Sergey Qlazev Moskvanın mövqeyini ortaya qoydu; Şahin Cəfərli: “İtirilmiş torpaqları müstəqillikdən imtina bahasına geri qaytarmaq nə Azərbaycan dövlətinə lazımdır, nə də Azərbaycan xalqına”
Rusiya prezidentinin Avrasiya inteqrasiya məsələləri üzrə müşaviri Sergey Qlazev İrəvanda Ermənistan-Rusiya regionlararası forumu zamanı jurnalistlərlə söhbətində Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü haqda danışıb. Virtualaz.org xəbər verir ki, Sergey Qlazev bu məsələnin “Ermənistandan asılı olduğunu” deyib. Fikrini isə belə izah edib ki, Ermənistan Avrasiya İttifaqının üzvüdür və istəsə Azərbaycanın üzvlüyünə veto qoya bilər.
S.Qlazev deyib ki, postsovet ölkələrinin hamısını bu ittifaqda görmək istəyirlər: “Avrasiya İqtisadi İttifaqının genişlənməsi təbii prosesdir, ona görə də bu proses hələ postsovet məkanında gedir. Hansı ki, orada bizim dövlətlərimiz əsrlərlə birgə yaşayıb, bir-birlərini yaxşı tanıyır, ünsiyyət qura bilir, ümumi ünsiyyət dilinə-rus dilinə malikdir. Biz Rusiya imperiyasını, Sovet imperiyasını birgə qurmuşuq və yaxın yüz il üçün də gələcəyimizi birgə qura bilərik. Mən sizə deyirəm ki, bu gün prezident Vladimir Putin tərəfindən irəli sürülən nəhəng Avrasiya İttifaqı layihəsi bizim dost ölkələrə suverenliklərini saxlamaq, bir-birlərinin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət əsasında birləşdirməyə imkan verir.
Avrasiya İttifaqına inteqrasiya könüllü prosesdir. Qafqazda sülh məhz region ölkələrinin bu ittifaqa üzvlüyündən asılıdır. Əgər biz Qafqazda sülhə nail olmaq, siyasi problemləri həll etmək istəyiriksə o zaman bütün Qafqaz olaraq Avrasiya İttifaqına inteqrasiya etməliyik".
“Əgər Azərbaycan Avrasiya İttifaqına üzv olsa Qarabağ münaqişəsinin həlli mümkün olarmı?” sualına cavab olaraq Putinin müşaviri deyib: “Əminəm ki, biz vahid iqtisadi məkan formalaşdırsaq, müəssisələrimiz, insanlarımız arasında uzunmüddətli münasibətlər formalaşsa, bizim işgüzar dairələrimiz birgə biznes qursa o zaman qarşılıqlı etimad da möhkəmlənəcək, iqtisadiyyat siyasəti qabaqlayacaq. Əgər iqtisadiyyat siyasətdən qabağa keçəcəksə, deməli, həlli mümkün görünməyən siyasi problemlərin də həll edilməsi üçün əlavə imkanlar açılacaq.
Qeyd edək ki, rəsmi Bakı bu ittifaqa üzvlük məsələsinə əvvəldən soyuq yanaşıb və heç kim xatırlamır ki, Azərbaycan üzvlük planları barədə danışsın. Rusiyada isə Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını arzu edirlər və vaxtaşırı olaraq Bakını bu birliyə cəlb etmək təşəbbüslərinin olduğu müşahidə edilir.
Ekspertlər hesab edir ki, S.Qlazevin şərhini onun şəxsi fikirləri kimi dəyərləndirmək mümkün deyil. Çünki o, Kremldə məhz kurasiya etdiyi sahə üzrə danışıb və deməli Rusiya rəhbərliyinin formalaşmış mövqeyindən, Avrasiya inteqrasiya konsepsiyasından çıxış edib. Birincisi, Kreml Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın Avrasiya İttifaqına üzvlüyündən keçdiyi qənaətindədir.
