Kreml Bakıdakı dostlarını növbəti dəfə necə məyus etdi? - təhlil

Kreml Bakıdakı dostlarını növbəti dəfə necə məyus etdi? - təhlil Desəm ki, tamam – kamal qəfil xəbər oldu və biz Rusiyanın Ermənistana silah –sursat almaq üçün növbəti 200 milyon dollarlıq kredit ayırması haqqındakı xəbəri eşidib lap əldən–ayaqdan düşdük və ya üzlüdük, əlbəttə ki, bu, gülünclük olar.

“Strateji şimal qonşumuz” heç də birinci dəfə deyil ki, belə edir, sanki Azərbaycanla Ermənistan arasında illərdir, tərəzi tutubdur, biz haradansa bir silah alan kimi, ya da özü bizə hər hansı silah satan kimi dərhal bundan da yaxşısını və müasirini İrəvana ötürür ki, hərbi balans pozulmasın, - birdən azacıq üstünlük əldə edən azərbaycanlılar başqa bir fikrə düşə bilərlər...


Bəli, zahirən, formal baxımdan hər şey hətta “ədalətli” görünür – Moskva göstərmək istəyir ki, hamıya bir gözlə baxır, Ermənistanla da, Azərbaycanla da sıx və simmetrik münasibətlər saxlayır, guya, tərəf saxlamır, hətta silahı da hər iki tərəfə verir ki, heç kim deməsin ki, bəs ona verdin, amma bizi yaddan çıxardın. Düzdür, Bakıya silahı xarici valyuta ilə satır, amma Ermənistana da “kredit”lə verir ki, azərbaycanlı camaatı incik qalmasın...

Burada mənim yadıma bir neçə il bundan əvvəlin söhbəti düşür. Bəli, ömrümdə iki – üç müsahibə götürmüşəm ki, onlardan biri də Rusiyanın Azərbaycandakı birinci səfiri V.Şoniya ilə olubdur.
Ona deyəndə ki, ölkəniz Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutmur və açıq – aşkar şəkildə ermənilərə kömək edir, səfir qayıtdı ki, bəs, biz sizə də kömək etmişik...

Jurnalist rəsmi adamlarla söhbətləşəndə müəyyən nəzakət çərçivələrini gözləməyə borcludur, xüsusən də ki, bu, Rusiya kimi böyük bir dövlətin səfiri ola! Jurnalist maksimum onu edə bilər ki, predmetə münasibətini öz suallarında ifadə edər və istiqamətləndirici suallarla öz mövqeyini qismən də olsa, ifadə edər...

Amma mən o vaxt açıq bir şəkildə demək istəyirdim ki, cənab səfir, xalqları və dövlətləri biri-birinin üzərinə qaldırmaq, onlar arasında düşmənçilik toxumu səpmək və müxətlif vasitələrlə bunun sönməsinə imkan verməmək, gah bu, gah da o biri “ocağ”a benzin tökmək, heç də köməklik deyildir – bəlkə real siyasət və diplomatiya baxımından bu, elə belə də adlanır, amma adi insanlar arasında bunun tamam başqa adı var.

Fəqət, bir az əvvəldə ərz etdiyim səbəbdən bunları ona demədim. Əgər desəydim belə, nə dəyişəcəkdi?..

Bəs bütün bunları sizə niyə deyirəm? Real siyasət çox çətin bir məsələdir və siyasətçilər üçün həmişə çətindir. Bəli, bir siyasi təhlilçi kimi mən çox şeyi açıqca yaza və hər məsələyə öz səmimi münasibətimi prinsipcə, bildirə bilərəm...

Amma praktiki siyasətlə məşğul olanlardan bunu tələb etmək yersizdir və onlar bizim kimi səmimi ola bilməzlər...

Ona görə də demirəm ki, siyasət adamlarımız durub “dişlərinin dibindən” çıxanı Rusiyanın ünvanına söyləməlidirlər. Yox, bunu heç kim tələb etmir onlardan...

Amma başqa tələb var. O, da budur ki, milli maraqları cari siyasi maraqlara tabe etməsinlər. Şəxsən qurbanı olduğum Allah da bəndənizi inandıra bilməz ki, bəs, Rusiya bizim dostumuz və müttəfiqimizdir...

Bəli, Rusiya prinsipcə, hansısa böyük məmurun dostu və hamisi ola bilər, hətta bütövlükdə bir siyasi hakimiyyətin dostu olar. Amma ölkənin və xalqın dostu olmaq tamam başqa şeydir.

Təbii, bu da o demək deyil ki, dərhal bütün bunları Kreml siyasətçilərinin diqqətinə çatdıraq. Yox, buna da ehtiyac yox, siyasətdə belə olmur. Amma bütün bunları bilə - bilə başqa ölkələrlə, dünyanın başqa aparıcı kəsimlərilə münasibətləri soyutmaq – bax, bu, tamamilə başqa məsələdir. Xüsusən də bunları Qərblə münasibətlərdə nəzərə almaq lazımdır.

Qarabağ problemi bir ayrı məsələdir və mən də razıyam ki, Qərb bu məsələdə yetərincə maraq və prinsipiallıq göstərmir, hətta deyərdim ki, ona yanaşmada aşkar ikiüzlülük edir. Bunları elə bəndəniz də daim yazır və deyir.

Fəqət, biri var, bir problemin həllinə yardımçı olmaqdan yayınmaq, ona biganəlik göstərmək, biri də var, həmin problemi yaratmaq və daim onun alovlanmasına səbəbkar olmaq.
Qərblə Rusiyanın fərqi bundadır – yalnız biganəlikdə ittiham edə biləcəyimiz Qərbdən fərqli olaraq Rusiya bu problemin əsl müəllifidir.

Həm də ki, bütövlükdə götürəndə Qərbin, onun institutlarının Azərbaycanla bağlı başqa problemi yoxdur, yenə də Rusiyadan fərqli olaraq o, bu ölkənin ekspansiyası haqda düşünmür, onun müstəqilliyinə və suverenliyinə son vermək xüsusunda hər hansı niyyətdə bulunmur.

Bəs onda problem nədədir? Gəlin, bir qədər səmimi olaq – bəli, bizim siyasi hakimiyyətin Qərblə müəyyən problemi var və o, nədən, haradan qaynaqlanır – bu da hamıya bəlli...

Ona görə də bir daha deyirəm ki, ümummilli maraqları cari siyasi maraqlara tabe etmək lazım deyil. Ən azı ona görə ki, bu, hamımızın ölkəsidir və bu xalq hamımızın xalqıdır. Hər siyasət və dövlət adamının bir mənəvi ehtiyacı da olur və bu da gələcək nəsillər tərəfindən hörmətlə və izzətlə anılmaqdır. Bunun üçün isə vətəndaş, cəmiyyət və dövlət üçün yadda qalacaq işlər görmək lazımdır...

Hüseynbala Səlimov,
Tarix: 20-10-2017, 08:45
Xəbəri paylaş





Xəbər lenti