Azərbaycana qarşı “46-cı maddə” təhlükəsi - kritik 10 gün

Azərbaycana qarşı “46-cı maddə” təhlükəsi - kritik 10 gün Fazil Mustafa: “Bizi buna məcbur edirlər”; Fərəc Quliyev: “İlqar Məmmədovun həbsxanada, yaxud azadlıqda olması heç nəyi dəyişmir”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bürosu oktyabrın 13-də Avropa İnsan Hüquqları Məhkəməsini Azərbaycanın İlqar Məmmədovun işi üzrə bu məhkəmədə çıxarılmış qərarı yerinə yetirib-yetirmədiyi ilə bağlı mümkün qədər tez rəy verməyə çağırıb. Məlumatı “Amerikanın səsi” yayıb.


Məlumata görə, bununla bağlı AŞ PA-nın saytında yerləşdirilmiş açıqlamada deyilir ki, Azərbaycan İlqar Məmmədovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etmir və ona görə də AŞ PA bürosu Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsində nəzərdə tutulmuş proseduru mümkün qədər tez tətbiq etməyə çağırır.

Konvensiyanın 46-cı maddəsində isə deyilir ki, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.

Qeyd edək ki, bundan öncə Avropa Şurası Nazirlər Komitəsi İ.Məmmədovun işi üzrə mühüm qərar qəbul edib. Beynəlxalq qurum katibliyinə Azərbaycan tərəfini 46.1-ci maddənin (faktiki sanksiya proseduru) tətbiqi ilə bağlı rəsmi xəbərdarlığı əks etdirən sənəd hazırlamağı tapşırıb. Bu sənədə əsasən əgər İlqar Məmmədov NK-nin növbəti iclasına, yəni 25 oktyabr 2017-ci il tarixinə qədər azad edilməzsə, o zaman Azərbaycana qarşı sanksiyanın tətbiqi qaçılmaz olacaq.

Göründüyü kimi, aktuallaşan Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi getdikcə ciddiləşir. Siyasi şərhçilər AŞ PA bürosunun bu tələskənliyinin təsadüfi olmadığını vurğulayırlar. AŞ PA-dakı nümayəndə heyətimizin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Azərbaycanın Avropa Şurasından çıxarılmasının gündəmdə olduğundan söz açdı: “Azərbaycanla Avropa arasındakı bu ziddiyyətlər hələ ki müəyyən dərəcədə öz təsir gücünü qoruyub saxlayır. Qurumun Azərbaycana qarşı qərəzli mövqeyinin əks-sədası ölkəmizdə çox sərtdir. Hesab edirəm ki, bu məsələdə Avropa qurumları çıxış yolu tapmırlar. Rəsmi Bakıya qarşı bəhanə axtarma siyasətini davam etdirirlər. Bu da yanlış yoldur. Çünki Azərbaycan Avropa Birliyi üçün vazkeçilməz bir ölkədir. Qurumun tərkibində olan tək Şərq və Qərb dəyərlərini birləşdirən ölkə yalnız Azərbaycandır. Bu baxımdan atılacaq addım Avropanın özünün müəyyən dərəcədə siyasətində çox böyük fəsadlar törədəcək. Bəhanələr yerinə danışıqlar aparıb, məsələlərin həlli istiqamətində addımlar atılması daha faydalı olardı. Oktyabrın 25-nə qədər İlqar Məmmədovun azad edilməsi üçün tələb var. Azərbaycan tərəfin hansı addımlar atacağını, açığı, mən də bilmirəm. Hər halda, fikrimcə, Azərbaycanın Avropa Şurasından çıxması bizim tam mənada maraqlarımıza uyğun gəlmir. Bizi buna məcbur edirlər. Biz çalışmalıyıq ki, azından orada meydanı boş buraxmayaq. Orada meydanı düşmənə verməyib, heç olmasa nələrəsə təsir göstərmək imkanlarımızdan yararlanmalıyıq”.

AŞ PA-da ölkəmizi təmsil edən daha bir deputatımız, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, Azərbaycana və məhkəmələrimizə təzyiq etmək olmaz: “Mən 8 il məhbəsdə olmuşam. Həbsxanada olanların Allah qapısını açsın. Hesab edirəm ki, elə məhbuslar var ki, müəyyən müddətdən sonra onların azadlığa buraxılmaları mümkündür. Çünki islah olunurlar. Amma məsələ orasındadır ki, Avropa Məhkəməsi və digər qurumlara müxtəlif yerlərdən gedən on minlərlə şikayət var. Məsələn, məşhur Çaykonun adı ilə bağlı şikayət var idi. İndiyə qədər onların istəklərinə uyğun hökm çıxarılmır, yaxud da erməni tərəfi cəzalandırılmır. Amma konkret olaraq ortada faktlar var. Düşünürəm ki, ölkəmizə yönəlik sosial xarakterli nələrsə etmək olar, lakin təzyiqlər düzgün deyil. İnsan haqlarından danışan qurumlar anlamalıdırlar ki, məhkəmə ayrıca hakimiyyət qoludur və hakimiyyətin digər qollarının ona təzyiqlər etməsi doğru deyil. Belə məsələlər ölkəmizə təzyiqdən başqa bir şey deyil. Azərbaycan tərəfin reaksiyasının necə olacağı başqa məsələdir. Lakin belə cığallıqla əsla əməkdaşlıq olmaz. Əgər bizimlə əməkdaşlıq etmək istəyirlərsə, belə su bulandırmaqla bunu davam etdirmək mümkün deyil. Amma hesab etmirəm ki, bütün hallarda Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi qaldırılsın. Çünki Avropa Birliyində inteqrasiya prosesi gedir. Böyük Britaniyanın oranı tərk etməsindən sonra qurumda daxil prosesi başlayıb. Digər tərəfdən, Avropada artıq separatizm dalğası başlayıb. Ona görə bu günləri Azərbaycanın Avropa Şurasından çıxarılması bizdən daha çox onların ziyanına olar. İnanmıram ki, belə bir qərar olsun. Avropa tərəfinin İlqar Məmmədovla bağlı bu tərzdə mövqeyini normal qəbul etmirəm. Tövsiyələrini verə bilərlər. Azərbaycan tərəfi tövsiyələrə əməl etməyə çalışıb. Hesab edirəm ki, İlqar Məmmədovun həbsxanada yaxud azadlıqda olması heç nəyi dəyişmir. Onu problemə çevirməyə də bir ehtiyac yoxdur. Lakin bizə təzyiq edib, dediklərini yeritmək istəkləri mümkün deyil. Biz heç kəsin əyaləti deyilik”.

Cavanşir ABBASLI
Tarix: 16-10-2017, 08:32
Xəbəri paylaş





Xəbər lenti