Bakı İrəvana yalnız bir şərtlə şans verə bilər - Politoloq
Ermənistanın ərazisindən Gürcüstana gedən dəmiryolu vasitəsiylə Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmaq iddiası boş xülyadır. Torpaqlarımızı işğaldan azad etməyənə qədər Ermənistanı bölgədəki iri layihələrdən məhrum etmək tam haqqımızdır.
Bunu Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, ermənilər Bakı-Tiflis-Qars dəmiryolunun inşası zamanı da Gümrüdən Tiflisə gedən dəmiryolunun olması ilə fikirlər səsləndirmişdilər:
“Türkiyə də bu məsələdə sona qədər yanımızdadır. Bircə İranın bu plana qoşulmaması Ermənistanı ayaq üstündə saxlayır. Bütövlükdə Türkiyə, Azərbaycan, müəyyən qədər də Gürcüstan Ermənistanı blokadada saxlaya bilir. Ermənistan bölgədəki dağıdıcı siyasətindən əl çəkməyincə bütün layihələrdən kənarda saxlanılacaq. İrəvanın Azərbaycanın maliyyəsi ilə reallaşan böyük bir layihəyə qoşulmaq xülyası ilə yaşaması sadəcə axmaqlıqdır. Bəli, Bakı-Tiflis-Qars dəmiryolunun bir hissəsi Ermənistan ərazisindən keçirdi və onu cuzi xərclə təmin edib, çəkilən xərcləri azaltmaq mümkün ola bilərdi. Ancaq Azərbaycan işğalçını bölgədəki böyük iqtisadi layihələrdən məhrum etmək siyasətini Ermənistan danışıqlar masası ətrafına qayıdaraq ölkəmizin ərazi bütövlüyünü tanıyana, bölgədə ümumi etimad şəraiti formalaşana, xalqlararası münasibətlər və qarşılıqlı ticarət əlaqələri bərpa olunana qədər davam edəcək”.
Qeyd edək ki, erməni mətbuatı Ermənistanla Gürcüstan arasında dəmiryolu əlaqəsinin mövcudluğunu əsas gətirərək Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə erməni yüklərinin daşınmasının qadağan olunması üçün heç bir mexanizmin olmadığını qeyd edib. Hətta bu dəmiryolunun istifadəsinin Türkiyənin Qafqazla birləşməsinə və regional siyasətdə bir çox dəyişikliklərin yaranmasına səbəb olacağı bildirilir.
Siam.az
Tarix: 12-10-2017, 08:30