Əvəz Həsənov: “ABŞ və Avropaya iqtisadi maraqları üçün Azərbaycanda sabit siyasi sistemin olması çox vacibdir”

Əvəz Həsənov: “ABŞ və Avropaya iqtisadi maraqları üçün Azərbaycanda sabit siyasi sistemin olması çox vacibdir” ABŞ səfirinin mesajı - sabitlik və iqtisadi əlaqələr daha mühümdür...

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib ki, Azərbaycan ABŞ üçün mühüm ölkədir. Bu baxımdan ABŞ Azərbaycanda sabitliyin olmasında maraqlıdır: “Rusiya və İranla sərhəd ölkə olması Azərbaycanı nəqliyyat sahəsində mühüm ölkəyə çevirir. Biz əlaqələrimizdə neft-kimya sahəsinin də inkişafına təkan vermək istəyirik. Ümid edirəm ki, bu görüşdə biznes nümayəndələri əməkdaşlığımızı necə inkişaf etdirmək və Azərbaycan iqtisadiyyatının çiçəklənməsinə necə kömək edə biləcəklərinin yollarını tapacaqlar”.


Ekspertlər bildirir ki, səfirin çıxışında iqtisadi əlaqələr və sabitlik məsələsinin vurğulanması ABŞ-ın Azərbaycanla münasibətlərdə demokratiyanı arxa plana keçirməsinin, iqtisadi əlaqələrin Vaşinqton üçün daha vacib olmasının növbəti dəfə isbatıdır. Azərbaycan ABŞ-la müqayisədə çox kiçik ölkə olsa da Vaşinqton üçün çox böyük əhəmiyyətə malik strateji komponentdir. Vaşinqton bu komponentin əldən çıxmasını istəməz. ABŞ Azərbaycanla münasibətləri əlaqələrə ciddi zərbə vuracaq həddə heç zaman pisləşdirməz. Azərbaycan regionda marağı olan ölkələr, xüsusilə ABŞ üçün strateji əhəmiyyət daşıyan bir ölkədir. Azərbaycan Rusiya və İranın arasında olan elə bir strateji nöqtədir ki, bu məsələdə demokratiyanın sərhədinin cızılması və yeni dünya düzənində tutacağı yer çox mühümdür. Buna görə də Azərbaycandan ABŞ-ın imtina etməsi və ya Azərbaycanı proseslərdən sıxışdırması o qədər rahat deyil.

Azərbaycan Avropainteqrasiya Milli Komitəsinin təsisçisi və üzvü Əvəz Həsənov bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan təkcə iqtisadi əlaqələr baxımından deyil, qlobal siyasi münasibətlər baxımından da ABŞ və Avropa üçün kifayət qədər vacib bir ölkədir. Burada ölkənin iqtisadi potensialı, eləcə də Türkmənistan və Qazaxıstan qazının Avropaya daşınması üçün tranzit bölgə olmasının da önəmi var. ABŞ-a və Avropaya iqtisadi partnyorluğu uğurla davam etdirmək üçün Azərbaycanda sabit siyasi sistemin də olması çox vacibdir.

Səfirlər də zaman-zaman bunu dilə gətirir: “Bu siyasi sabitliyi yaradan siyasi qüvvələrin olması o deməkdir ki, ABŞ və Avropa burada stabil siyasi kursun davam edəcəyinə təminat alırlar. Əgər istər ABŞ, istərsə Avropa ölkələri burada güclü alternativ siyasi gücün və rəhbərin olacağını görsəydilər, çoxdan ölkəmizə qarşı sanksiyaları və məhdudlaşdırmaları ciddiləşdirərdilər və burada fərqli siyasi mühitin formalaşmasına dəstək olardılar. Ancaq görünür ki, həmin ölkələrin siyasi institutları Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı prosesləri pisləsələr də, ümumi olaraq ölkəyə münasibətləri iqtisadi partnyora olan normal münasibətdir. Bizim hakimiyyət də bunu yaxşı bilir”.

Ekspertin sözlərinə görə, ABŞ Konqresi, Avropa Parlamenti, Avropa Şurası və ATƏT kimi qurumlar Azərbaycanla bağlı sərt bəyanatlar qəbul etməsinə baxmayaraq, bu, ABŞ prezidentinin administrasiyasının və Avropa Birliyinə daxil olan ölkələrin Azərbaycana qarşı dövlət siyasətinə ciddi təsir etmir. ABŞ-ın Azərbaycandakı səfirinin də Azərbaycanla bağlı son dedikləri bunun sübutudur: “Eyni zamanda ABŞ və bəzi Avropa Birliyi ölkələri Azərbaycanın neft ixracı və tranziti ilə bağlı icra etdiyi layihələrdən xüsusi pay əldə etmək üçün bəzən güclü siyasi təzyiq etməyə maraqlıdırlar. Bəzən Qərb ölkələrinin tam olaraq inanmadığı həmin layihələrin maliyyələşdirilməsində Azərbaycanın özünün investisiya qoyması və sonradan ümumi nəticənin müsbət olması ölkənin və ölkə rəhbərinin inandırıcı partnyor imicini artırır. Bu, eyni zamanda dolayısı yolla təzyiqlərin də artırılmasına rəvac verir. Eyni zamanda burada stabilliyin hesabına iqtisadi layihələrin uğurla icrasını istəyirlər, Azərbaycanın sekulyar islam modeli olan bir ölkə obrazında qalmasını istəyirlər, ölkədə demokratik seçki və insan hüquqlarına hörmət olunmasına təminatın olmasını isə sadəcə, arzulayırlar. Buna görə xüsusi təzyiq etmirlər”.

Etibar SEYİDAĞA
Tarix: 19-10-2017, 08:47
Xəbəri paylaş





Xəbər lenti