Kremlin açıq mesajı: Qarabağın həlli Avrasiya İttifaqına üzvlükdən keçirmiş...

Kremlin açıq mesajı: Qarabağın həlli Avrasiya İttifaqına üzvlükdən keçirmiş... Rusiya prezidentinin avrasiya inteqrasiya məsələləri üzrə müşaviri Sergey Qlazev ötən gün İrəvanda Ermənistan-Rusiya regionlararası forumu zamanı jurnalistlərlə söhbətində Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü haqda danışıb. Virtualaz.org xəbər verir ki, Sergey Qlazev bu məsələnin “Ermənistandan asılı olduğunu” deyib, çünki Ermənistan Avrasiya İttifaqının üzvüdür və istəsə Azərbaycanın üzvlüyünə veto qoya bilər.

Bəs Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü məsələsinə Putinin müşaviri nə səbəbdən toxunub? Axı rəsmi Bakı bu ittifaqa üzvlük məsələsinə əvvəldən soyuq yanaşıb və heç kim xatırlamır ki, Azərbaycan üzvlük planları barədə danışsın və nəticədə Ermənistandan icazə istəmək haqda fikirləşsin? Rusiyada isə Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını əlbətdə, arzu edirlər və vaxtaşırı olaraq Bakını bu birliyə cəlb etmək təşəbbüsləri haqda eşitmək olar.

Kremlin açıq mesajı: Qarabağın həlli Avrasiya İttifaqına üzvlükdən keçirmiş...

İndi isə məsələ burasındadır ki, Putinin müşaviri Azərbaycanın üzvlüyü məsələsinə jurnalistin sualı əsasında toxunub. “Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə Sergey Qlazev deyib ki, postsovet ölkələrinin hamısını bu ittifaqda görmək istəyirlər.

“Avrasiya iqtisadi ittifaqının genişlənməsi təbii prosesdir, ona görə də bu proses hələ postsovet məkanında gedir. Hansı ki, orada bizim dövlətlərimiz əsrlərlə birgə yaşayıb, bir-birlərini yaxşı tanıyır, ünsiyyət qura bilir, ümumi ünsiyyət dilinə-rus dilinə malikdir. Biz Rusiya imperiyasını, Sovet imperiyasını birgə qurmuşuq və yaxın yüz il üçün də gələcəyimizi birgə qura bilərik. Mən sizə deyirəm ki, bu gün prezident Vladimir Putin tərəfindən irəli sürülən nəhəng Avrasiya İttifaqı layihəsi bizim dost ölkələri suverenliklərini saxlamaq, bir-birlərinin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət əsasında birləşdirməyə imkan verir”-Sergey Qlazev deyib.

Putinin müşaviri Avrasiya İttifaqına inteqrasiyanın könüllü proses olduğunu vurğulayıb. Lakin əlavə edib ki, Qafqazda sülh məhz region ölkələrinin bu ittifaqa üzvlüyündən asılıdır. “Əgər biz Qafqazda sülhə nail olmaq, siyasi problemləri həll etmək istəyiriksə o zaman bütün Qafqaz olaraq Avrasiya İttifaqına inteqrasiya etməliyik”-Qlazev açıq deyib.

Qeyd etmək lazımdır ki, Qafqazdakı problemlərin həlli yolunun məhz Avrasiya İttifaqına üzvlükdən keçdiyi barədə Kreml ilk dəfədir bu cür açıq danışır. Və dərhal belə sual yaranır ki, doğrudanmı Qarabağ münaqişəsinin həlli də Azərbaycanın “Putin ittifaqına” üzvlüyündən asılı imiş?

Sergey Qlazev bu suala müsbət cavab verib. “Əgər Azərbaycan Avrasiya İttifaqına üzv olsa Qarabağ münaqişəsinin həlli mümkün olarmı?” sualına cavab olaraq deyib: “Mən əminəm ki, biz vahid iqtisadi məkan formalaşdırsaq, müəssusələrimiz, insanlarımız arasında uzunmüddətli münasibətlər formalaşsa, bizim işgüzar dairələrimiz birgə biznes qursa o zaman qarşılıqlı etimad da möhkəmlənəcək, iqtisadiyyat siyasəti qabaqlayacaq. Əgər iqtisadiyyat siyasətdən qabağa keçəcəksə deməli həlli mümkün görünməyən syasi problemlərin də həll edilməsi üçün əlavə imkanlar açılacaq”.