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a şərhində bildirdi ki, Sergey Qlazevin açıqlamalarını Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə və bütövlükdə bölgəmizə baxışını anlamaq baxımından faydalı sayır. Çünki Qlazev diplomatik üslubdan istifadə etməyib və açıq, səmimi danışıb: “Əslində bu mövqeni xüsusi yenilik kimi təqdim etməyə də ehtiyac yoxdur, çünki Moskvanın mövqeyinin aşağı-yuxarı bundan ibarət olduğunu təxmin etmək çətin deyildi və bu barədə dəfələrlə şərhlərimizdə qeyd etmişik. Aydındır ki, Rusiya postsovet məkanında həyata keçirdiyi siyasi-iqtisadi-hərbi inteqrasiya layihələrində Azərbaycanın da iştirakını arzulayır. O da bəllidir ki, Bakı bu yöndə qərar verməsə və Rusiya lehinə strateji seçim etməsə, Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi dəyişməyəcək. Xarici işlər naziri Sergey Lavrov ötən il aprel döyüşlərindən sonra buna işarə vurmuşdu. Moskva həll variantını məhz Qlazevin ifadə etdiyi kimi təsəvvür edir. Yəni, təxminən SSRİ dövründə olduğu kimi. Bu baxışa əsasən, Azərbaycan Ermənistanla vahid iqtisadi məkanda, eyni hərbi blokda təmsil olunmağa razılıq versə, münaqişə öz mahiyyətini itirər və tərəflərin ortaq məxrəc tapması asanlaşar. Belə bir iqtisadi məkan Avrasiya İqtisadi İttifaqı, hərbi blok isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Vahid iqtisadi məkan nə deməkdir? Sərhədlərin, kommunikasiyaların açılması, mal və xidmətlərin maneəsiz hərəkəti, iqtisadi əlaqələrin qurulması, vətəndaşların digər ölkəyə sərbəst gedib-gəlməsi, qarşılıqlı etimadın yaranması və s... Yəni düşmən ölkələr yaxın tərəfdaşa çevrilir. Buna əlavə olaraq, eyni hərbi blokda təmsil olunmaq isə artıq müttəfiqlik deməkdir. Əgər bütün bunlar gerçəkləşməyə başlayarsa, onda münaqişəyə ehtiyac qalmır, yeganə problem Dağlıq Qarabağın hansı tərəfin inzibati sərhədləri daxilində qalacağı məsələsidir. Düşünürəm ki, Bakının bu addımlarının müqabilində Moskvada ”Dağlıq Qarabağ Respublikası"nın Azərbaycanın tərkibində qalması yönündə mövqe dəyişikliyi baş verə və onlar erməni tərəfini buna razı sala bilər. Sergey Qlazev də məhz bu ssenarini nəzərdə tutur".
Politoloq vurğuladı ki, bu ssenari Azərbaycanın müstəqilliyinin ciddi şəkildə məhdudlaşması, hətta itirilməsi deməkdir. Azərbaycan rəhbərliyi indiyədək bu addıma getməyibsə, səbəb həmin yolun müstəqilliyin itirilməsi perspektivi vəd etməsidir: “Digər tərəfdən, Avrasiya İttifaqına, KTMT-yə qoşulmaq Ermənistanın razılığını tələb edir. Yəni, biz bu yöndə qərar versək, Ermənistandan xahiş etməliyik ki, müraciətimizi qəbul etsin. Bunun ən azı psixoloji baxımdan nə dərəcədə çətin və ağır olduğunu yəqin ki, hər kəs dərk edir, hələ digər məsələləri qoyaq bir kənara...
Rusiyanın inteqrasiya layihələrində, yeni SSRİ-nin qurulmasında iştirak etmək sərfəli və əlverişli yol olsaydı, Azərbaycan hakimiyyəti yəqin ki, indiyədək bu istiqamətdə qərarını verər və seçimini edərdi. Etməyibsə, deməli, sərfəli deyil, bu qədər bəsit. İtirilmiş torpaqları müstəqillikdən imtina bahasına geri qaytarmaq nə Azərbaycan dövlətinə lazımdır, nə də Azərbaycan xalqına".
Etibar SEYİDAĞA
Tarix: 10-10-2017, 08:52