Fərhad Əliyev Kəmaləddin Heydərova qarşı “X” gününə hazırlaşır - “fövqəlnazir”ə bumeranq effekti...

Fərhad Əliyev Kəmaləddin Heydərova qarşı “X” gününə hazırlaşır - “fövqəlnazir”ə bumeranq effekti... Azərbaycanın iqtisadi hakimiyyətinin ən yüksək eşelonundakı merkantil çəkişmələr heç zaman ara verməyib.
Siyasi böhrana keçid mərhələsi hesab olunan iqtisadi qarşıdurmalar hakimiyyətlərin çöküş modelinin ən bariz nümunələrindən biri kimi qiymətləndirilir.
Lakin Azərbaycanda vahid komanda şəklində çıxış etmək səriştəsi və qətiyyətini özündə tapmağı bacaran Əliyevlər iqtidarı siyasi böhranı zaman-zaman beşikdə boğublar.


Anaxeber.Az yazır ki, onlardan biri 2005-ci ilə təsadüf edirdi. O dövrün iqtisadi inkişaf naziri Fərhad Əliyev komandanın ən iri fiqurlarına, monopoliya akulalarına müharibə açmışdı. Bu savaş onu islahatçı nazir obrazında tribunaya çıxarmışdı.
F.Əliyev inflyasiyanı 5 faizə endirmişdi, inhisarçı şəbəkələri darmadağın edirdi, bazarda qiymətləri tənzimləyib ucuzlaşdırırdı, monopolistlərin topdağıtmaz imperiyalarını diz çökdürürdü.
Təxminən, iqtidara gəlişindən sonra oliqarxiyaya səngər açmış, korrupsiya pullarından varlanmış məmurların əmlaklarını dövlət balansına keçirməyə nail olmuş yerli Saakaşvili meydana çıxmışdı.
F.Əliyev korrupsiyaya bulaşmış nazir olsa da, aşağıların qəlbinə yol tapmağı bacaran reformist nazir idi.
Lakin bu iqtisadi toqquşmaların siyasi böhrana, islahatçı nazirin siyasi ambisiyalarının güclənməsinə gətirib çıxarması ona qarşı bir cəbbəxana açdı. Orada kimlər yoxuydu?!
Bu gün onlardan biri, əzəli rəqibi, məhz yuxarı eşelonda siyasi deyil, biznes müharibələrinin aktiv iştirakçısı fövqəladə hallar naziri Kəmaləddin Heydərov dayanır.
O dönəmdə parlamentə narıncı rəngli qalstukda gələn F.Əliyev Qərbin sona qədər Saakaşvili projesi ola bilmədi və hər şey məlum sonluqla bitdi.
Bir tərəfdən məmur-oliqarxiyası, Rusiya ilə kifayət qədər sıx əlaqələrə malik olan Ramiz Mehdiyev-Kəmaləddin Heydərov və başqaları F.Əliyevin halqasını daraltdılar, Kreml ABŞ-ın Gürcüstandan sonra Cənubi Qafqazın daha bir ölkəsində Qərbpərəstin iqtidara gətirməsini qabaqladı, başqa yandan isə geosiyasi planda sabiq nazir ABŞ üçün nəbz yoxlamasına hesablanmış kadr idi. Əgər konkret proyekt olsaydı, Moskva da qarşısını ala bilməzdi. Odur ki, nazir Əliyevi yem elədilər...
F.Əliyev həbs olunanda Ostap Bender demişkən “Qərbi bizi xilas edəcək” blefi “sabun köpüyü”nə çevrildi. Bu qələbə K.Heydərovun öz monopolist siyasətini gücləndirməkdə və karyerasında tramplin olmaqda, siyasi rəhbərliyin etimadını qazanmaqda ciddi mərhələydi. Çünki İlham Əliyevə “reformist naziri” iqtidara xəyanət etmiş biri kimi təqdim etməyə nail olmuşdular.

Əvəzində onların inhisarçı bazarlarını minalamış F.Əliyevin qandallanması ilə nazirlər təzədən dirçəlməyə başladılar. Məhbus nazirin həmkarları ilə müharibəsində ən qüdrətli rəqibi isə K.Heydərov idi.

