Eldar Namazov: “Müstəqillik əldə edəndən sonrakı dövrdə Qərblə münasibətlərimiz indi ən aşağı səviyyədədir”

Eldar Namazov:  “Müstəqillik əldə edəndən sonrakı dövrdə Qərblə münasibətlərimiz indi ən aşağı səviyyədədir” “Müstəqillik əldə edəndən sonrakı dövrdə Qərblə münasibətlərimiz indi ən aşağı səviyyədədir”

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Azərbaycana qarşı qətnamələrin qəbulundan sonra Bakı ilə Strasburq arasında gərginlik yaranıb. Bəzi iqtidar təmsilçiləri hesab edir ki, Avropa Şurası bu münasibəti ilə Azərbaycanı Rusiyaya tərəf itələyir. Özü də bu gərginlik Avropa İttifaqı-Azərbaycan arasında münasibətlərin yeni mərhələyə keçməsi ərəfəsində yaşanır ki, bu da təəccüb doğurur.

Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti (bu günlərdə Deportasiya Qurbanları Cəmiyyətinin sədri seçilib-red.) Eldar Namazovla müsahibəmizdə əvvəlcə “Azərbaycanla Avropanın bu təsisatı arasında nə baş verir” sualına cavab istədik.

- Mənə elə gəlir ki, biz bu mövzunu bir az genişləndirməliyik. Ona görə ki, Azərbaycanla bağlı dinləmələr və hansısa mənfi qərarların qəbul olunması ehtimal edilən iclaslar hələ bundan sonra da davam edəcək. Avropa Parlamentində də bu ayın sonlarında Azərbaycanla bağlı müzakirələr keçiriləcək və müəyyən rəsmi qərarların qəbul olunması gözlənilir. Eyni zamanda ABŞ Konqresində də Azərbaycana Maqnitski aktını şamil etməklə bağlı qanun layihəsi hazırlanmışdı. Əvvəlcə Senatda, sonra da Nümayəndə Palatasında bunu səsverməyə çıxartmaq istəyən konqresmenlər var. Yəni bu, çox ciddi və narahatedici bir prosesdir. Ümumiyyətlə, Azərbaycan-Qərb münasibətlərindən danışmaq lazımdır. Bura Avropa Şurası da, Avropa Parlamenti də, ABŞ Konqresi də daxildir.

Əvvəlki illərdə ABŞ Konqresində Azərbaycanla bağlı sərt mövqedən çıxış edən konqresmenlər var idi. Həmin dövrdə ABŞ-ın xarici siyasətini daha çox ABŞ prezidenti və dövlət katibi müəyyənləşdirirdi və bu amilin hesabına Konqresdəki qrupların qarşısını almaq mümkün olurdu. Ancaq indi biz ABŞ-da çox nadir hala rast gəlirik. ABŞ prezidenti, dövlət katibi artıq Konqresə xarici siyasətlə bağlı məsələlərdə belə təsir göstərə bilmir. Əksinə, Konqres prezidentin və dövlət katibinin də əleyhinə gedir. Nə qədər ki, Tramp administrasiyasının başı daxili problemlərinə, özünü impiçmetdən qorumağa qarışıb, ABŞ Konqresi xarici siyasət məsələlərinə daha sərt müdaxilə edəcək. Ona görə də Azərbaycan üçün həm Avropa, həm ABŞ-la belə münasibətlərin yaranması çox riskli və təhlükəlidir.

- Eldar bəy, adətən hansısa ölkəyə münasibətdə ABŞ və Avropanın mövqeyinin üst-üstə düşməməsinin şahidi olmuşuq. Hətta İrana münasibətdə onlar diplomatik terminlə desək, “yaxşı polis”, “pis polis” funksiyasını yerinə yetiriblər. Üstəlik, enerji məsələləri ilə bağlı mühüm razılaşmaların əldə olunması fonunda Azərbaycanla bağlı yekdil mövqenin sərgilənməsinin səbəbi nədir?

