Putin ərəbləri də “qarmağa salır”: “Şiə dəhlizi”ndən ÇIXIŞ CƏHDİ- TƏHLİL

Putin ərəbləri də “qarmağa salır”: “Şiə dəhlizi”ndən ÇIXIŞ CƏHDİ- TƏHLİL Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səudun Rusiyaya səfərindən sonra Kremli Yaxın Şərq siyasəti ilə bağlı yeni strategiyasını irəli sürməyə başlayıb. Moskva Şərqi Aralıq dənizi regionunda və Yaxın Şərqdə geosiyasi mövqelərini möhkəmlətmək üçün bu bölgədəki müttəfiqlərinin sayını artırmağa üstünlük verir. Bu baxımdan, regionda siyasi və iqtisadi çəkisinə görə ən böyük güc mərkəzlərindən biri sayılan Səudiyyə Ərəbistanı ilə müşahidə olunan yaxınlaşma Rusiyanın dayaqlarının gücləndirilməsinə xidmət edir. Son bir ildə

Rusiya İran və Türkiyə birlikdə Suriya münaqişəsinin həlli prosesi çərçivəsində üçlük ittifaqı formalaşdıra bilib.

Ancaq ekspertlərin fikrincə, Qərbin sanksiyaları qarşısında iqtisadiyyatı getdikcə zəifləyən və bütün qələbələrə rəğmən Suriyadakı müharibənin bataqlığında ilişib qalan Rusiyanın vəziyyətdən çıxmaq üçün əlavə köməyə ehtiyacı var. Putin hakimiyyəti Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliklərinin timsalında Yaxın Şərqdə yeni müttəfiqlər tapa bilər. Çünki adıçəkilən ölkələr Suriya böhrana böyük təsir imkanına malik olmaqla yanaşı, Rusiya üçün mühüm iqtisadi tərəfdaş ola bilər. Hazırda Səudiyyə Ərəbistanı ilə siyasi əlaqələrin bərpa edilməsi də yeni tərəfdaşlıq formatının qurulması istiqamətində ilk addım hesab edilir. Təbii ki, münasibətlərin yeni müstəviyə daxil olmasında Səudiyyə Ərəbistanı da maraqlıdır. Hazırda tərəfləri ortaq məxrəcə gətirən geosiyasi və geoiqtisadi maraqlar var. Aparılan danışıqların nəticəsinə dair açıqlanan məlumatlar artıq Moskva və Ər-Riyadın bir çox məsələlərdə razılığa gəldiyindən xəbər verir.

Rusiyanın və Səudiyyə Ərəbistanının istehsal etdiyi neft dünya bazarına çıxarılan "qara qızıl"ın 25 faizini təşkil edir. Neftin bahalaşacağına ümid edən rəsmi Moskva isə öz məqsədinə çatmaq üçün dünyanın neft nəhəngləri ilə siyasi və iqtisadi anlaşmalara nail olmağa çalışır. Səudiyyə kralından dərhal sonra Venesuela prezidenti Nikolas Maduronun Moskvaya səfər etməsi neftin qiymətinin artması istiqamətində birgə müzakirələrin hələ davam etdiyni göstərir. 2016-cı il noyabrın 30-da OPEK-in bu təşkilata üzv olmayan istehsalçı dövlətlərin hasilatı 1,8 milyon barrel azaltmaq barədə qərarı ciddi nəticə verməsə də böhrandan çıxış vasitəsi hələ də neftin bahalaşmasında axtarılır. Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi və yaxın vaxtlarda hakimiyyətə gəlməsi gözlənilən Məhəmməd bin Salman ölkə iqtisadiyyatını neft gəlirlərinin asılılığından azad etmək və qeyri-neft sektorunu inkişaf etdirməyi nəzərdə tutan "2030-a Baxış" konsepsiyasını irəli sürüb. Rusiya ilə aparılan müzakirələrə baxmayaraq, Ər-Riyad yeni proqramından imtina etmək niyyətində deyil. Amma iqtisadi sahədə Rusiya ilə həmrəylik nümayiş etdimək Səudiyyə Ərəbistanı üçün də yeni bazarlar aça bilər. Məsələ burasındadır ki, Rusiyada 20 milyon nəfərə yaxın müsəlman yaşayır. Onların əksəriyyəti sünni təriqətinə mənsubdur. Şimalli Qafqazda və Mərkəzi Asiyadan gəlmiş müsəlmanlar arasında isə sələfilik, "Müsəlman qardaşları" cərəyanlarının tərəfdarları geniş yayılıb. Bu mənada, Rusiyadakı müsəlmanlar bir qayda olaraq, Türkiyə, Əlcəzair, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Qətər kimi sünni ərəb dövlətləri ilə ticarətə üstünlük verirlər. Rusiyanın Yaxın Şərqdəki siyasi və hərbi müttəfiqləri arasında şiə müsəlmanlara sayca üstünlük təşkil edir. Bu siyahıya İran, İraq, "Hizbullah", "Livan", Bəşər Əsəd rejiminin tərəfində döyüşən və ələvilərdən təşkil olunmuş Suriya ordu biləşmələri daxildir. Ona görə də Kreml Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və bu üç dövləti narazı salmamaq şərtilə Qətərlə iqtisadi əməkdaşlığı dərinləşdirmək fikrindədir. Səudiyyə Ərəbistanının Rusiya iqtisadiyyatına 110 milyard dollar həcmində sərmayə yatırmaq barədə ikitərəfli müqaviləni imzalaması valyutaya ciddi ehtiyacı olan Moskva üçün böyük revanşdır.

