Namazovun seçki dönüşü
Prezident seçkiləri yaxınlaşdıqca “itmiş” siyasilər yenidən üzə çıxmağa başlayıb. Uzun müddətdir gözə dəyməyən politoloq Eldar Namazov da “geniş səlahiyyətlərlə Bakıya qayıdıb. Ötən gün Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin toplantısı keçirilib və müzakirələr zamanı tanınmış şair Vahid Əziz, professor Firudin Cəlilov və digər ziyalıların təklifi ilə Eldar Namazov daimi sədr seçilib. Toplantıda İdarə Heyəti yeni sədrə geniş səlahiyyətlər də verib.Əslində Eldar Namazov da ənənəvi müxalifətdə təmsil olunan digərləri kimi “mövsümi siyasətçilər”dəndir. Xatırlayırsınızsa, Eldar müəllim 2012-ci ildə Azərbaycan Ziyalılar Forumu adlı təşkilat yaratmışdı. Bu qurumun əsas məqsədi 2013-cü il seçkilərində iştirak etmək, hansısa namizədə dəstək vermək idi. Seçki bitdi, Eldar Namazovun da təmsil olunduğu düşərgə üçün fiaskoyla nəticələndi və o, siyasi meydanı səssiz-səmirsiz hesab ediləcək bir gedişlə tərk etdi. Seçkidən ötən müddət ərzində siyasi arenada demək olar ki görünməyən Eldar Namazov 2018-ci il seçkisi ərəfəsində yenidən qayıdışa cəhd edir.
Eldar Namazovun Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinə sədr gətirilməsi təsadüfi sayıla bilməz. Onun ənənəvi müxalifətin “kölgə kabineti”ndə yer alması da təsadüfi deyil. Prinsip etibarı ilə Namazov da, ənənəvi müxalifətə liderlik edən şəxslər də eyni maraqlara xidmət edir. Məqsəd və missiyaları eynidir. Real müxalifəti parçalamaq, özlərinin “liderliyini” göstərmək və sonda siyasi bazarlaşmalarda iştirak etmək. 2013-cü idlə “ana müxalifət” lideri olmaq iddiası ilə çıxış edən Namazovun bu dəfəki iddiası da yəqin ki, fərqli olmayacaq. Ənənəvi müxalifət liderləri isə təbii ki, bu iddiaya qarşı çıxacaqlar. 2013-cü ildə də Eldar Namazovla ənənəvi müxalifət arasında yaranan qalmaqalın səbəbi məhz “ana müxalifətin lideri” olmaq iddiası idi. Bütün hallarda Eldar Namazov artıq aktiv siyasətə qayıdır və böyük ehtimalla yaxın zamanlarda tez-tez gözə dəyəcək. Bu prosesin necə qurtaracağını daha dəqiq olaraq zaman göstərəcək. Bütün hallarda Namazovun fəaliyyət sferasında nəyinsə dəyişəcəyini gözləmək inandırıcı deyil. Dəyişən yalnız bir şey var, o da təşkilatın adıdır. Ziyalılar Formundan, “El”in adından istifadə edən Namazov, bu dəfə də deportasiya qurbanlarının üzərindən siyasi səhnəyə qayıtmaq istəyir.
Vilayət Muxtar
Cebhe.info
Tarix: 13-10-2017, 22:29