qədər hərəkətlənmədə fəal görünür, müxtəlif demarşlar edir, təmaslarında xəbərim olan trayektoriyalar cızırdı. Misal üçün mənim dəqiq məlumatıma görə Moskvanın emissarı İbrahimbəyovun namizəd olacağı barədə ilk məlumatı hələ mart ayında xarici çevrələrlə görüşdə Rəsul müəllim dilə gətirib. Sonradan hadisələrin onun ssenarisi ilə inkişaf etməsi onun beynəlxalq, xüsusilə Kreml bağlılıqlarından qənaətə gəlməyə əsas yaradır. Düzdür, Putin haqqında mətbuata bəzi kəskin açıqlamalar versə də, Rusiyanın təkcə Putindən ibarət olmadığını hamı yaxşı bilir. Əsas imperiyanın dərin tərəfidir. Hakimiyyətdaxili regional qruplar da imkanların hakim regionda saxlanması planı daxilində Rəsul müəllimi dəstəkləyə bilərlər. Şəxsən mənə hakimiyyətdə fiqur dəyişikliyi deyil, idarəçilik fəlsəfəsinin dəyişikliyi lazımdır. Xalqın istibdad və zülmdən qurtulması, Qarabağın azad edilməsi, xarici asılılıqdan xilasımız lazımdır. Kimlərinsə, şəxsi, qrup, yaxud regional maraqları Azərbaycan xalqının maraqlarına uyğun deyil. Ölkəni bir bölgənin nümayəndələri deyil, bütün bölgələrin qabiliyyətli və bacarıqlı şəxsləri idarə etməlidir. Yalnız bu gözlənti və planlar daxilində mən vahid komanda və vahid namizədi dəstəkləyə bilərəm. Əgər Rəsul Quliyev iradə göstərə, Azərbaycana dönə, məni və tərəfdarlarımı inandıra bilsə, planın həyata keçməsi üçün ölkədaxili və xarici qüvvələri bir araya gətirmək qabiliyyətini nümayiş etdirsə, o zaman onun namizədliyini dəstəkləyə bilərəm. Qalan variantlarda mən namizəd olaraq özümü ondan daha şanslı və layiqli bilirəm”.

R.Nurullayev Rəsul Quliyevin vahid namizədliyinə və iddiasını irəli sürməsinə normal yanaşır: “Bunlar onun şəxsi işidir. Partiya kimi qarşımızda duran öz vəzifələrimiz var. Digər partiyaların planlarını, namizədlərin necə iştirak edəcəklərini müzakirə etmirik. Seçkilərdə iştirakımı artıq bəyan etmişəm. Qeyd etmişəm ki, bu ilin sonlarına qədər bütün siyasi partiyalarla, seçkilərdə iştirak edəcək şəxslərlə danışıqlar aparıram. Vahid format, platforma müəyyən etməliyik. Əgər bu baş verməyəcəksə, biz gələn ilin əvvəllərindən təkbaşına seçkidə iştirak üçün çalışacağıq. Kimsə seçkidə iştirak etmək istəyirsə, ona uğurlar arzulayırıq. Namizədliyimi hələ ki sözdə irəli sürmüşəm, seçki prosesi hələ ki başlamayıb. Bizim qeydə alınıb-alınmayacağımız da məlum deyil. Buna kifayət qədər zaman var. Bu baxımdan namizədliyim qeydə alınmayacağı təqdirdə bir il sonra verə biləcəyim qərarı indidən sizə açıqlaya bilmərəm. Bu barədə düşünməmişəm. Yerimdən durub sizin bu suala birbaşa cavab verməyim də mümkün deyil. Hələ öz partiyamız, namizədliyimiz üzərində düşünə bilərik. Dediyiniz variantlar hələ ki stol üzərində deyil, olacağını da düşünmürəm. İstənilən halda hər bir Azərbaycan vətəndaşı, prezident olmağı istəyən şəxs namizəd ola bilər. Rəsul Quliyev namizədliyini verib, bizə ona uğurlar diləmək qalır”.

Cavanşir ABBASLI,

Musavat.com
Tarix: 6-10-2017, 13:10
Xəbəri paylaş





Xəbər lenti