Rusiya şiə dəhlizindən çıxmaq və özünə daha etibarlı iqtisadi müttəfiqlər tapmağa çalışır. Bu tələbat Səudiyyə Ərəbistanına İranın Suriyada əsas strateji müttəfiqi olan Rusiyanı öz tərəfinə çəkmək imkanı yaradır. Hazırda hərbi büdcəsi 100 milyard dolları ötmüş və "Patroit" raketdən müdafiə sistemlərinə malik olan Səudiyyə Ərəbistanın əlavə olaraq, Rusiyadan S-400 "Triumf" zenit-raket komplekslərini alması şübhə yoxdur ki, İran tərəfindən "düşməninin silahlandırılması" kimi qarşılanacaq. Bu da Suriyadakı hərbi koalisiyanı parçalamağa çalışan Ər-Riyadın maraqlarına cavab verir. Ancaq Rusiyanın Səudiyyənin mənafeyi naminə İranla müttəfiqlikdən imtina edəcəyi indiki şəraitdə real görünmür. Eyni zamanda, Suriya böhranının həllində hər iki ölkənin bir-birinin geosiyasi dəstəyinə tələbatının yaranması da açıq hiss olunur. Belə ki, Səudiyyə Ərəbistanı Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən sünnilərdən ibarət müxalifətə dəstək verir. Son vaxtlar kürdlərin ABŞ tərəfindən İŞİD-ə qarşı mübarizəyə yönəldildiyini və İŞİD-in də qüvvəsinin böyük hissəsinin məhv edildiyini nəzərə alsaq, Suriya hökumət ordusuna qarşı vuruşan müxalifətin əsas hissəsini sünni müsəlmanlar və "Əl-Qaidə" terror təşkilatının tərəfdarları təşkil edir. Rusiya isə 2017-ci ilin sonuna qədər, ən pis halda isə 2018-ci ildə keçiriləcək prezident seçkilərinədək Suriyadakı hərbi əməliyyatları yekunlaşdırmaq istəyir. Kremlin planı Suriyadakı müharibə bataqlığından çıxmaq, Şərqi Aralıq dənizində və Yaxın Şərqdə, yəni Suriyanın Tartus limanında və "Hmeym" hərbi hava bazalarıındakı mövqelərini möhkəmlətməkdir. Rusiya yalnız bundan sonra Suriyanın gələcək siyasi taleyinin müəyyənləşməsinin müəllifi olmaq və bölgədə daha çox geosiyasi aktor rolunu oynamağı planlaşdırır. Bu məqsədə nail olmaq üçün Rusiyaya Səudiyyə Ərəbistanının sünni müxalifətə hərbi və maliyyə dəstəyini dayandırması, BMT-nin 2254 saylı qətnaməsi əsasında münaqişənin Cenevrə danışıqlarına Moskvanın təqdim etdiyi "yol xəritəsi"nə Ər-Riyadın dəstək verməsi lazımdır.

Krallıq bu təklifdən imtina etmir və hətta Bəşər Əsəd rejiminin hakimiyyətdə qalmasına razılıq verir. Səudiyyə Ərəbistanı Rusiyanın "Yaxın Şərqdə" müttəfiqliyin diversifikasiyası strategiyasını bəyənir. Kral Salmanın Moskvaya səfəri Ər-Riyadın Rusiyanın timsalında Yaxın Şərqdə yeni və güclü bir müttəfiq tapmasından məmnun qalmasıı kimi şərh olunur. Lakin İran amili hələ Rusiya üçün çox vacibdir və bu ittifaqın yaxın perspektivdə davam edəcəyini söyləmək olar.

Ancaq Rusiyanın Suriyada döyüş meydanını tərk edib yalnız siyasi mövqelərini saxlamaq cəhdləri baş tutarsa, o zaman Səudiyyə Ərəbistanı, BƏƏ, Misir kimi güclü ərəb dövlətlərinin timsalında daha böyük siyasi və iqtisadi tərəfdaş tapan Moskvanın İran məsələsində müəyyən güzəştə gedə biləcəyi istisna olunmur. Çünki İranın Yaxın və Orta Şərqi birləşdirən böyük bir coğrafi məkana siyasi nəzarəti əlində saxlayaraq Aralıq dənizinə çıxış əldə etməsi dünyada iqtisadi balansı təmin edən və Avropadan Çinə uzanan "Böyük İpək Yolu"ndan sonra geostrateji əhəmiyyətinə görə dünyada ikinci mühüm dəhlizə çevrilə bilər. Çünki Yer kürəsinin ən zəngin neft-qaz sərvətləri Yaxın və Orta Şərqdə yerləşir. İranın belə bir imkana sahib olması yalnız Qərbin və sünni ərəb dövlətlərinin deyil, Rusiyanın da maraqlarına cavab vermir. Ona görə də son illər "Şimali Avrasiya İttifaqı"nı yaratmağa çalışan Rusiya Yaxın Şərqdə mövqelərini möhkəmlətmək üçün bu prosesə cənubi-qərbi Avrasiya dövlətlərini də cəlb etməyi düşünür.

Müşfiq Abdulla

Cebhe.info
Tarix: 11-10-2017, 21:16
Xəbəri paylaş





Xəbər lenti