- Bu proses xeyli müddətdir davam edir. Münasibətlər ildən-ilə pisləşirdi. İndi isə fikrimcə, Azərbaycanın müstəqillik əldə edəndən sonrakı dövrdə Qərblə münasibətləri indi ən aşağı səviyyədədir. Yəni ən riskli və təhlükəli bir vəziyyət yaranıb. Nəyə görə risklidir? Ona görə ki, Suriyada, Ukraynada baş verənlərdən sonra Qərbin hədəfində İranın olacağı haqda ABŞ administrasiyası açıq bəyanatlar verir. Yəni beynəlxalq konfliktlər artıq Azərbaycanın sərhədinə yaxınlaşır. Belə bir şəraitdə təbii ki, Azərbaycan həm öz gücünü səfərbər etməlidir, eyni zamanda beynəlxalq aləmdən kifayət qədər güclü dəstək almalıdır ki, torpaqlarımızın azad olunması, həmçinin müstəqilliyimizi qoruyub saxlamağa nail olsun. Münasibətlərin bu şəklə düşməsi bu ayın, bir günün məsələsi deyil. Kifayət qədər uzun proses oldu, ildən-ilə münasibətlər korlanırdı. Burada hər iki amil öz rolunu oynadı. Təbii ki, ABŞ-da da, Avropada da müxtəlif səbəblərdən Azərbaycana qərəzli mövqe sərgiləyən qüvvələr var. Elə erməni lobbisinin fəaliyyətini nəzərə alsaq, bu, çox açıq-aydın görünür. Eyni zamanda bizim öz tərəfimizdən də atılan addımlara bir daha baxmalıyıq. O cümlədən həm Avropa Məhkəməsinin qərarı olan adamların azadlığa çıxması, bir sıra digər məsələlərlə bağlı Azərbaycan tərəfdən də müəyyən vəziyyəti normallaşdırmağa doğru addımlar atılmalıdır.

- Bu təzyiqlər gələnilki prezident seçkiləri ilə əlaqədar ola bilərmi?

“Azərbaycan üçün həm Avropa, həm ABŞ-la belə münasibətlərin yaranması çox riskli və təhlükəlidir”
- Mən güman etmirəm. Bunun ən vacib səbəbi odur ki, biz daim ABŞ-la əlaqələr quranda Ağ Ev və Dövlət Departamentinin xətti ilə Konqresdə olan qrupları neytrallaşdıra bilirdik. İndi ABŞ-da elə bir durum yaranıb ki, artıq icra hakimiyyəti tərəfindən bu dəstəyi Konqresdən ala bilmərik. Nəinki Azərbaycan, heç bir ölkə indi Konqresdə məsələləri həll etmək üçün ABŞ administrasiyasının dəstəyindən istifadə edə bilmir. Artıq açıq görünür ki, Avropa ilə ABŞ bu məsələlərdə sinxron çıxış edirlər.

- Bundan əvvəl Avropa İttifaqının səfirləri Bakıda prezidentlə görüşüb çox açıq müzakirələr apardılar və dövlət başçısı Brüssel zirvəsinə qatılacağını bəyan etdi. Bundan sonra Avropa Şurasının iki qətnamə qəbul etməsi sanki Avropaya doğru addım atmaq istəyən Bakını əməkdaşlıqdan imtinaya sövq etməyə hesablandı. Nə baş verdi?

- Yəqin o danışıqlarda Avropa nümayəndə heyətinin səfəri gözlənilən nəticəni verməyib. Brüsseldə Şərq portnyorluğu ilə bağlı böyük toplantı keçiriləcək. Təəssüflər olsun ki, Azərbaycan XİN-dən verilən məlumata görə, Azərbaycanla strateji əməkdaşlıq haqqında saziş hələ hazır deyil və sənədin imzalanması yəqin bu il mümkün olmayacaq. Bu da onu göstərir ki, hələ orda mübahisəli məsələləri çoxdur.

- Azərbaycanın Avropa Şurasından çıxması nə vəd edir?

- Mən onun tərəfdarı deyiləm. Çünki Azərbaycan elə bir bölgədə yerləşir ki, biz həm torpaqlarımızın azad olunması, həm müstəqilliyimizi qoruyub saxlamaq üçün daim gərək bütün aparıcı beynəlxalq qurumlarla işgüzar əməkdaşlıqda olaq. Ona görə də yaranmış durumdan çıxış edərək bu münasibətləri addım-addım normallaşdırmaq daha düzgün olardı, nəinki qapını çırpıb ordan çıxmaq. Hər halda ümid edək ki, qarşılıqlı səylər nəticəsində bu vəziyyətdən çıxış yolu tapılacaq. Rusiya Avropa Şurasını saymaya bilər, Azərbaycan kimi ölkələrsə gərək həmişə bütün aparıcı beynəlxalq qurumlarla çox işgüzar münasibətlərdə olsun ki, biz həm işğal olunmuş ərazilərimizi azad edə, həm də müstəqilliyimizi qoruya bilək.

