Son vaxtlar dünyada siyasi sabitlik pozulub, bəzi ölkələr siyasi kursunu dəyişiblər. Dünya siyasətində çoxlarının gözləmədiyi maraqlı hadisələr, dəyişikliklər baş verir. Bəzi ölkələrin ağıllı siyasi gedişləri isə böyük güclərə sərf etmir. Odur ki, onlar bir sıra aqressiv qərarlar qəbul edirlər. Bizim yaşadığımız regionda baş verən hadisələr, əlbəttə ki, Azərbaycanı yaxından maraqlandırır. Fikrimizcə, son vaxtlar yaşananlar ölkəmizin xeyrinədir. Çünki qonşu ölkələrin, əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız dövlətlərin qarşılıqlı münasibətlərinin genişləndirilməsinin bizə ancaq faydası ola bilər. Hesab edirik ki, son hadisələr bu regionun güclü ölkələrinin siyasi gedişləri Qərbi, xüsusilə ABŞ-ı Şərqdən sıxışdırıb çıxarmağa yönəlib. Son illərin təcrübəsi göstərdi ki, Qərb Şərqə daha çox nüfuz etdikcə Türkiyənin, Rusiyanın və İranın mövqeləri zəifləyir, məqsədli şəkildə yaradılmış terror qrupları bu ölkələr üçün böyük problemə və təhdid mənbəyinə çevrilir. Bunu dərindən təhlil edən siyasi liderlər ortaq hərəkət etməkdən başqa çıxış yolu olmadığını anladılar. Nəticədə bu ölkələr arasında son 20 ildə müşahidə olunmayan aktiv qarşılıqlı səfərlər reallaşdırıldı.
Yeri gəlmişkən qeyd edək ki, ABŞ Türkiyənin Rusiya təyyarəsini vurmasına nail olmaqla iki ölkəni müharibə həddinə çatdırmışdı. Əlbəttə, əgər belə bir gərginlik olsaydı, Azərbaycan çox çətin vəziyyətdə qala bilərdi. Ancaq yaxşı ki, həm qardaş Türkiyəyə, həm də qonşu Rusiyaya, sözün əsl mənasında, güclü siyasi liderlər rəhbərlik edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin də dəstəyi ilə Türkiyə və Rusiya bu gərgin vəziyyətdən çıxa bildi. Doğrudur, Türkiyə ilə Rusiya heç vaxt səmimi müttəfiq olmayıb. Onlar yalnız maraqları üst-üstə düşəndə bir-birlərini müdafiə ediblər. Ancaq bugünkü vəziyyət tamamilə fərqlidir. Qərb Şərqdə heç vaxt olmadığı qədər güclənib, ona xidmət edən qruplar yaradıb. Şimali İraq kürd muxtariyyətində müstəqillik referendumunun keçirilməsi vəziyyətin ciddiliyindən xəbər verir. Qarşısı alınmasa, Türkiyə, Rusiya və İranı da belə bir təhlükə gözləyir. Region ölkələri bu vəziyyətdən çıxış yolunu yalnız birləşməkdə görərək əlaqələrini durmadan genişləndirirlər. Son bir ayda baş verən hadisələrə qısa nəzər salaq.
Bu ilin sentyabr ayının ortalarında Türkiyə, Rusiya və İran Suriyada terrorçulara qarşı mübarizədə ortaq hərəkət etmək barədə razılığa gələrək Suriyanın ərazi bötövlüyünü dəstəklədilər. Çox keçmədən, sentyabr ayının sonlarında Vladimir Putin Türkiyəyə səfər etdi. Bu səfərdən heç bir həftə keçməmiş Rəcəb Tayyib Ərdoğanın İrana səfəri reallaşdı. Həm Putinin Türkiyə səfərində, həm də Ərdoğanın İran səfərində dövlət başçılarının səmimi görüntülərini politoloqlar Qərbə mesaj kimi dəyərləndirdilər. Bundan sonra Türkiyə Prezidenti Ukraynaya səfər etdi və bu ölkənin ərazi bütövlüyünü dəstəkləyən, Krımla əlaqədar guya Rusiyanın mövqeyi ilə üst-üstə düşməyən bəyanat verdi. Əlbəttə ki, Rəcəb Tayyib Ərdoğan Putinlə münasibətlərinin düzəldiyi, iki ölkə arasında buzların tam əridiyi, əlaqələrin sürətlə genişləndirildiyi bir zamanda Rusiya əleyhinə fikirlər səsləndirəcək qədər naşı siyasətçi deyildi. Ərdoğan ukraynalı həmkarı ilə görüşdə Türkiyənin Ukraynanın suverenliyini, Krım daxil torpaq bütövlüyünü və siyasi vahidliyini dəstəkləməkdə davam edəcəklərini, Türkiyənin Krımın Rusiyaya birləşdirilməsini tanımadığını və tanımayacağını bildirdi. Rusiya ilə münasibətlərin inkişaf etdiyi bir dövrdə Ukraynaya səfər edib belə fikirlər səsləndirmək müəyyən suallar ortaya çıxarır. Ancaq fikrimizcə, Ərdoğanın Ukraynaya səfəri həm də bu ölkə ilə Rusiyanın münasibətlərini normallaşdırmaq məqsədi güdürdü. Çünki Putin güc yolu ilə Ukraynanı öz yanına çəkə bilməyəcəyini, Poroşenko isə Qərbin onu müdafiə etmədiyini anladı. Əgər Qərb Petro Poroşenkonu müdafiə etsəydi, ABŞ-ın sadiq kadrı olan Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili Ukraynada elə şou göstərə biməzdi. Rusiya ilə Ukrayna arasındakı gərgin münasibətdən hər iki ölkə zərər görür. Bu münaqişə nəticəsində Ukraynada yüzlərlə insan həyatını itirib. Burda qazanan isə təbii ki, Qərbdir. Qərbi regiondan sıxışdırıb çıxarmağın bir yolu da Ukrayna ilə Rusiyanın əlaqələrinin düzəlməsidir. Ehtimal olunur ki, bu missiyanı qardaş Türkiyə öz üzərinə götürüb. Hesab edirik ki, yaxın zamanlarda Rusiya ilə Ukraynanın münasibətlərində normallaşmaya doğru atılacaq addımların şahidi olacağıq.
