Avropa Şurasından çıxmaq Azərbaycan dövlətçiliyi üçün uğurlu variant deyil- QULAMHÜSEYN ƏLİBƏYLİ

Avropa Şurasından çıxmaq Azərbaycan dövlətçiliyi üçün uğurlu variant deyil- QULAMHÜSEYN ƏLİBƏYLİ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin keçmiş üzvü Qulamhüseyn Əlibəyli Amerikanın Səsinə müsahibəsində AŞPA ilə Azərbaycan arasında yaranmış problemlərdən danışıb.
Amerikanın Səsi: Avropa Şurası ilə Azərbaycanın münasibətlərində yaranan gərginliyin səbəbləri nədir?

Qulamhüseyn Əlibəyli: Bu səbəblər çox müxtəlifdir. Birinci növbədə Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə demokratiya, insan hüquqları, qanunvericilik sahəsində müəyyən öhdəliklər götürüb. Çox təəssüf ki, həmin öhdəliklər tam şəkildə yerinə yetirilmir. Düzdür, qanunvericiliklə bağlı xeyli dəyişikliklər olub, qanunlar formal cəhətdən bəzi Avropa standartlarına uyğunlaşdırılıb. Amma, demokratiya və insan hüquqları sahəsində xeyli problemlər var. Bu da daim Avropa Şurasının narazılığına səbəb olur. Avropa Şurasının Nazirlər Komitəsində də, Parlament Assambleyasında da bu məsələ dəfələrlə müzakirə olunub. Azərbaycan isə sadəcə olaraq demokratik ənənələrə sadiqliyini nümayiş etdirmək istəmir.
Amerikanın Səsi: AŞPA Azərbaycanda demokratik təsisatlar və insan hüquqları ilə bağlı iki qətnamə qəbul edib. Rəsmi Bakının bu qətnamələrlə bağlı mövqeyi qanedicidirmi?
Qulamhüseyn Əlibəyli: Azərbaycan Avropa Şurası qarşısında müəyyən öhdəliklər götürdüyü üçün vaxtaşırı olaraq monitorinq proseduruna cəlb olunur. Həm demokratik təsisatlar, həm insan hüquqlarının vəziyyəti ilə bağlı məsələ Parlament Assambleyasında müzakirə olunur. Çox təəssüf ki, bu müzakirələrdə əksər hallarda Azərbaycan tərəfi bir növ çox cığal xarakter daşıyan mövqe tutur. Yəni, məruzədə göstərilən fikirləri sadəcə inkar etməklə, bəzən də Avropa Şurasına hədə-qorxu gəlməknən (bu qurumun tərkibindən çıxacağıq və sair) öhdəliklərini yerinə yetirmədiyini ört-basdır etmək istəyir. Hesab edirəm ki, Azərbaycanın mövqeyi bu dəfəki müzakirələrdə də, qəbul edilmiş qətnamələrə münasibətdə də əvvəlkindən ciddi şəkildə fərqlənmir.
Amerikanın Səsi: Sizcə Azərbaycan beynəlxalq tənqidləri liberallaşdırmaq üçün hansı addımları atmalıdır?
Qulamhüseyn Əlibəyli: Hesab edirəm ki, birinci növbədə demokratik təsisatlarla bağlı məsələlər, – seçkilər, insan hüquqları, mətbuat azadlığı, jurnalistlərə basqılarla bağlı, o cümlədən Turan İnformasiya Agentliyinə son dövrlər olan basqılarla bağlı məsələlər ciddi müzakirə olunmalı və ciddi nəticələr çıxarılmalıdır. Azərbaycan hakimiyyəti Avropa Şurası ilə münasibətlərdə ilk növbədə elə bil daxili auditoriyaya yönəlmiş addımlar atır. Mənə elə gəlir ki, bundan qaçmaq lazımdır. İnsan hüquqları sahəsində gec-tez liberallaşma getməlidir. Qanunsuz həbsə alınmış şəxslər azad olunmalıdır. Digər demokratik təsisatların fəaliyyəti ilə bağlı, – seçki hüququnun bərpası, sərbəst toplaşmaq azadlığı (son dövrlərdə iki mitinqin keçirilməsinə icazə veriblər, amma mitinqlərin təşkilində nə qədər problemlər yaranır, mitinqin təşkilatçıları həbsə alınır), bu kimi məsələlərdə Azərbaycan real addımlar atmalıdır. Deklorativ addımlar yox, real addımlar atılmalıdır.
Amerikanın Səsi: Azərbaycanın Avropa Şurasından çıxacağı ilə bağlı fikrilər səslənməkdədir? Sizcə Azərbaycanın bu qurumu tərk etməsi ölkə üçün nə qədər sərfəlidir?
Qulamhüseyn Əlibəyli: Hesab edirəm ki, istənilən beynəlxalq təşkilatın tərkibində qalıb fəaliyyət göstərmək, ondan kənarda fəaliyyət göstərməkdən qat-qat sərfəlidir. Hesab edirəm ki, əməkdaşlıq mövqeyi tutulmalıdır. Avropa Şurası hər halda Avropada müəyyən nüfuz sahibi olan bir təşkilatdır. Ən azı Azərbaycan haqqında, başqa ölkələr haqqında xeyli müzakirələr aparılır. Azərbaycan bu müzakirələrdə iştirak edir. Ölkə dialoqda iştirak etmək əvəzinə oradan çıxırsa sadəcə itirmiş olacaq. Azərbaycan dövlətçiliyi üçün bir o qədər də uğurlu variant olmayacaq.
Gununsesi.info
Tarix: 17-10-2017, 20:43
Xəbəri paylaş





Xəbər lenti