Rusiyanın “kataloniyaları” - özgəsinə quyu qazan...

Rusiyanın “kataloniyaları” - özgəsinə quyu qazan... SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun bəşəriyyətə yeganə müsbət xidməti Sovet imperiyasını dağıtmasına yardımçı olması oldu. Düzdür, bunu qəsdən etmədi, ancaq bütün hallarda o, vəsilə kimi tarixə düşdü. Ona Nobel sülh mükafatını də Qərb məhz “Şər imperiyası”nın çöküşündə oynadığı baş rola görə verdi.

Əfsus ki, bir “Şər imperiyası” süqut eləsə də, yerində qismən kiçik coğrafiyada da olsa, ondan heç də geri qalmayan təzəsi zühur elədi - “Rusiya Federasiyası” (RF) adında. Üstəlik, həmin bu “RF” BMT TŞ-də SSRİ-nin hüquqi varisi elan edildi. Veto hüququ da avtomatik SSRİ-dən Rusiyaya keçdi.


Keşkə, bu yeni-köhnə “Şər imperiyası” da 90-cı illərdə, SSRİ-nin ardınca, “tikişlər” üzrə söküləydi, dünyanın ən böyük “xalqlar həbsxanası” həmişəlik tarixə gömüləydi. Əfsus ki, Qərb dünyası RF adlı yeni “Şər imperiyası”nın süqutuna özünü hazır bilmədi, sanki çəkindi, qorxdu. Yəqin ki, həm də 2 mindən çox nüvə başlığının taleyinə görə. Ancaq indi bəlli olur ki, bu təlaş əbəs imiş. Əgər SSRİ kimi nüvə dövləti çökəndə nüvə başlıqlarına nəzarət itmədisə, Rusiya da çökdürülə bilərdi.

Hər nə isə Qərb buna getmədi. Əvəzində KQB-nin son mogikanı Putinin hakimiyyətə gəlişi ilə 2-ci “Şər imperiyası”nın dirçəlişi başladı. Putin Rusiyası region ölkələrini, dünyanı ilk növbədə məhz elə özündəki o nüvə başlıqları hesabına şantaj eləmək kursu götürdü (Bu şantaj Rusiyanın yeni Milli Təhlükəsizlik Doktrinasına da salınıb).

Gör, hədələr hansı yerə çatıb, Kreml özünə indi nə qədər arxayındır ki, Rusiya özü federasiya ola-ola, tərkibində onlarla milli- muxtar qurum (Tatarıstan, Çeçenistan, Başqırdıstan) mövcud ola-ola, “Yaxın xaric”ə açıq şəkildə separatizm ixrac edir, belə hərəkatları dəstəkləyir. Çeçen xalqını müstəqillik istəyini qan gölündə boğduğu halda, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyır, Krımı ilhaq edir. Hətta İspaniyada katalonları separatçılığa şirnikləndirir.

Halbuki, “Rusiyanın özünün ”kataloniya"ları var". Bunu isə artıq biz yox, srağagün Qorbaçov deyib. “Mən İspaniyanın Kataloniyası barədə danışmayacağam. Ona görə ki, bizim özümüzün çoxlu ”kataloniya"larımız var", - deyə Qorbaçov faktiki şəkildə Kremli bir azca praqmatikliyə səsləyib.

Gerçəkdən də, Rusiyanın onlarla potensial “kataloniyası” olduğu halda digər dövlətlərdə separatizmi dəstəkləməsi ağılsızlıq deyilsə, nədir bəs? Bu “şüşəli ev”də oturub “taxta ev”dəkiləri daşla hədələmək qədər absurd və riskli görünür.

Amma nə edəsən ki, Kremlin hərəkətlərində tarix boyu məntiq tapmaq çətin olub. Çünki siyasəti müstəsna olaraq zora, silaha, istilaya əsaslanıb. Bu gün də onun başında duranların təfəkkürü, orta əsr rus çarlarının təfəkkür tərzindən ciddi fərqlənmir. O üzdən Rusiya hamı üçün təhlükə olaraq qalır.

Ancaq Rusiyadan qaynaqlanan ən böyük təhlükə şəksiz ki, onunla həmsərhəd ölkələrə, o cümlədən Azərbaycanadır. Demək, nə qədər ki, bizim Rusiya ilə quru sərhədimiz itməyib, yəni aramızda üçüncü bir dövlət yaranmayıb, qısası, Rusiya çökməyib, bu təhlükə həmişə qalacaq və “Domokl qılıncı” tək başımız üstündə olacaq. Həm də o səbəbə ki, Rusiya dost-müttəfiqliyi bacarmayan, digər ölkələrə, xüsusən də balaca, həmsərhəd dövlətlərə imperiya gözü ilə baxan bir dövlətdir.

Təsadüfi deyil ki, artıq Rusiya rəsmiləri, Putinin köməkçisi Qlazev SSRİ-nin bərpası vacibliyini açıq dilə gətirməyə başlayıblar. Çünki SSRİ-nin yeganə varisi qismində özlərini görür, digər postsovet ölkələrini dövlət saymırlar - bunu etiraf eləməsələr də. Gürcüstanın, Ukraynanın, Moldovanın, Azərbaycanın başına gətirilən məlum faciələrin əsas səbəbi, Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Dnestryanı bölgə problemlərinin indiyədək həll edilməməsinin, əksinə, Donbasda yeni konfliktlərin yaradılmasının və Krımın ilhaq edilməsinin yeganə səbəbi bu - Kremlin Sovetlər Birliyinin dağılması ilə bu günədək barışmaması.

Baxın, Rusiya hətta “qan qardaşı” saydığı Ukraynanın başına nə oyunlar açdı və açır. Halbuki, 1995-ci ildə o, ABŞ, Böyük Britaniya və Fransa ilə birgə Ukraynanın nüvə başlıqlarından imtina etməsi qarşılığında onun suverenliyi və ərazi bütövlüyünə qarant duran 4 dövlətdən biri kimi Budapeşt sənədinə imza atmışdı. Amma asanlıqla öz imzasına tüpürdü.

Öz imzasına hörmət etməyən dövlət başqa dövlətə hörmət qoymaz - ələlxüsus da özündən kiçiklərə. Yenə nümunələrmi gətirək?
Rusiyanın “kataloniyaları” - özgəsinə quyu qazan...
Zahid SƏFƏROĞLU
Tarix: 13-10-2017, 08:47
Xəbəri paylaş





Xəbər lenti