Azərbaycan Avropanı xilas edir: Brüssel üçün Bakının əhəmiyyəti

Azərbaycan Avropanı xilas edir: Brüssel üçün Bakının əhəmiyyəti Azərbaycan-Avropa İttifaqı münasibətləri inkişaf edir. Avropada AŞPA başda olmaqla bəzi strukturlar anti-Azərbaycan şəbəkəsi və erməni lobbisinin platformasına çevrilsə də, Bakı və Brüssel qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir.

Azərbaycan Avropa İttifaqı üçün strateji əhəmiyyətli ölkə olmaqla yanaşı, həm də Avropanın enerji təhlükəsizliyində xüsusi paya sahib oyunçudur. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir. Azərbaycandan təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi hazırda Avropanın enerji gündəliyində duran ən vacib məsələlərdəndir. Xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsi bu prosesdə əhəmiyyətli faktordur.

Azərbaycanın minimum təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Bu qaz üçün ən böyük bazar Avropadır. Və “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın əsas alternativ enerji mənbəyi hesab olunur.

“Cənub Qaz Dəhlizi”: Layihə 4 hissədən ibarətdir: “Şahdəniz - 2”, Cənubi Qafqaz boru kəməri, Trans Anadolu Təbii Qaz Kəməri (TANAP) və Trans Adriatik Boru kəməri (TAP).

Azərbaycanın ən böyük təbii qaz yatağı hesab olunan “Şahdəniz”in ehtiyatları 1,4 trilyon kubmetr hesab olunur. Yatağın ilkin fazası “Şahdəniz -1” 2006-cı ildə istifadəyə verilib və ildə 9 milyard kubmetr təbii qaz istehsal edir. “Şahdəniz - 2” isə yatağın əsası hissəsini təşkil edir və bu hissənin istismarı “Cənub qaz dəhlizi” vasitəsilə 2018-ci ildə reallaşacaq. İlkin istismar 16 milyard kubmetr nəzərdə tutulur. Bunun 6 milyard kubmetri Türkiyənin daxili istehsalına sərf olunacaq, yerdə qalanı isə Avropaya ötürüləcək.

Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) inşası 2006-cı ildə yekunlaşdırılıb. 691 kilometr uzunluğu olan kəmərin 443 kilometri Azərbaycan, 248 kilometri isə Gürcüstanın payına düşür. Səngəçal terminalından başlanğıcını götürən kəmər Türkiyə-Gürcüstan sərhədində tamamlanır. 2007-ci ildən etibarən “Şahdəniz” qazının birinci hissəsi kəmərə vurulur. Bu kəmər “Cənub qaz dəhlizi” layihəsinin ikinci hissəsidir.

Bakının iradəsi: “Nabucco” tarixə qovuşandan sonra Avropanın enerji təminində suallar ortaya çıxdı. Belə bir məqamda Azərbaycan qazının Avropaya çıxaran mövcud kəmərlərin istifadəsi gündəmə gəldi. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında Xəzər qazının birbaşa Avropaya çıxarılması haqda birgə bəyanat imzalandı və TANAP-TAP layihələri ortaya çıxdı. 2012-ci ildə Azərbaycan və Türkiyə hökumətləri bu layihə üzrə razılıq əldə etdi.

TANAP Türkiyənin 20 şəhərindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatacaq. Azərbaycan tərəfinin məlumatına görə, Dövlət Neft Şirkətinin, BOTAŞ və TPAO-nun ortaqlığı ilə yaradılan TANAP layihəsi 7 milyard dollar sərmayə ilə 6 ildə həyata keçiriləcək. İlk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq.

TAP “Cənub qaz dəhlizi” layihəsində yekun mərhələdir. Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Adriatik dənizinin dibi ilə qazı daşıyacaq kəmər Albaniya ərazisindən keçərək İtaliyaya qədər uzanacaq. 20 milyard kubmetr həcmində nəzərdə tutulan kəmərin yükgötürmə qabiliyyəti sonrakı illərdə artırıla bilər.

“Cənub qaz dəhlizi” layihəsinin arxasındakı siyasi iradə Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Bunu yerli və xarici analitiklər də dilə gətirir. 2011-ci ildə Brüssellə birgə bəyanata imza atan İlham Əliyev 2014-cü ilin 20 sentyabrında, Avropanın əsas neft arteriyası hesab olunan “Əsrin müqaviləsi”nin 20 illik yubileyində layihənin təməlini atdı.
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata vəsiqə alan layihə təkcə Azərbaycana yox, Avropanın ən azı 7 ölkəsinə iqtisadi və siyasi dividendlər gətirəcək.

Avropanın zəif nöqtəsi və yeganə alternativi: Rusiya-Ukrayna böhranından sonra Avropada bir məsələ aktuallığını getdikcə artırdı: enerji istehlakı bir mənbədən asılı olmamalıdır. Təbii ki, bu səbəbsiz deyildi. İlk növbədə Rusiya qaz istehsalından istədiyi vaxt siyasi təzyiq kimi istifadə edirdi. Misal üçün, 2006-2009-cu illərdə Ukrayna ilə qaz alqı-satqısında qiymətlərdə razılaşa bilməyən Rusiya Avropanın qazını kəsmişdi. Bu böhrandan ən çox əziyyət çəkən isə Cənub-Şərqi Avropa ölkələri idi. Enerji təchizatının şaxələndirilməsi deyiləndə Avropa üçün əsasən bu regionun qazla təminatı önə çıxır.

Bu region Avropanın ən zəif nöqtəsi hesab olunur. Çünki söhbət təkcə region ölkələrinin bir enerji mənbəsindən asılılığından getmir, eyni zamanda, istehsalçının tələb etdiyi istənilən qiymətə razılaşmaq məcburiyyəti də problem olaraq qalır. Misal üçün, Makedoniya, Bosniya və Hersoqoviniya, Serbiya, Yunanıstan, Bolqarıstan Rusiyadan mavi yanacağı 500 dollar civarında alırdı. Bu, onsuz da iqtisadi vəziyyəti yaxşı olmayan ölkələr üçün fantastik məbləğdir. Lakin bütün çətinliklərə baxmayaraq, region ölkələri eyni mənbədən asılılığı davam edir.

Məhz bu baxımdan, “Cənub Qaz Dəhlizi” Avropanın “zəif nöqtəsini” gücləndirmək, iqtisadi baxımdan yanaşsaq, bazarda rəqabət yaratmaq üçün önəmlidir. Azərbaycan qazının Avropa bazarına çıxışı avtomatik olaraq qiymətlərin daha münasib olmasına da təsir edəcək.

“Cənub Qaz Dəhlizi” layihəsinin əsas özəlliklərindən biri də kəmərlərin keçəcəyi ölkələrin bu və ya digər formada dividendlər əldə etməsidir. Misal üçün, Makedoniya və Serbiya kimi ölkələr kəmərin təhlükəsizliyini təmin etməklə gəlir əldə edəcəksə, Yunanıstan milyardlarla dollar və milyonlarla yeni iş yeri qazanacaq. Eyni vəziyyət Bolqarıstana və digər ölkələrə də aiddir. Həmçinin, layihənin reallaşmasında iştirak edən 11 şirkətin mənsub olduğu ölkələr də əlavə gəlir əldə edəcəklər.

Göründüyü kimi, bu gün Azərbaycan Avropa üçün həyati əhəmiyyətə malil ölkədir.

Asif
Tarix: 6-10-2017, 17:16
Xəbəri paylaş





Xəbər lenti