Rusiyanın bu subyektləri müstəqillik istəyir... – Şərh
Partlayış dövrünü yaşayan separatizm ən çox Rusiyada ciddi nəticələr verə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hazırda ən ciddi separatizm mənbələrinin Rusiyanın ərazisində olduğunu qeyd edib:“Məsələn, Çeçenistan 1994-cü ildə az qala müstəqilliyə yaxın bir status əldə etmişdi. O zaman Yeltsinin təhlükəsizlik işləri üzrə katibi ilə Çeçenistan arasında imzalanmış müqaviləyə görə, bu ölkəyə bir çox məsələlərdə güzəştlər edildi. Belə ki, Çeçenistan öz neftini sata, büdcəsini özü formalaşdıra, ən başlıcası, milli qvardiyasını yarada bilərdi. Yeltsinin dövründə Tatarıstan da demək olar ki, istehsal etdiyi məhsulu satır və əldə etdiyi gəliri birbaşa milli büdcəyə daxil edirdi. Bu ölkə ümummili büdcəyə sahib idi, yəni Moksvaya heç bir vəsait ödəmirdi. Bütün bunları nəzərə alaraq Tatarıstanla Moskva arasında xüsusi müqavilə imzalandı. Müqaviləyə görə, Tatarıstan hətta xarici ölkələrdə nümayəndəliyini açmaq hüququna malik idi. Tatarıstan son illərə qədər Rusiyanın büdcəsinə hər hansı vəsait ödəməməklə əslində müstəqilliyə yaxın bir hüquqa malik olduğunu nümayiş etdirir. Bu nümunəni Başqırdıstan, Tuva respublikası da təkrar edə bilər.
Rusiyada 250 millət və xalqın nümayəndəsi yaşayır. Onların hamısının bu və ya digər formada dövlət qurumları var. Ancaq bu qurumların hüquqları Putinin dövründə tamamilə aşağı salındığından Rusiyanın indiki şəraitində milli dövlət qurmaq şansı uğrunda Çeçenistan, Tatarıstan, Başqırdıstan, Tuva, Buryatiya, Altay mübarizə aparırlar. Bu nöqteyi-nəzərdən partlayış dövrünü yaşayan separatizm ən çox Rusiyada ciddi nəticələr verə bilər. Düzdür, ruslar açıq şəkildə bildirmirlər, ancaq separtizm əhval-ruhiyyəsi Rusiyada nəinki ayaqlanmaqdadır, hətta praktikası yavaş-yavaş yaranmaqdadır”.Avropaya gəldikdə isə politoloq bu bölgədə separatizmin bundan sonra geniş inkişaf edəcəyinə inanmadığını deyib:
“Çünki artıq Kataloniya müstəqillik ideyasından vaz keçib, digər Avropa ölkələrində isə bu proses geniş inkişaf edə bilməz. Hesab edirəm ki,
Qərb bundan sonra Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya problemlərinin daha ədalətli həlli üçün uyğun metodlar seçəcək”.
Siam.az
Tarix: 17-10-2017, 10:07