Deputat sorğularını saymayan nazirlər kimlərdir...

Deputat sorğularını saymayan nazirlər kimlərdir... Prezident İlham Əliyevin iki gün öncə imzaladığı fərmanla təsdiqlənmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş Qaydası”na görə, Milli Məclisin deputatlarından Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara Nazirlər Kabinetinin Aparatı tərəfindən 15 gündən gec olmayaraq cavab verilməlidir.

Parlament üzvləri dəfələrlə nazirliklərdən və digər rəsmi orqanların nümayəndələrindən onların sorğularına cavab verilmədiyini vurğulayıblar. Hətta bəzi deputatlar icra orqanlarının nümayəndələrinin onlara təkəbbürlə baxdıqlarını qeyd edərək.
Maraqlıdır, deputatların sorğularına cavab verməyən nazirliklər varmı?
Bu fərman deputatların Baş nazirin və ya onun müavinlərinin ünvanına göndərəcəkləri sorğuların daha da artmasına şərait yaradacaqmı?
Siam.az bildirir ki,Modern.az saytı bu suallarla bir neçə deputata müraciət edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, o, bir neçə dəfə “Deputatın statusu haqqında” qanunun tələblərinə uyğun olaraq nazirlərin, müəyyən icra hakimiyyəti orqanları rəhbərlərinin sorğulara, xidməti telefonlara cavab vermədikləri barədə məsələ qaldırıb.

“Bu problemləri məndən başqa digər həmkarlarım da səsləndiriblər. Görünür ki, cənab prezident bu məsələ ilə bağlı xəbərdar olub və deputatların sorğularına 15 gündən gec olmayaraq cavab verilməsi barədə məsələ də fərmanda öz əksini tapıb. Bu, Baş nazir və digər nazirlərin ali hakimiyyət qarşısında məsuliyyətini artırır.
Mən dövlət başçısının bu qərarına görə, ona minnətdarlığımı bildirirəm. Bəzən biz nazirə müraciət edirik. Amma nazir cavab verməli olduğu halda köməkçisi ilə danışa bilirik. Düzdür, elə hökumət üzvləri var ki, qanunlara çox ciddi riayət edirlər. Sorğulara vaxtında cavab verirlər. Amma çox təəssüf edirəm ki, çoxları deputatların sorğularına etinasız yanaşırlar. Onlar bununla Konstitusiyanın, “Deputatın statusu haqqında” qanunun tələblərini pozurlar. Düşünürəm ki, bu fərmandan sonra biz daha çox müraciətlər edəcəyik və tez bir zamanda həmin müraciətlərə cavab alacağıq”.


İnsan hüquqları komitəsi sədrinin müavini Yevda Abramov bildirib ki, onun sorğularını məmurların cavablandırmasında heç bir problem yoxdur.

“Mən ölkə rəhbərliyi, nazir, komitə sədriləri ilə rahat görüşlər keçirə bilirəm. Bu barədə heç bir problemim yoxdur. Sorğularıma da vaxtında cavablar verilir. Amma bəzi sorğularımın cavabları məni qane etmir. Deputatların sorğusuna cavab verilən vaxtın 15 günədək endirilməsi çox yaxşı addımdır. Hesab edirəm ki, bundan sonra deputatlarımız tərəfindən müvafiq orqanlara sorğuların göndərilməsi və onlara cavab verilməsi daha operativ həyata keçiriləcək”.

İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa qeyd edib ki,bəzən elə hallar olur ki, sorğulara cavab verilmir.

“Elə nazirliklər var ki, onlardan yüksək səviyyədə cavab almaq olur. Amma elə nazirliklər də var ki, onlardan cavab almaq müəyyən problemə çevrilir. Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş Qaydası”nda deputatların Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara 15 gündən gec olmayaraq cavab verilməsi məsələsi onların üzərində əlavə məsuliyyət yaradır. Hər halda Prezident aldığı informasiyaya görə belə bir tapşırıq verib ki, deputatların sorğularına çox vaxt laqeyd yanaşılır. Bu tapşırıq bizdə vətəndaşın problemini çevik həll etmək istiqamətində əlavə stimul yaradacaq. Ümid edirəm ki, bundan sonra deputatların sorğularına cavab verilməsi məsələsi qaydasına düşəcək”.

Siam.az
Tarix: 13-10-2017, 23:02
Xəbəri paylaş





Xəbər lenti