Belə olanda Putinin müşavirindən soruşublar: bir-biri ilə müharibə vəziyyətində olan Ermənistanla Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü mümkündürmü?

Kremlin açıq mesajı: Qarabağın həlli Avrasiya İttifaqına üzvlükdən keçirmiş...

Sergey Qlazev isə deyib ki, əlbətdə, mümkündür, amma Azərbaycanın üzvlüyü Ermənistandan asılıdır. Yəni Ermənistan artıq ittifaqa qoşulmuş ölkə kimi Azərbaycanın üzvlüyünə veto qoya bilər.

Sergey Qlazevin şərhini onun şəxsi fikirləri kimi dəyərləndirmək mümkün deyil. Çünki o, Kremldə məhz kurasiya etdiyi sahə üzrə danışıb və deməli Rusiya rəhbərliyinin formalaşmış mövqeyindən, Avrasiya inteqrasiya konsepsiyasından çıxış edib. Beləliklə, biz Putinin müşavirinin İrəvanda danışdıqlarından qısaca hansı qənaətə gələ bilərik?

Birincisi, Kreml Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın Avrasiya İttifaqına üzvlüyündən keçdiyi qənaətindədir.

İkincisi, Azərbaycan hətta münaqişənin həlli naminə “Putin ittifaqına” qoşulmağa razı olsa belə bunun üçün Ermənistanın şərtlərini dinləməli olardı.

Üçüncüsü, Azərbaycanın hətta Ermənistanın vetosunu dəf edib Avrasiya İttifaqına üzvlüyü baş tutsa belə bu, Qarabağ məsələsinin dərhal həlli demək olmayacaq.

Sergey Qlazevin təqdim etdiyi konsepsiyaya əsasən Qarabağ məsələsinin həllinə nail olmaq üçün Azərbaycan Ermənistanın da iştirakı ilə ittifaq daxilində iqtisadi inteqrasiya proseslərində iştirak etməli, birgə biznes, iqtisadi-ticarət əlaqələri yaratmalıdır ki, qarşılıqlı inam formalaşsın. Yalnız bundan sonra biz Qarabağ məsələsinin həllinə ümid edə bilərik.

Qeyd olunduğu kimi, Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ilə Qarabağ məsələsi arasında əlaqə bundan əvvəl Rusiyanın müəyyən ekspert-siyasi dairələrində dəfələrlə gündəmə gəlib. Təxminən bu kontekstdə ki, əgər Azərbaycan Avrasiya İttifaqına qoşulmağa qərar versə bu, Qarabağ məsələsinin həll edilməsi ilə nəticələnərdi. Yəni Rusiya münaqişənin həlli üçün öz rıçaqlarından daha güclü şəkildə istifadə edib problemin həllinə nail olardı. Əks halda bir-biri ilə müharibə vəziyyətində olan iki dövlətin iqtisadi inteqrasiya proseslərində birgə iştirakı necə mümkün ola bilər?

Ancaq məsələnin Sergey Qlazevin təqdim etdiyi formada qoyuluşuna ilk dəfədir şahid oluruq. Hansı ki, Azərbaycanı məsələnin bu cür qoyuluşu qətiyyən qane edə bilməzdi. Nəzəri olaraq Azərbaycan Avrasiya İttifaqına qoşulmağı bəlkə də müzakirə edə bilərdi, amma bu üzvlüyün əvəzində Bakıya onun bir nömrəli probleminin həlli barədə konkret nə vəd edə bilərlər? Əvvəlcə bax bu suala cavab eşitmək maraqlı olardı...

Fərhad Məmmədov
Tarix: 7-10-2017, 23:23
Xəbəri paylaş





Xəbər lenti