Bencamin Danql
“AlterNet” (ABŞ)
*****
Oktyabrın 7-də ABŞ-ın Əfqanıstanda başladığı – Amerikanın ən uzun – müharibəsinin on altı ili tamam oldu. Prezident Tramp ABŞ qoşunlarının bu ölkədə davamlı və geniş şəkildə iştirakına bəraət qazandırmağa səy göstərir və ABŞ şirkətlərinin Əfqanıstandan mineral ehtiyatlar hasil etməsi planını düşünür.Əfqanıstanın dəmir, mis, sink, qızıl, gümüş, litium və digər nadir metal ehtiyatlarının təxminən 1 trilyon dollar dəyərində olduğu təxmin edilir.
Prezidenti Əşrəf Qəni bu məsələni Trampla ilk danışıqlarında dilə gətirib. O bildirib ki, bu, ABŞ biznesi üçün böyük fürsətdir.
"Biz böyük zənginlik üstündə oturmuşuq", – deyən Qəni may ayında Riyadda keçirilən yığıncaqda Trampdan soruşub: "Nə üçün Amerika şirkətləri deyil, Çin bundan faydalansın?".
Prezident Tramp Əfqanıstanın mineral zənginliklərindən faydalanmaq üçün müzakirələr aparmaqdan ötrü baş köməkçiləri, mədənçilər və təhlükəsizlik işçilərini bir araya gətirib.
İyul ayında o, yüksək texnologiyalı cihazlarla nadir torpaq minerallardan istifadə etmədə ixtisaslaşan “American Elements” şirkətinin təmsilçisi Maykl Silver ilə görüşüb. “DynCorp” transmilli hərbi şirkətinin sahibi Stiven Finenberq bu mövzuda Trampa məsləhət verir. İnsan haqlarını pozmaqda ittihamlanan “DynCorp” “Taliban”ın nəzarətində olan bölgələrdə mina təhlükəsizliyini təmin edə bilər.
Pis ad çıxaran “Blackwater International” firmasının qurucusu Erik Prins, həmçinin Trampla Əfqanıstan mövzusunda müzakirələrə qatılıb.
“Wall Street Journal”a açıqlamasında Prins ölkədəki müharibənin tamamilə özəlləşdirilməsini müdafiə edərək, ABŞ-ın bütün səylərinin xüsusi hərbi birliklərə verilməsi fikrini dəstəkləyib.
Bu arada Trampın Əfqanıstan prezidenti Qəni ilə müzakirələri davam edir.
Sentyabrın 22-də bu iki şəxs Nyu-Yorkda bir araya gəlib. Ağ Evin yaydığı press-relizə əsasən, "Amerika şirkətlərinin Əfqanıstanın zəngin mineral ehtiyatlarını tez bir şəkildə necə hasil ediləcəyinə dair razılığa gəliblər. Tərəflər belə təşəbbüslərin Amerika şirkətlərinə fayda verəcəyi, həm də Əfqanıstan iqtisadiyyatını gücləndirərək hər iki ölkədə yeni iş yerləri yaradacağını bildiriblər”.
Dövlət başçıları mədən sektorundan gəlir əldə etməyi müzakirə edərkən, ABŞ-ın Əfqanıstandakı müharibəsi kəskinləşir.
Pentaqonun Əfqanıstanın Yenidənqurma üzrə Xüsusi Müfəttişliyinin ən son hesabatına əsasən, 2001-ci ildə Əfqanıstanda müharibəyə başlayandan bəri Vaşinqton təxminən 714 milyard dollar vəsait xərcləyib. Yəni, Əfqanıstandakı müharibəyə ABŞ ayda təxminən 3,9 milyard dollar “tərləyir”.
Pentaqonun məlumatına görə, hazırda Əfqanıstanda 11 min əsgər yerləşdirilib. Avqust ayında Tramp daha dörd min əsgərin əlavə yerləşdirilməsinə dair əmr verib. Senatın Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı senator Bob Korker ABŞ əsgərlərinin Əfqanıstanda on il və ya daha çox müddətdə qalacağını deyir.
Bombalar yağdırılır. Ötən ay Əfqanıstanda ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən təşkil edilən hava hücumları yeddi illik rekorda çatıb. Bu ilin 9 ayı ərzində ABŞ Əfqanıstana 2,353 bomba endirib – 2015-ci ildə 236 hava hücumundan dramatik artım. Apreldə İŞİD təmsilçilərinin məhv edilməsi üçün ABŞ Əfqanıstana 11 tonluq bomba atıb.
Şiddətin artması ilə mülki itkilər artır. Bu il yanvarın 1-dən sentyabrın 30-dək BMT mülki əhali arasında 2.640 ölüm faktı və 5.379 nəfərin yaralandığını qeydə alıb.
BMT-dən alınan məlumata görə, hava hücumları mülki itkilərin 43% artmasına səbəb olub.
Uşaq və qadınlar arasında itkilər əvvəlki ilə nisbətən daha çoxdur. Yaralıların üçdə ikisi “Taliban” və İŞİD kimi digər antihökumət qüvvələrinin hücumlarının nəticəsidir. Bundan əlavə, boş evlərin və kəndlərin bombalanmasında 1,483 nəfər xəsarət alıb və bir çox yaralının amputasiyası ilə nəticələnib.
"Əfqanıstan əhalisi ABŞ əsgərlərinin qoruduğu korrupsiyalaşmış hökumət, ABŞ-ın hava hücumları və “Taliban” qüvvələri arasında qalıb”.
Bunu “Yaralı Əfqanıstan” kitabının müəllifi xanım Sonali Kolhatkar deyib.
Onun sözlərinə görə, müharibə onların həyatlarını xeyli çətinləşdirib və ehtimal ki, şiddət daha neçə-neçə il davam edəcək.
Eyni zamanda, Əfqanıstanın mineral zənginliyi Amerikanın ən uzun müharibəsini davam etdirmək üçün bir səbəb axtaran prezident Trampın diqqətini çəkir.
Ağ Evə yaxın bir qaynaq deyib: "Tramp tramvayı geri qaytarmaq istəmir. O, bu müharibədən daha çox fayda qazanmağa çalışır".
Tərcümə: Strateq.az
Tarix: 18-10-2017, 08:36