Oktyabrın 5-də Bakı daha bir böyük tədbirə ev sahibliyi edib. Belə ki, həmin gün Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə üzrə bölmələrinin nümayəndələrinin VII regional ekspert məsləhətləşməsi və MDB dövlətlərinin antiterror mərkəzləri nəzdində Elmi Məsləhət Şurasının geniş plenar iclası öz işinə başlayıb.
Məlumata görə, məsləhətləşmənin keçirilməsinin məqsədi MDB dövlətlərinin xüsusi xidmət orqanlarının əməkdaşlığının daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və ekstremizim və terrorizmə qarşı effektiv texnologiyaların yaradılmasıdır.
Şübhəsiz ki, MDB adlı qurumun tədbirindən söhbət gedərkən, öncə onun yaradıcısı və yaşamasında hamıdan çox maraqlı olan Rusiya göz önünə gəlir. Bu məntiqlə Bakıda düzənlənən tədbiri həm də Rusiyanın tədbiri adlandıranlar var.
Bəs, Azərbaycan şimal qonşusu ilə təhlükəsizlik, terrorizmə və ekstremizmə qarşı mübarizə sahəsində birgə əməkdaşlığa nə dərəcədə effektli nəticəyə nail ola bilər? Ümumiyyətlə, separatçı fəaliyyəti, işğalı, terroru dəstəkləyən və onu həyata keçirən Ermənistanın himayədarı olan Kremllə əməkdaşlıq etibarlı nəticə vəd edirmi?
Bununla bağlı politoloq Sülhəddin Əkbər “Yeni Müsavat”a maraqlı fikirlər söyləyib.Ekspert öncə tədbirin Bakıda keçirilməsini təsadüfi saymadı: “Rusiyanın dövlət siyasətinə əsasən, MDB imperiyanın yeni formada bərpasının aralıq forması kimi nəzərdə tutulur. MDB yaradılarkən də başlıca məqsəd ondan ibarət idi ki, Rusiya öz gücünü bərpa edənədək, keçmiş müttəfiq respublikalar bu aralıq formaya cəlb olunsun, Rusiya özünə gəldikdən, öz gücünü topladıqdan sonra isə imperiya yeni bir şəkildə bərpa olunsun. Gördüyünüz kimi, KTMT, ardınca Gömrük İttifaqı, Avrasiya İqtisadi Birliyi yaradıldı. Yəni məqsəd yeni imperiyanı bərpa edənə qədər keçmiş sovet respublikalarını öz orbitində saxlamaq idi. Rusiya 2005-ci ildən etibarən öz gücünü bərpa etməyə və ipləri daha da sıx yığmağa başladı”.
Politoloq qeyd edib ki, dünyada və regionumuzda geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub: “O baxımdan da Rusiya MDB-yə, o cümlədən də Azərbaycana təsirini artırmaq ehtiyacı hiss edir. Yəni əvvəlki münasibətlər sistemi tam etibarlı hesab olunmur və əlavə yeni təsir mexanizmləri, təsir rıçaqları yaratmağa ehtiyac duyur. Bu baxımdan həm hərbi sahədə, həm də təhlükəsizik sahəsində yeni-yeni əməkdaşlıq, tərəfdaşlıq, müttəfiqlik formaları ortaya çıxır. Azərbaycanla hərbi sahədə əməkdaşlıq hələlik istədiyi səviyyədə olmasa da, təhlükəsizlik sahəsində, çox təəssüf ki, nəticəyə nail olub. Mən Rusiyanın bütövlükdə Azərbaycana, o cümlədən xüsusi xidmət orqanlarına təsirinin güclü olduğunu düşünürəm və son zamanlarda bu təsirin daha da artdığını görürəm”.
