"Ağası Rusiya olanın nə verdiyi sözə, nə başından yekə danışmasına əhəmiyyət verməyə dəyməz"
Nahaq yerə əcdadlarımız "İlanın ağına da lənət, qarasına da" məsələni deməyiblər ki. Yəqin onların da ürəyinə damıbmış ki, min illər sonra sərhədlərimizdə Ermənistan kimi terrorçu, işğalçı bir marionet dövlət, Serj Sərkisyan kimi bir cocuq qatili, iliyinə-qanınadək cəllad bir qaniçən bizə meydan oxuyacaq...Prezidentlərin Cenevrə görüşünün ardından Serj Sərkisyanın xislətinə uyğun olaraq həyasız bəyanat verərək sözün həqiqi mənasında Azərbaycanı aşağılamaq cəhdinə başqa cür şərh vermək mümkün deyil...
Elə səhər saatlarında Moderator.az-a əlaqə saxlayan Azərbaycanın ən ləyaqətli, sinəsi vətən eşqi, Qarabağ həsrəti ilə alışıb-yanan kişilərindən olan millət vəkili Vahid Əhmədov da bizdən betər qəzəblidir. Əməkdaşımızla söhbətində deyir ki, bu gecə hirsindən yata bilməyib:
"Bilirsiniz, mən dəfələrlə demişəm ki, ağası Rusiya olanın nə verdiyi sözə, nə boğazdan yuxarı, başından yekə danışmasına əhəmiyyət verməyə dəyməz. Amma bəzən insan emosional durumdan xilas ola bilmir və az qalırsan silah götürüb cəbhəyə gedərək qəzəbini işğlçıya boşaldasan. Təbii ki, Ermənistanın prezidenti də, erməni xalqı da anlayır ki, Rusiya olmasa Azərbaycan bir neçə günün yox, bir neçə saatın içində Qarabağdakı işğalçıları gəldikləri yerə qədər qovar. Arxalı köpək qurd basar deyiblər. Onlar da Rusiyaya arxalanıb bizə meydan oxumaqda davam edirlər. Bu gün hamı Kərkükün azad olunması ilə Qarabağdakı mövcud situasiyanı müqayisə edir, hakimiyyəti "niyə oxşar addımlar atıb torpağı işğaldan azad etmirsiniz" sualı ilə ittiham edirlər. Mən bu insanların içindəki yanğını anlayıram, amma hissə qapılmaq lazım deyil və biz anlamalıyıq ki, işğalçıya zərbə endirmək üçün münasib tarixi zamanı və şəraiti qiymətləndirmədən addım atsaq peşman ola bilərik. Təbii ki, Ermənistan heç vaxt işğal etdiyi torpaqları geri qaytaran deyil. Sabah Sərkisyan belə bir niyyətə düşsə, onu da ailəsi ilə birlikdə qanına qəltan edərlər. Erməni xalqı ayağa qalxıb Azərbaycanla barışıq tələb etsə Rusiya qoşun yeridib on minlərlə sadə erməninin "uf" demədən məhv edər. Amma istənilən halda Serj Sərkisyanın bu dəfəki sərsəmləməsi bir daha qənaətimizi netləşdirir ki, haylamaqla donuzu darıdan çıxarmaq olmayacaq və biz bütün gücümüzlə, bütün varlığımızla Müqəddəs Savaşa hazırlaşmalıyıq və o günün uzaqda olmadığını düşünürəm. Erməni və sülh anlayışları bir birinə daban-dabana ziddiyyət təşkil edir. Onlar tarix boyu kimlərinsə əlində istifadə vasitəsi kimi işlədiliblər və bu xislətləri həm özlərinə bədbəxtlik gətirib, həm də bütövlükdə bəşəriyyətə. Ona görə də hesab edirəm ki, Ali Baş Komandan da bu görüşlərdə iştirak etsə də Ermənistanın və onun cəllad rəhbərinin nə yuvanın quşu olduğunu bilir, sadəcə onları diz çökdürəcək zamanın hələ yetişmədiyini də hesablayır. Azərbaycan nəinki ötən ilki aprel döyüşlərinə, Xankəndinə üçrəngli bayrağı sancacağımız qələbəyə köklənib və inşallah biz tezliklə işğalçının burnunu ovacağıq".
Tarix: 17-10-2017, 21:12