“Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi sürətləndirilməlidir” - ekspert
Azərbaycanın Rusiyadan məhsul idxalı durmadan artır. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, şimal qonşumuzdan bu ilin 8 ayında 5 milyard 300,8 milyon dollarlıq ümumi idxalımızın 17,2 faizi qədər - təxminən 914 milyon dollarlıq mal və məhsul almışıq.
Qeyd edək ki, son illərdə Azərbaycanın ümumi idxalında azalma qeydə alınıb. Statistikaya görə, 2014-cü ildə 9 milyard 187 milyon dollar təşkil edən idxal ötən il 8 milyard 532 milyon dollara düşüb. Bu ilin 8 ayında isə idxalımız ötən ilin analoji dövrü ilə müqayisədə 20 faiz azalıb.
Rəsmi statistika göstərir ki, ümumi idxal azalsa da, Rusiyadan idxal getdikcə artır. Belə ki, 2014-cü ildə Rusiyadan 1 milyard 314 milyon dollarlıq, 2015-ci ildə 1 milyard 437 milyon dollarlıq, ötən il isə 1,641 milyon dollarlıq mal və məhsul idxal etmişik. Bu idxalda strateji ərzaq məhsulları üzrə artım xüsusilə diqqəti cəlb edir. Məsələn, 2013-cü ildə Azərbaycan Rusiyadan 145,4 milyon dollarlıq buğda idxal edibsə, ötən il bu rəqəm 269,4 milyon dollara çatıb. Eyni məhsulun Qazaxıstandan idxalı 2013-cü ildə 233,6 milyon dollar olubsa, 2016-cı ildə 12 dəfədən də çox azalaraq cəmi 18,6 milyon dollar təşkil edib. Rusiyadan şəkər tozu idxalında ciddi artım qeydə alınmaqdadır. Ötən ilin 2-ci yarısından etibarən bu məhsulun Ukraynadan idxalının kəskin azalması fonunda Rusiyadan idxal sürətlə artır.
İdxalın ümumi tempində azalmanın qeydə alındığı bir dövrdə Rusiyadan idxalın artması Azərbaycan üçün nə qədər əlverişlidir? Ukrayna, Qazaxıstan, Avropa, hətta Türkiyədən mal-məhsul alışının azalması fonunda xüsusilə strateji ərzaq məhsullarının idxalında ölkəmizə münasibətdə imperiya maraqlarını gizlətməyən bir dövlətdən asılılıq hansı təhlükələri yaradır?
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Rusiyanın iqtisadi bloka daxil olan bir sıra dövlət qurumları həmişə siyasi hakimiyyətin iradəsinin icraçısı rolunda çıxış edirlər: “Biz bunu Ukrayna böhranında da gördük, Türkiyə ilə münaqişə dövründə də gördük. Yəni bu qurumlardan Rusiya siyasi hakimiyyəti bir silah kimi istifadə edir. Belə bir ölkədən strateji məhsulların idxalında asılılığın artması, təbii ki, narahatedici faktordur. Götürək, buğda idxalındakı vəziyyəti. Son illərdə Azərbaycanda buğda istehsalının artırılması, daxili tələbatın yerli məhsulla təmin olunması istiqamətinə böyük vəsaitlər xərcləndi. Bu vəsaitlər həm toxum, texnika alınmasına, yağların, gübrələrin istehsalçılara pulsuz verilməsinin təmin olunmasına, həmçinin birbaşa subsidiyalar şəklində kəndli-fermerlərin özünə verildi. Nəticə isə bu oldu ki, buğda idxalımız azalmadı, üstəlik, bu məhsulu daha çox Rusiyadan almağa başladıq. Halbuki çörək-unla təminat dünyada ərzaq təhlükəsizliyinin ən əsas həlqəsi hesab olunur. Bu məhsulun idxalında Rusiyadan asılılığın belə artması ciddi problemdir. Çünki bu şəraitdə Rusiya ilə münasibətlərdə hər hansı gərginlik həmin məhsulun idxalının kəskin məhdudlaşmasına, bu isə ölkədə çörəyin bahalaşması, qıtlığın, sosial gərginliyin meydana çıxmasına səbəb ola bilər”
Onu da qeyd edək ki, Rusiyadan idxalın artması bir sıra Avropa ölkələri və ABŞ-dan idxalın azalması fonunda baş verir. Məsələn, 2014-2016-cı illərdə Almaniyadan idxalımız 703 milyon 636,9 min dollardan 399 milyon 192 min dollara, ABŞ-dan isə 563,4 milyon dollardan 471,4 milyon dollara düşüb. Heç kimə sirr deyil ki, Avropa ölkələri, ABŞ, hətta Ukraynada belə Rusiyadan daha keyfiyyətli məhsul istehsal olunur. Bu isə o deməkdir ki, Rusiyadan idxalın artması Azərbaycan bazarına iri həcmdə aşağı keyfiyyətli məhsulların daxil olması deməkdir. N.Cəfərli hesab edir ki, Rusiyadan idxalın artmasında qiymət amili mühüm rol oynayır: “Rusiyadan idxalın artmasında həm logistik imkanlar - daşıma xərclərinin az olması, həm də qiymətin aşağılığı rol oynayır. Lakin hamıya məlumdur ki, aşağı qiymət həm də aşağı keyfiyyət deməkdir. Bu isə istehlakçı hüquqlarının qorunması baxımından ciddi problemlərin yaranması təhlükəsi yaradır. Təəssüflər olsun ki, Azərbaycanın müvafiq dövlət qurumları bir dəfə də olsun Rusiyadan gətirilən malların keyfiyyəti ilə bağlı araşdırmalar aparıb, nəticələrini açıqlamayıblar. Bu, yəqin ki, Rusiya ilə münasibətlərdə gərginlik yaratmamaq istəyindən irəli gəlir. Amma Rusiya dəfələrlə Azərbaycandan gedən on tonlarla məhsulu - kartofu, pomidoru, süd məhsullarını məhz keyfiyyət amilinə əsaslanaraq geri qaytarıb. Buna görə də hesab edirəm ki, əvvəla, ölkədə strateji ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına təmin olunması istiqamətində real və effektiv addımlar atılmalıdır. Buna nail olanadəksə xüsusilə strateji məhsulların idxalının mümkün qədər daha çox şaxələndirilməsi, bir və ya 2 ölkədən asılılığın azaldılması siyasəti yürüdülməlidir”.
Müsahibimizin fikrincə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi, nəhayət ki, sürətləndirilməlidir: “Əksər postsovet ölkələri - Rusiya, Qazaxıstan, Gürcüstan, Ermənistan və sair çoxdan təşkilata üzv olub. Bu təşkilata üzvlük ticarəti qlobal oyun qaydalarına uyğun qurmaq imkanı verəcək. Burada söhbət həm daha keyfiyyətli məhsul istehsalından, həm idxalda beynəlxalq keyfiyyət sertifikatlarının tələb olunmasından, həm də gömrük-idxal rüsumlarının optimallaşdırılmasından gedir. Azərbaycan təşkilata üzvlükdən yayınmaqla bütün bunlardan məhrum olur, daxili bazara keyfiyyətsiz məhsulların daxil olmasına əlverişli şərait yaranır”.(Müsavat.com)
Tarix: 13-10-2017, 09:38