Rəqiblərindən revanş: Vüsal Novruzov Tovuz Gömrük İdarəsinə “sürgün“ olunur

Rəqiblərindən revanş: Vüsal Novruzov Tovuz Gömrük İdarəsinə “sürgün“ olunur Gələn il ölkədə Prezident seçkiləri keçiriləcək. Buna görə də hakimiyyət bir çox sahələrdə artıq genişmiqyaslı islahatlara start verib. Son günlər ölkənin teleməkanında aparılan kadr dəyişiklikləri də hakimiyyətin planladığı böyük islahat dalğasının kiçik elementidir. Dövlət başçısı İlham Əliyev cənablarının Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında etdiyi çıxışında da bunu sezmək mümkün idi. Qeyd edək ki, regionda gedən siyasi proseslərdən, ölkədə aparılan iqtisadi uğurlardan danışan Prezident çıxışının sonunda iqtisadi uğurları daha da sürətləndirmək üçün islahatların qaçılmaz olduğunu vurğulayıb.

Qlobal.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, ölkədə ciddi islahatların aparılacağı sahələrdən biri də gömrük sistemi olacaq. Artıq gömrükdaxili qruplaşmalar dövlət başçısının bu məsələdə qətiyyətli qərarından ciddi əndişə keçirməkdədirlər. Gömrük sistemində aparılacaq islahatların miqyası geniş olmaqla yanaşı, həm də əsaslı olacaq. Burada struktur dəyişikliyi ilə bərabər, ciddi ixtisarların da aparılaçağı gözlənilir. Məhz buna görə də, gömrükdəki qruplaşmaların uzun illərdən bəri apardıqları amansız iqtisadi mübarizə indi daha da genişlənməkdədir. Son zamanlar ölkəyə gətirilən kərə yağlarının keyfiyyətsiz və qiymətinin baha olması, gömrük keçid məntəqələrində insanların incidilməsi barədə informasiyaların artması və medianın gündəmindən düşməməsi də gömrük "boss”larının bir-birilərinə qarşı apardıqları mübarizənin əlamətidir.

12 postu olan generala bir post?

Gömrükdə aparılacaq islahatların labüdlüyünü nə qədər çətin olsa da qəbul edən gömrükdaxili qruplaşmalar yaranmış situasiyadan istifadə edərək rəqiblərini bitirmək istəyirlər. Bu məqsədlə də bir qrup digər qrupu nəyin bahasına olursa-olsun zəiflətmək istəyir. Bu gün gömrükdə gedən prosesləri izləyən normal informasiyalı müşahidəçi strukturda əhəmiyyəli vəzifələr uğrunda gedən amansız mübarizəni görməyə bilmir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə, Gömrük Komitəsində aparılacaq islahat dalğasının ilk vuracağı şəxs Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov olacaq. Qeyd edək ki, 12 gömrük postu olan Bakı Baş Gömrük İdarəsi Gömrük Komitəsinin ən nəhəng idarələrindən biridir. Vüsal Novruzov isə neçə ildir ki, bu idarəyə rəhbərlik edir. Onun bu illər ərzində on milyonlarla dollarlıq kapital topladığı deyilir. Əyləşdiyi idarəsinin əzəməti ilə hətta Gömrük Komitəsini geridə qoyan Vüsal Novruzovun xeyli sayda ciddi rəqiblərinin olması təbiidir.

Vüsal Novruzovun Bakı Baş Gömrük İdarəsinə uzun illər rəhbərlik etməsinin bir səbəbi onun Fövqaladə Hallar naziri Kəmaləddin Heydərova yaxın olmağıdırsa, digər səbəbi də çoxsaylı rəqiblərinin indiyədək ona qarşı pərakəndə və əlaqəsiz mübarizə aparmaqları olub. Ancaq indi keçmişlə müqayisədə vəziyyət xeyli mürəkkəbdir. Dünənədək Novruzova qarşı həm də bir-birilərinə rəqib olanlar, bu gün artıq vahid məqsəd uğrunda vahid komandada birləşməyə üstünlük veriblər.

Rəqiblərin "konseyi” Novruzova hansı "sürprizi” hazırlayır?


Əzəmətliliyindən əlavə, həm də dənizə olan panoraması ilə iki ulduzlu gömrük generallarının da həsəd apardığı Bakı Baş Gömrük İdarəsinin rəisi həsrətlə intizarda olduğu fövqəlyüksəliş əvəzinə əyalətə "sürgün” oluna bilər. Artıq bu barədə bir neçə gün əvvəl ölkənin bir sıra elektron media orqanlarında məlumatlar da tirajlanıb. Həmin məlumatlarda Vüsal Novruzovun Tovuz Gömrük İdarəsinə rəis göndəriləcəyi iddia olunub.

Qlobal.az bu məlumatın ciddi əsaslarının olduğu barədə informasiyalar əldə edib. Əldə etdiyimiz məlumatları özlüyümüzdə təhlil edərkən, doğrudan da Vüsal Novruzovun rəqiblərinin nə dərəcədə ciddi kombinasiyalar qurduğunun şahidi oluruq. Belə ki, bildiyimiz kimi, ölkənin gömrük keçid məntəqələrinin içərisində ən bərbadı Tovuz Gömrük İdarəsinin tabeçiliyində olan Sınıq Körpü gömrük məntəqəsidir. Hətta bir müddət öncə torpaqlarımızın müdafiəsi uğrunda əzalarını itirmiş bir qrup qazi bu məntəqədə baş verən dərəbəyliyə, haqsızlığa etiraz olaraq protezlərini yandırmışdılar. O zaman bu hadisə mediada da işıqlandırıldı.

Vüsal Novruzovun paytaxtın ən guşənişin yerindən bu cür mənfi imicli yerə təyin olunmağı əlbəttə ki, sözün əsl mənasında "sürgündür”.

Baş verə biləcək təyinatdan xəbərdar olan Vüsal Novruzova isə bu təyinatın əsl səbəbini onun peşəkar olmağı, yalnız onun Tovuz Gömrük İdarəsində ciddi nizam-intizam, qayda-qanun yarada biləcəyi ilə izah edirlər. Ancaq Vüsal Novruzov da uzun illərdən bəri yığdığı təcrübəyə əsaslanaraq, baş verəcək təyinatın əslində rəqiblərinin ona hazırladığı "torba” olacağını düşünür.

Bu təyinat onun gözlədiyi yüksəliş yox, əksinə tənəzzüldür. Çünki Bakı Baş Gömrük İdarəsindən Tovuz Gömrük İdarəsinə rəis göndərilən Vüsal Novruzovla Komitənin aparatı arasında tək fiziki məsafə yox, həm də siyasi məsafə yaranacaq. Ki, bu da amansız rəqibləri qarşısında təklənmiş cənab generalın çiynindəki ulduzun da əbədi olaraq yalqız qalacağına işarədir.

Saytımızın əldə etdiyi məlumatda Bakı Baş Gömrük İdarəsinin yeni rəisinin kimliyi barədə də iddialar yer alır. Belə ki, məlumata görə, Bakı Baş Gömrük İdarəsinə hazırda Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov təyin ediləcək.

Qeyd edək ki, Mehman Sadıqovun Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayevlə yaxın münasibətlərinin olduğu deyilir.

Səslənən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Siam.az
Tarix: 12-10-2017, 09:16
Xəbəri paylaş





Xəbər lenti