- Eldar bəy, dünyanın siyasi xəritəsinin yenidən çəkilməsi istiqamətində proses başladılıb. Düzdür, katolonların nümunəsində separatçıların tərəddüdlü mövqeləri də hiss olunur. Bu proseslərin separatçılıqdan əziyyət çəkən Azərbaycan üçün mənfi-müsbət tərəfləri nədən ibarətdir?

- Təkcə Kataloniyada deyil. Bu hadisələr Şotlandiyada da oxşar prosesləri gücləndirir. Rusiya da Ukraynada xalqların öz müqəddəratını təyinetmə prinsipini əsas götürüb həm Krımla, həm Şərqi Ukrayna, Donbasla bağlı öz siyasətini qurur. Avropanın bir çox ölkələrində də separatçı qüvvələr öz müqəddəratını təyinetmə şüarı altında hərəkətə keçirlər. Təbii ki, bunun Qarabağla bağlı gedən danışıqlara da birbaşa aidiyyəti var. Bu mənada mən bir tarixi hadisəni xatırlamaq istəyirəm. Vaxtilə ermənilər Stalinə müraciət etmişdilər ki, Dağlıq Qarabağa Azərbaycandan ayırıb Ermənistan SSR-ə daxil etsinlər. Stalin məktubu Mir Cəfər Bağırova göndərmişdi. Azərbaycan rəhbərliyi onda çox düzgün və maraqlı taktika seçdi. Onlar tarixə ekskurs etməyə, ərazinin qədim Azərbaycan torpaqları olduğunu sübut etməyə lüzum görmədilər. Çox lakonik cavab verdilər ki, bu məsələyə baxıla bilər, bir şərtlə; Azərbaycanlılar da Ermənistanda, Gürcüstanda, Dağıstanda - bizim sərhədlərimizdə yaşayırlar. Ona görə də bu məsələyə kompleks baxılsa, biz buna etiraz etmərik. Elə onunla da məsələ öz aktuallığını itirdi və Moskva da bu söhbətin davamında artıq maraqlı olmadı. Bu, çox maraqlı bir siyasi təcrübədir, onun bugünkü vəziyyətə də birbaşa aidiyyəti var. Biz nədənsə Qarabağla bağlı gedən danışıqlarda elə bil ki, müdafiə mövqeyindən çıxış edirik. Halbuki Azərbaycanın da öz müqəddəratını təyinetmə prinsipi ilə bağlı öz baxışları ola bilər. Birincisi, 1988-ci ildə Ermənistandan yüz minlərlə azərbaycanlını deportasiya etdilər, bu hadisə birbaşa öz müqəddəratını təyinetmə prinsipi ilə bağlı idi. Akademik Saxarov Bakıya, daha sonra Yerevana getmişdi və sonra bəyan etmişdi ki, Qorbaçovla müzakirələr aparıb, hər iki respublikada referendum keçirilməlidir, Dağlıq Qarabağda yaşayan ermənilərə də, Ermənistanda yaşayan azərbaycanlılara da bu hüquq şamil olunmalıdır. Yəni hər iki respublikada referendum keçirib ərazi mübadiləsi etmək lazımdır. Akademik Saxarov bunu Yerevanda bəyan edib Moskvaya qayıdandan bir neçə həftə sonra Ermənistandan total deportasiya başladı. Bütün sovet orqanları - milis, prokurorluq, hamı zorakılıqla etnik təmizləmə kompaniyasını apardılar və azərbaycanlıların Ermənistandan deportasiyasına nail oldular. Səbəb də məhz öz müqəddəratını təyinetmə ilə bağlı referendum keçirmək hüququndan məhrum etmək idi. Ona görə də Azərbaycanın Dağlıq Qarabağla bağlı apardığı danışıqlarda bu məsələ də qaldırılmalıdır. Əsas beynəlxalq prinsiplərindən biri də xalqların bərabərlik prinsipidir. Əgər Ermənistanda yaşamış azərbaycanlılara bu hüquq verilmirsə, onlar deportasiya olunursa, Qarabağda hansı referendum keçirilə bilər? Ümumiyyətlə, nəzərə alsaq ki, beynəlxalq aləmdə separatçı, ayrılma hərəkətləri son dövrlərdə güclənir, həm Kataloniya, həm Şotlandiyada, indi söhbət gedir ki, Fransada da belə problemlər var, Azərbaycanın mövqeyi çox aydın olmalıdır ki, dünyada parçalanmış millətlərin sırasında birinci məhz Azərbaycandır. Bölgədə 40 milyonluq Azərbaycan xalqı yaşayır, ancaq 40 milyonluq xalqın ancaq 10 milyonu öz dövlətində yaşayır. Azərbaycanın sərhədlərində, həm Cənubi Azərbaycanda, həm Gürcüstanda, həm Dağıstanda milyonlarla azərbaycanlı kompakt yaşayır. 40 milyonluq azərbaycanlının 30 milyonu bizim sərhədlərimizdə kompakt yaşayır. Əgər dünya ictimaiyyəti, aparıcı dövlətlər o qərara gəlsələr ki, öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyündən üstündür, onda Azərbaycan Avropada Almaniya, Böyük Britaniya, Fransa, İtaliyadan sonra ən böyük dövlətə çevrilə bilər. Ona görə bu prinsiplə bizə heç kim hədə-qorxu gəlməsin! Azərbaycan sadəcə olaraq istəyir ki, beynəlxalq hüquq normaları dəqiq olsun və buna hamı riayət eləsin. Biz ərazi bütövlüyü prinsipini dəstəkləyirik, ona görə ki, bu, beynəlxalq hüquq normasının prinsipidir. Ancaq referendumlara qalsa, elə Ermənistandan deportasiya olunmuş azərbaycanlılara da həmin hüquq şamil olunmalıdır, Azərbaycanın sərhədlərində kompakt yaşayan 30 milyona yaxın azərbaycanlıya da. Ona görə də bizim həm Qarabağla bağlı aparılan danışıqlarda mövqeyimiz sərt olmalıdır, həm də beynəlxalq təşkilatlarla apardığımız müzakirələrdə də bu məsələdə biz daha ardıcıl olmalıyıq. Necə ki, vaxtilə Bağırov “biz etiraz etmirik, gəlin, bu məsələyə də baxaq, digərinə də” deməklə bu məsələni gündəmdən çıxartdı. Biz o cür sərt, eyni zamanda beynəlxalq hüquqa söykənən mövqeyi ortaya qoymalıyıq.

