Bir neçə gündür ki, həm mediada, həm cəmiyyətdə, həm də sosial şəbəkələrdə dərsliklərdə və dərs vəsaitlərində olan biabırçı səhvlər müzakirə olunur. Müzakirələr "Azərbaycan tarixi” kitabında Azərbaycanın "Böyük Ermənistan”ın tərkib hissəsi kimi göstərilməsi ilə başlayıb, məktəblərdə istifadə olunan dərs ləvazimatının üzərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin fars epik ədəbiyyatının nümayəndəsi kimi təqdim olunması ilə davam edir.BakuPost.az xəbər verir ki, müzakirələrə ziyalılar da qoşulub. Onlar bir-birinə təzadlı fikirlər səsləndirirlər.
"Qardaşım, tarixdir, ədəbiyyatdır, elmdir, bunlara hədsiz ideoloji çalarlar qatmayın, daha çox əqli-səlim insanlar yetişdirmək barədə düşünün. İndicə mən də heyrətlə oxudum, görüm Nizamini kim fars şairi elan edib, bəlkə, doğrudan da, qərəz var? Oxuyandan sonra qətiyyən həmin mənanı çıxarmadım ki, burada Nizaminin farslığına işarə edilib. Mətni diqqətlə oxuyun: "Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır””.
Bu sitat deputat Fazil Mustafanın Nizami Gəncəvi ilə bağlı müzakirələr zamanı səsləndirdiyi fikirlərdəndir. Millət vəkili burada Nizaminin fars olmasına işarə edilmədiyini bildirərək fikirlərinə davam edib: "Nizami kimdir? Əlbəttə, Gəncədə doğulmuş, Azərbaycan Atabəylərinin himayəsində olan bir türkdür. Türk epik edəbiyyatına aid hansısa əsəri tapılıbmı? Xeyr! Fars epik ədəbiyyatının ən böyük romantik şairi yaxud da farsdilli epik poeziyaya danışıq dili və realistik stil gətirmiş deyəndə Nizaminin fars olduğu mənası çıxmır axı. Həqiqətən də, fars dilində ən mükəmməl əsərlər yaratdığına görə dünya poeziyasında tanınır. Gülməlidir, adamları tutub cəzalandırıblar ki, niyə fars dilində şedevr yaratmış şairə fars epik ədəbiyyatının ən böyük romantik şairi adını vermisiniz? Adam türk epik ədəbiyyatının ən böyük romantik şairi bənzətməsini yazmalıydı? Fizuli barədə belə bir ifadə yazılsaydı, bunu anormallıq kimi qəbul etmək mütləq lazım idi, çünki Fizuli ərəbcə, farsca yazdığı qədər, türkcə ən mükəmməl əsərlər yaramış bir dühadır. Nizami, bəlkə də, türkcə əsərlər yazmış, ancaq bizə məlum olmadığına görə belə bir iddia irəli sürməmiz ciddi səslənməz. O çağlarda Nizami kimi onlarla türk şairi əsərlərini dövrün ədəbi dili sayılan farsca yazdıqlarına görə onlar fars ədəbiyyatının zənginləşməsinə fayda vermişlər. Buradan, açığı, bəsit bir kampaniyaçılıq qoxusu gəlir.
İndi biz də cəmiyyət olaraq böyük itkilərdən, sarsıntılardan, badalaqlardan küsmürük, kiçik detalları özümüzə bir qürur məsələsinə çeviririk. Daha ciddi və taleyüklü məsələlərə diqqət yönəltməmiz daha doğru olmazmı? Yəni kimliyini tanımadığım bu adamlar dəftərdəmi, kağızadamı bilmirəm, Nizaminin fars olduğunu yazmayıblar, onun yaradıcılığı ilə bağllı də Vikipediyada yerləşdirilən həqiqəti yazıblar, o zaman nədən küsmüsünüz, bəlkə, bizə də anladasınız?"