Son günlər ABŞ-la Türkiyə arasındakı viza gərginliyinin səbəblərindən biri də məhz budur: Türkiyənin Rusiyaya yaxınlaşması, bölgədən ABŞ-ı sıxışdırıb çıxarmaq cəhdləri. ABŞ beləliklə Türkiyəyə təsir etmək, öz çirkin oyunlarına qardaş ölkəni də ortaq etmək niyyəti güdür. Ancaq tarix boyu olduğu kimi, Türkiyə öz milli maraqlarını heç nəyə qurban vermir. Son hadisələrin təhlili göstərir ki, bölgədə yeni strateji müttəfiqlik qurulur. Rusiya, Türkiyə və İranın ortaq layihələr həyata keçirməsi dünya siyasətində müəyyən dəyişikliklərə səbəb ola bilər. Qərbin yalnış siyasi gedişləri nəticəsində Türkiyənin Qərbdən uzaqlaşması onlara baha başa gələcək. Hələ bir müddət əvvəl “Dünya beşdən böyükdür” deyən Türkiyə Prezidentinin necə siyasət apardığı indi-indi üzə çıxır. Deməli, Ərdoğan bu fikri elə-belə səsləndirməyib. Türkiyənin İranla ticarət əlaqələrində milli valyutalardan istifadə etmək qərarının reallaşdırılması da bu işin tərkib hissəsidir. Bu prosesə gələcəkdə Rusiyanın da qoşulması Avropa ölkələrinə və ABŞ-a ciddi zərbə olacaq. Bəs bu mütdəfiqlik Azərbaycana nə vəd edir? Əvvəldə də qeyd etdiyimiz kimi, qonşu ölkələrin əlaqələrinin strateji müttəfiqlik səviyyəsinə qaldırılmasının bizə ancaq faydası var. Gələcəkdə Azərbaycanın da Türkiyə, Rusiya və İran üçbucağına qoşulması ölkəmizi daha da gücləndirə, işğal altındakı ərazilərimizin azad olunmasına ciddi təsir göstərə bilər. Bunun ilkin işartıları artıq görünür. Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əlaqələrin əsası qoyulub. Bakıda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli zirvə görüşü də keçirilib. Bu yaxınlarda isə həmin formatda daha bir görüşün keçirilməsi nəzərdə tutulub. Bu iki üçtərəfli formatın gələcəkdə dördtərəfli formata çevrilməsi bölgədə sabitliyin təmin olunmasına şərait yaradacaqdır. Son vaxtlar Avropa Şurasının Azərbaycana qarşı qərəzli mövqeyi həm də bununla əlaqədar ola bilər. ABŞ Türkiyəyə, Avropa isə Azərbaycana təsir göstərmək istəyir. Ancaq bunun heç bir faydası olmayacaqdır. Artıq bütün dünya, eləcədə bizim yaşadığımız region Qərbin ikili standatlarından təngə gəlib. Qərb ölkələrinin Şərqdə tökdüyü nahaq qanlara dur deməyin vaxtı gəlib çatıb. Qərbin bir sıra politoloqlarının dediyi kimi, dünyanın siyasi xəritəsinin yenidən cızılmasına deyil, münasibətlərin yenidən qurulmasına, redaktə olunmasına ehtiyac yaranıb. Region ölkələrinin yeni müttəfiqlik ideyaları bölgədə yeni müstəqil dövlətlərin yaranmasına, ölkələrin ərazi bötövlüyünün pozulmasına imkan verməyəcək, sabitlik təmin olunacaq.
İzləyək görək yaxın günlərdə daha hansı hadisələr baş verəcək...
Tural Səfərov
Tarix: 14-10-2017, 09:19