“Münasibətləri addım-addım normallaşdırmaq daha düzgün olardı, nəinki qapını çırpıb ordan çıxmaq”
- Eldar bəy, bu günlərdə Deportasiya Qurbanları Cəmiyyətinin sədri seçilmisiniz. Sədrliyiniz dönəmində təşkilatın fəaliyyətində hansı yeniliklər olacaq?

- Əvvəlcə onu qeyd edim ki, mətbuatda balaca bir yanlışlıq getdi. Söhbət daimi sədrlikdən getmir. Bizdə daimi sədrlik olmur. Ümumiyyətlə, təbiətdə daimi heç nə yoxdur. (gülür) Sadəcə olaraq bizim təşkilatda 6 aydan bir rotasiya prinsipi var idi. İlk illərdə bu qaydaya əməl etsək də, sonrakı illərdə artıq rotasiya prinsipinə riayət edə bilmədik.

Deportasiya Qurbanları Cəmiyyətində həm Qarabağ məsələsi, həm beynəlxalq məsələlərlə bağlı çox geniş müzakirələr oldu. Biz üzərimizə düşən işin özümüzə aid hissəsini mütləq yerinə yetirmək əzmindəyik. Hər halda, Ermənistandan deportasiya olunan insanların hüquqlarını qaldırmaqla, o cümlədən onların referendum keçirmək, öz müqəddəratını təyin etmək hüququnu qaldırmaqla biz həm öz soydaşlarımızın hüquqlarını qoruyuruq, həm tarixi ədaləti bərpa edirik, eyni zamanda Azərbaycan dövlətinin Qarabağla bağlı apardığı danışıqlarda mövqeyini daha da gücləndiririk.

Elşad PAŞASOY
Tarix: 14-10-2017, 08:49
Xəbəri paylaş





Xəbər lenti