Tarixçi alim Dilavər Əzimli də müzakirələrə qoşularaq deputat Fazil Mustafaya qarşı çıxıb. Dilavər Əzimli bildirib ki, dərsliklərlə bağlı bu cür halların baş ermə faktı ilk deyil: "Bu günlərdə nəşr olunan bir dəftərdə də Nizami Gəncəvini fars şairi kimi təqdim etdilər. Fars dilli şair ayrıdır, fars şairi tamam başqa anlayışdır.
Professorun sözlərinə görə, bu gün Nizamini də fars kimi qələmə verənlər fars rejiminə işləyir və belə hallar texniki qüsur sayıla bilməz:
"Tekniki qüsursa, qoy onda Sədi Şirazini, Hafiz Şirazini Azərbaycan türkü kimi təqdim etsinlər. Yaxud, texniki qüsursa Ermənisatan ərazilərini də Böyük Azərbaycan kimi təqdim etsinlər. Yaxud dərsliklərdə Kəngər körfəzinə çıxışı olan Böyük Azərbaycan xəritəsini versinlər. İran nota verəndə desinlər ki, texniki qüsurdur. Maraqlı cəhətlərdən biri də bu məsələyə münasibət bildirən ekspertlərin fikirlərdir. Məsələn, APA televiziyası vasitəsilə çıxış edən millət vəkili hesab edir ki, biz tarixdən imtina etməli və hüquqa önəm verməliyik. Yəni, Azərbaycan 86, 6 min kv. km bir coğafiya ilə BMT-yə daxil olub. Onun da 20 faizi işğal edilib. Biz hüquqa söykənməklə bunu tələb etməliyik. Onun sözündən aydın oldu ki, hətta XIX əsr tarixindən də misallar gətirmək mənasızdır. Yəni, Azərbaycan ərazilərinə ermənilərin köçürülməsi faktını qaldırmaq belə əsassızdır. Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq bu münasibəti qətiyyən rədd edirik. Tarixi bilmədən hüquq uğrunda savaş açmaq uduzmaq deməkdir. Tarix həm də nəticədir”.
Professor hesab edir ki, əslində, millət vəkilinin bu çıxışı tarixi bilməzlikdən irəli gəlir: "Qaldı ki, hüquq sahəsində mübarizəyə, buna önəm verən hansı dövlət olacaq? Elə həmin dövlətlərin təmsil olunduğu BMT Azərbaycanın işğal oıunmuş əraziləri ilə bağlı dörd qətnamə qəbul edib. Nə əcəb buna əməl etmirlər?! Həmin BMT Fələstinlə bağlı yüzlərlə qətnamə qəbul edibdir. Hamısı da kağız üzərində qalıb. İsrail həmin əraziləri işğal edə-edə gəlir. Təsəvvür edin ki, biz indiki Ermənistan ərazilərindən bir metr torpaq işğal etsəydik indi görərdiniz ki, ABŞ və Avropa dövlətləri bizim başımıza nə oyun açır. Biz BAO olaraq hesab edirik ki, İrəvana da, Təbrizə də, Dərbəndə də tarixi ərazimiz kimi iddialıyıq və tarix bizim üçün həmişə bir yaddaşdır. Biz əminik ki, dünyada gedən proseslər bizim niyyətimizi gerçəkləşdirəcək. Biz Böyük Azərbaycan uğrunda döyüşürük! Azərbaycan gəncliyini bu böyüklük şüuru əsasında formalaşdırırıq. Əminik ki, buna da nail olacağıq. Biz Türk dünyasının mərkəzində yerləşirik və Türk olaraq bu dünyanı birləşdirib Turanı ortaya qoyacağıq. Hesab edirik ki, bu cür addımlara qarşı biz artıq özümüzün Türk kimliyinə qayıtmalıyıq. Ana Yasada kimlik qarşısında Türk ifadəsinin yazılmasının vaxtı çatmışdır! Biz BAO olaraq bütün milli qüvvələri Böyük Azərbaycan ideyası uğrunda Birliyə çağırırıq!”
Tarix: 10-10-2017, 17:07