PwC: Rusiyaya qarşı sanksiyalardan sonra Qərb şirkətləri Azərbaycanı seçdi
"Neft kəskin ucuzlaşmamışdan öncə Azərbaycan postsovet məkanından ən yaxşı makroiqtisadi göstəricilərə malik idi. Belə ki, ölkənin xarici borcunun ÜDM-ə nisbəti olduqca aşağı, milli valyutası sabit, strateji valyuta ehtiyatlarının həcmi isə yüksək idi. Lakin neftin ucuzlaşmasından sonra vəziyyət dəyişdi, nəticədə ölkənin gəlirləri və ehtiyatları azaldı. Beləliklə, hökumət Azərbaycana yeni gəlir və ya investisiya cəlb etmək üçün yollar axtarmağa başladı".
"APA-Economics" xəbər verir ki, bu barədə "PwC Azərbaycan" audit şirkətinin məsləhət xidmətləri üzrə direktoru Vüqar Axundov bildirib.
Onun sözlərinə görə, son 10 ildə Azərbaycan iri həcmdə kapital yığıb və daxili maliyyə mənbələri hesabına qeyri-neft sektorunun inkişafına dəstək verib: "Bəzən mənə sual verirlər ki, yığılmış kapital qeyri-neft sektorunun inkişafı baxımından kifayət qədərdirmi? Hesab edirəm ki, məsələyə kəmiyyət və keyfiyyət aspektindən yanaşmaq lazımdır. Kəmiyyət aspektindən yanaşma onu göstərir ki, dövlət müəssisələri köhnə infrastrukturun yenilənməsi üçün kifayət qədər ciddi investisiyaya ehtiyac duyur və bunun üçün dövlət büdcəsindən son illər ciddi yatırımlar edilir. Özəl sektor isə xarici investisiyaları tələb edəcək səviyyəyədək böyüməyib. Ümumilikdə isə Azərbaycanın qeyri-neft sektorunun xarici sərmayəyə ehtiyacı var. Keyfiyyət aspektindən yanaşma isə göstərir ki, iri həcmdə ehtiyatların olmasına baxmayaraq, sərmayəyə ehtiyacı olan sahələr və müəssisələr istiqamətində sərbəst daxili kapital axını yoxdur. Təəssüflər olsun ki, daxili kapitalda canlanma yoxdur. Burada başqa bir sual yaranır: xarici kapital yardım edə bilərmi? Fikrimcə, xarici kapital bu baxımdan çox böyük yardım edir. Ola bilər ki, Qərb maliyyə institutlarının vəsaiti irihəcmli deyil, lakin bu təsisatların yanaşması şirkətləri həm daxili, həm xarici bazarda daha effektiv və rəqabətədavamlı edir. Ümumiləşdirsək, bəli, Azərbaycana xarici kapital lazımdır. Lakin bu kapital yalnız maliyyələşmə üçün deyil, effektivliyin artırılması üçün vacibdir".
Azərbaycan şirkətləri xarici kapital üçün cəlbedicidirmi? Bu suala V. Axundov bu cür cavab verib: "Bir gün Azərbaycanın nümayəndə heyəti Londona səfər etdi və Böyük Britaniyanın paytaxtının meri ilə görüş keçirdi. Mən də heyətin tərkibində idim. Meri maraqlandıran suallardan biri bu idi: Azərbaycan hökumətinin siyasəti nədən ibarətdir və hansı istiqamətdə dəyişir? Azərbaycan hökumətinin strateji yol xəritələri var və bu onu göstərir ki, dövlət transformasiya prosesini keçməyin zəruri olduğunu anlayır. Bu isə öz növbəsində beynəlxalq bazarlara ötürülmüş ciddi siqnaldır. Beynəlxalq investorlar onu da anlayır ki, neft ixracından əldə olunan milyardlarla dollarlar ölkə iqtisadiyyatına yatırılıb. Başqa sözlə, biznes və əhali bundan faydalanıb. Bu həmçinin müəssisələrin böyüməsinə və müəyyən miqyasa çatmasına şərait yaradıb. Azərbaycanın geosiyasi mövqeyi onu Avropa və Asiya şirkətləri üçün cəlbedici edir. Biz Avropa, MDB, Yaxın Şərq, ABŞ-dan olan investorlar ilə sıx təmasdayıq və onlar özlərini Azərbaycan komfortlu hiss etdiyini bildirir və bu səbəbdən də ölkəyə yatırım edir".
O, əlavə edib ki, Rusiyaya qarşı sanksiyaların yürüdülməsindən sonra Qərb şirkətləri anladı ki, investisiyalarını diversifikasiya etməlidirlər və Azərbaycanla Qazaxıstan bu baxımdan əla seçimdir.
"Azərbaycan iqtisadiyyatında boşluqlar çoxdur və effektiv şirkətlər bundan məharətlə istifadə edə bilərlər. Bu fürsətdən istifadə edən şirkətlərin güclü potensialı var", - deyə direktor vurğulayıb.
V. Axundov hesab edir ki, Azərbaycan qloballaşma tendensiyasından qazanclı çıxacaq və dünya iqtisadiyyatında layiqli yerini tutacaq.
Tarix: 11-10-2017, 21:41