Azərbaycan AŞPA-dan çıxmalı deyil.
Absurddu. Biz illərdi bunun üçün yol gəlmirik.
Ölkəmizdəki problemləri bilirik. BBC-yə intervyu verən Səməd Seyidovun sözlərini “hakimiyyətin adamıdı” deyib, qəribçiliyə salmayaq. Bilmirəm gün hayandan çıxmışdı, ancaq bu dəfə verilən mesajlar doğruydu, müsahibə süni inkarlarla yüklənməmişdi, korrekt etiraflar vardı.
Torpağı işğal olunan, ərazi bütövlüyü təmin edilməyən ölkədən doğrudan da demokratiya tələb etmək uyğun yanaşma deyil.
Gürcüstanı misal gətirmək, bu məqamda yersizdi. Abxazlar, osetinlər özləri müstəqil olmaq istəyirlər. Ancaq Qarabağlılar Azərbaycan türkləridi və onlar torpaqlarında yaşamaq haqqını geri tələb edirlər. Azərbaycandan ayrılmaq istəmirlər. Bunlar ilk baxışda oxşar məsələlər olsa da fərq böyükdü.
Avropa Şurası BMT–nin Qarabağa dair qətnamələri ilə bağlı daha radikal, tələbkar müzakirələr etməyib. Konkret addım görmürük.
Bir ciddi məqamı çox böyük diqqətə alması gərəkdi dünyanın. Biz torpağımızla bağlı güzəştə gedə bilmərik. Mümkünsüzdü. Bizim dünyadan yalnız bir istəyimiz, tələbimiz, xahişimiz var. Qarabağın işğaldan azad olunmasını sözdə yox, əməldə təmin etsinlər. Bu məsələdə Azərbaycan hakimiyyəti və cəmiyyəti həmrəydi. Bəli, biz də istəyirik insan hüquqları ölkəmizdə ən yüksək səviyyədə qorunsun, məhkəmə azad olsun, müxalif düşüncəyə görə insanlar təqibə uğramasınlar. Biz də istəyirik, hakimiyyət hər kəsin mövqe, düşüncə azadlığına təmkinlə yanaşsın, seçkilərə müdaxilə etməsin, ilk növbədə xalqını düşünsün, alternativ siyasi baxış sahibləri həbs edilməsin və daha çox şey istəyirik. Biz əlbəttə Avropanın hüquq müdafiəçilərinə, insan haqları mövzusuna həssas yanaşan təşkilatlara, siyasilərə, jurnalistlərə və hər kəsə ölkəmizdə baş verən proseslərə diqqət ayırdığı üçün təşəkkür edirik. Ölkəmizdə insan hüquqları pozulanda üzümüzü Qərbə tuturuq. Gərək açıq deyək. Nə türk, nə islam, nə şərq dünyasına, məhz Qərbə tuturuq.
Ona görə də Azərbaycanı özündən kənarlaşdırmağın ilk zərbəsi xalqa dəyəcək. Bütün zərbələri ilk növbədə xalqlar canlarında hiss edir. Əgər siyasətçilər fundamental dəyərləri örnək seçirlərsə, o zaman onların bütün siyasi atışmalarda, qərarlarda ilk növbədə xalqları nəzərə alması vacibdi. Biz qonşuluğumuzdakı gürcü xalqından fərqli olaraq çox çətinliklə Avropa ölkələrinə, ABŞ-a viza ala bilirik. Nədən? Azərbaycan xalqının sivil dünya qarşısında günahı nədi? Siyasi anlaşılmazlıqların qurbanı niyə xalq olmalıdı? Bu xalqın yetişdirdiyi bütün aydınlar tarixən Avropaya meyilli olublar, demokratik dəyərləri öz həyat və yaradıcılıqlarının təməl prinsipləri seçiblər. Ölkələrini də bu dəyərlərin üzərində yüksələn görmək istəyiblər. Bizim cümhuriyyət tariximiz də buna sübutdu, cümhuriyyətçilərimizin fəaliyyəti də, mətbuat, publisistika, teatr, musiqi tariximiz də.
Torpağımız elə bir gücün əlindədi ki, alınmasa, biz sərbəst cəmiyyət qura bilməyəcəyik, azad olmayacağıq. Biz Rusiyadan asılıyıq. Canımızın parçası əlindədi.
Torpağı geri alınsa, Qərbdən güclü dəstək görsə, Azərbaycan təbii olaraq Qərbə yaxınlaşacaq və Qərbin prioritet seçdiyi demokratik dəyərlər bura öz-özlüyündən yansıyacaq. Rusiya keçmiş Sovetlər Birliyindən olan hər hansısa dövlətin demokratikləşməsinə razı deyil. Bunun üçün bütün mümkün vasitələrə əl atır. Bir ölkə demokratikləşirsə, bu, dövlətin Qərbə inteqrasiyası, NATOYA qoşulması deməkdi. Rusiya hələ də Sovetlərin nostaljisi ilə dövlət siyasəti yürüdür. Dünya irəli, o isə təəssüf hissi ilə geri boylanır. Buna görə də altı - üstü sərvət olan gül kimi ölkələrində heç nə qura bilmirlər. Putin “cool” azərbaycanlı düşüncəsi ilə desək, yaxşı oğlan deyil. Onun ölkələrə azadlıq verib onlarla tərəfdaş kimi davam etmək, dünyayla gözəlcə anlaşıb tarixə adını böyük siyasətçi kimi yazdırmaq şansı vardı. Etmədi.
İndiki durumda bizi zorla Rusiyanın qucağına yıxmağın adı nədi? Torpağımızın geri alınması, bizim üçün böyük üfüqlər açar. Keçmişə yox, gələcəyə yol alarıq. Bu çox aydındı. Rusiyayla kəllələşib torpağını alan dövlətin yenidən Rusiyaya dönmək şansı qalmır. Qərbdən dəstək aldığına görə ona uyğunlaşır, onun kimi olur.
Hörmətli Avropalılar, çiyin söykəyin, sülh olsun. Azərbaycan xalqının zərbə almasına imkan verməyin.
Aysel Əlizadə
Tarix: 13-10-2017, 16:40