Anaxeber.Az yazır ki, F.Əliyev həbsdə olduğu dövrdə də FHN şefi rahat nəfəs ala bilməyib.
Fövqəlnazir illərlə nəqliyyat naziri Ziya Məmmədovla amansız mübarizə aparmaq üçün rinqə çıxarıldı.
Ona bircə gün də vaxt vermədilər və F.Əliyevin həbsindən sonra yenicə toparlanmağa başlamış Heydərova qarşı çox güclü Məmmədov arsenalda göründü.
İndi Məmmədovlar klanı yoxdur, fövqəlnazir bu döyüşdən də qalib çıxıb. Amma onun bu dəfəki qalibiyyəti “Pirr qələbəsi”nə bənzəyir. K.Heydərov o qədər itkilər verib ki, zəfərdən sonra enerji qalmayıb.
Və belə bir situasiyada FHN şefinin başının bəlası F.Əliyev təzədən qayıdır. O, K.Heydərovu “yaralanmış aslan” kimi, zəifləməkdə və gücünü itirməkdə olduğu dövrdə haqlayıb.
Yəni, köhnədən qalan haqq-hesabın çürüdülməsi üçün keçmiş nazirin əlinə əlverişli imkan düşüb. Üstəlik, bu dəfə sabiq nazirin xahişini Türkiyə prezidenti R.T.Ərdoğan edib və siyasi zəmanət verib.
Belə desək, F.Əliyev hakimiyyətə islahatların reallaşmasına töhfə vermək üçün gəlib. Bundan əlavə, keçmiş nazir İ.Əliyevi inandırıb ki, 2005-ci ildə ona tələ quran məhz komandadakı düşmənləri olub, yanlış təqdimat veriblər, heç də siyasi çevriliş etmək niyyəti olmayıb, əksinə şəffaf iqtisadiyyat üçün çırmanıbmış.
Bəzi məlumatlara görə, İ.Əliyev onu bağışlayıb və heç bir kini də qalmayıb. Elə bunun göstəricidir ki, sabiq nazirə “yaşıl işıq” yandırılar-yandırılmaz ilk həmlə K.Heydərova oldu.

İqtidara yaxınlığı ilə seçilən sayt yazıb ki, FHN şefinin ailə biznesi olduğu qeyd edilən “Gilan Holdinq” F.Əliyevin nəzarətinə keçir.
Belə məlum olur ki, bu iki fiqurun intriqasında keçmiş nazirə “stavka” edilməyə başlanıb və Heydərovu ona uduzdururlar.
Ümumiyyətlə, F.Əliyevin 2002-2005-ci illərdə əsas fəaliyyəti inhisarçılara qarşı yönəlmişdi.
Ancaq F.Əliyev inhisarçılar üzərində qələb qazana bilmədi, əvəzində ikincilər onun həbsxanaya yollanmasına nail oldular.
Özü də ölkənin baş monopolistinin xeyir-duası ilə.
Bu qladiator müharibəsi həm də əhəmiyyətlidir ki, hər ikisi zaman-zaman Baş nazir olmaq eşqinə düşüblər. F.Əliyev isə vəzifəyə təyin olunmaya bilər.
Amma 2018-ci il seçkiləri ərəfəsində yeni islahatçı qruplaşmanın gücləndiyi vaxtda meydana çıxaraq aktivləşməsi ona saray daxilində çox güclü himayə olduğunu deməyə əsas verir.
İndisə F.Əliyev “X” gününə hazırlaşmaqdadır. Yeri gəlmişkən, qalmaqallı Vikiliks sənədləri açılanda amerikalı diplomat Donald Lunun K.Heydərov haqda iri həcmli qeydlərində bir cümlə qırmızı xətlə keçirdi:
“Tarixə baxanda görərik ki, Heydərovla savaşanların axırı yaxşı qurtarmayıb: keçmiş iqtisadi inkişaf nazirləri Fərhad Əliyev və Heydər Babayev məhz Heydərovun qəzəbinə tuş gəldikləri üçün işdən çıxarılıblar.
Hər ikisi islahatçı kimi tanınıblar, onların təklif etdikləri islahatlar isə Heydərovun Dövlət Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyindəki maraqlarının əleyhinə olub...”
AnaXeber.Az
Turan
Tarix: 10-10-2017, 08:31
Xəbəri paylaş





Xəbər lenti