Belə bir ərəfədə Azərbaycanın qonşuluğunda – Dağıstanda rəhbərliyinin əvəzlənməsi də təsadüf kimi qəbul olunmur. Hesab olunur ki, Kremlin bölgə ilə bağlı planlarında bu amil də yer alır. S.Əkbər də hesab edir ki, Rusiyadakı son kadr dəyişikliklərində iki başlıca məsələ var: “Birincisi, prezident seçkilərinə hazırlıqla bağlıdır. Putin özünə daha sadiq olan və daha nisbətən güclü, ictimai rəyə təsir imkanı olan adamları hakimiyyətə gətirməyə çalışır. İkincisi də, münaqişə bölgələrində daha etibarlı kadrlara istinad edir. Nəzərə alsaq ki, bizim qonşu regionlarda çox ciddi proseslər gedir, xüsusən də Kürdüstan məsələsi ilə bağlı Türkiyə-İran yaxınlaşması, Şimali Suriyada yeni kürd qurumlarının yaradılması, Şimali İraqda Kürdüstanın ”müstəqilliyi" ilə bağlı referendumun keçirilməsi, bununla əlaqədar Türkiyənin İran və mərkəzi Bağdad hökuməti ilə yaxınlaşması, eyni zamanda İran məsələsinin ABŞ və İsrailin gündəminə gəlməsi və bütövlükdə qonşu regionda baş verən proseslərlə bağlı Azərbaycanın strateji önəminin artması Rusiyanı Azərbaycana daha böyük diqqət ayırmağa məcbur edir. Çünki bir tərəfdən İran məsələsinin gündəmə gəlməsi, o biri tərəfdən vəkalət müharibəsinin yenidən qızışma ehtimalının artması, digər tərəfdən də həm Rusiya, həm də Azərbaycanda gələn il keçirilməsi planlaşdırılan seçkilər Dağıstana diqqəti daha da artırmağa səbəb olur. Dağıstan da Şimali Qafqazın tərkib hissəsi kimi narahat bölgələrdən biridir və Azərbaycana, İrana gedən əsas quru yoludur. Ona görə də hər zaman Rusiyanın diqqətində olub, görünür son zamanlarda bu diqqət dediyim səbəblərdən daha da artıb".
Bəzi ehtimallara görə, Rusiyanın Azərbaycanda fəallaşması Bakı ilə Avropa İttifaqı və digər Qərb institutları arasında əməkdaşlıq istiqamətində fəallığın müşahidə olunması ilə bağlı da ola bilər. S.Əkbər də bu ehtimalı istisna etmir: “Bəli, nəzərə alsaq ki, ABŞ və Qərblə Rusiyanın geopolitik savaşı həlledici mərhələyə daxil olur, bu, eyni zamanda postsovet məkanına aiddir. Moldova, Gürcüstan, Ukraynada baş verən proseslər aydındır və GUAM oxunun ucu da Azərbaycana dirənir. Yəni əgər biz Qara dənizdə, Ukrayna və Gürcüstanda gedən prosesləri izləsək, bunu görərik. O baxımdan Azərbaycan da GUAM ölkəsi olaraq bir tərəfdən ABŞ, Avropa Birliyi və NATO-nun diqqət mərkəzindədir, digər tərəfdən də Rusiya, İran və Çinin. Bura Çinin ”Bir qurşaq, bir yol" təşəbbüsünü də əlavə etsək, görərik ki, artıq regionda geopolitik oyuna Çin də qoşulub. Əgər dünənə qədər iki tərəf var idisə, bu gün artıq üçüncü bir tərəf də var. Bir tərəfdə ABŞ, Qərb, digər tərəfdə Rusiya və İran, o biri tərəfdə də Çin. Bu xətlər məhz Azərbaycanda, Cənubi Qafqazda və Xəzərdə kəsişir. Azərbaycan, Xəzər bu geopoltik mübarizə xətlərinin, oxlarının kəsişməsində yerləşdiyinə görə, bu mərhələdə Azərbaycana xüsusi diqqət olacaq. Onu da nəzərə alsaq ki, Azərbaycan hələ strateji seçimini etməyib, o baxımdan bütün tərəflərdən təzyiqlə üzləşəcək. Necə ki, biz artıq bunu görürük. Hələlik Çin tərəfdən xüsusi görünən təzyiq yoxdur. Amma həm Rusiya, həm də ABŞ və Qərb tərəfdən bu təzyiqlər görünür. Yaxın perspektivdə biz bu təzyiqlərin artan xətt üzrə gedəcəyini görəcəyik".
E.PAŞASOY
Tarix: 6-10-2017, 14:27