Rusiya regionda müharibəni körükləyir – Şərh

Rusiya regionda müharibəni körükləyir – Şərh Danışıqlar prosesinin bərpa olunduğu bir zamanda ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyanın Ermənistana hərbi kredit ayırması başadüşülən deyil.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkilinin fikrincə, Moskvanın İrəvana növbəti hərbi jesti Ermənistanın işğalçılıq istəklərini daha da alovlandıra bilər:

“Düzdür, 100 milyon dollar elə də böyük bir məbləğ deyil və prinsipcə Ermənistan bununla cəbhəxanasını yeniləyə bilməyəcək. Ancaq Ermənistanın çəkə bilmədiyi maliyyə yükünü üzərinə götürməsi və Rusiya tərəfindən sürətlə militaristləşdirilməsi İrəvanın əl-qolunu aça bilər. Bu üzdən Azərbaycan bu məsələyə etirazını bildirməlidir”.

Politoloq Arzu Nağıyev isə bildirib ki, Rusiya Qərbin sanksiyaları altında olduğundan silah satışını iqtisadi problemlərinin həllində çıxış yolu olaraq görür:

“Ermənistana silah satdığı üçün heç kim Rusiyaya irad tuta bilməz. Sadəcə, ən qorxulu məsələ odur ki, sözügedən silahlar Dağlıq Qarabağda peyda ola, region üçün potensial təhlükə mənbəyinə çevrilə bilər”.

Qeyd edək ki, Rusiya İrəvana 100 milyon dollar həcmində müdafiə krediti ayırmaqla bağlı qərar verib. Kredit 15 il müddətinə illik 3%-lə verilir. Onun istifadə müddəti 2018-2022-ci illər arasında olacaq.

Rusiya bundan öncə Ermənistana eyni qaydada 200 milyon dollarlıq hərbi kredit vermişdi.

Siam.az
Tarix: 13-10-2017, 08:38
Xəbəri paylaş





Xəbər lenti