Azər Qasımlı: “...Özü cavab versə daha yaxşı olar”
REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirlinin siyasətdən getdiyi barədə öz facebook səhifəsində paylaşdığı status ətrafında müzakirələr qızışır. Hərəkatın təyin etdiyi 29 oktyabr qurultayına az qalmış funksionerin verdiyi qərarla bağlı müxtəlif mövqelər var.Doğrudur, E.Qədirli REAL-da sıravi üzv kimi fəaliyyətini davam etdirəcəyini, bundan sonra heç bir vəzifə tutmayacağını dilə gətirib. Lakin bu da onun statusu ətrafında gedən müzakirələri səngitməyib. Belə iddialar var ki, Erkin bəy REAL qurultayında sədrliyə namizəd olmaq istəyib, lakin onun bu qərarına qarşı narazılıq olub. Hərəkatın həbsdəki sədri İlqar Məmmədovdan başqa kimsənin sədrliyə iddiaçı olması məqsədəuyğun sayılmayıb.
E.Qədirli ətrafında gəzən bəzi söz-söhbətlərə facebook səhifəsində aydınlıq gətirib. O, İ.Məmmədovla onun arasını vurmaq cəhdlərinin olduğuna toxunub: “REAL yenicə qurulanda mən İlqar Məmmədovla birlikdə həmsədr vəzifəsində oldum. Sonra gördüm ki, bayırdan (iqtidardan və müxalifətdən) İlqarla mənim aramı vurmağa çalışırlar. İlqarı mənə, məni də İlqara pisləyirlər. Hər zaman olduğu kimi, onda da sistemli düşündüm. Anladım ki, problem sistemdədir - nə qədər ki, həmsədrlik olacaq, bayırdan içimizdə intriqa salmaq istəyənlər də olacaq. Unutmayın, problem şəxsiyyətlərdə deyil, fürsətlər sistemində olur. Sistemi elə qurmaq gərəkdir ki, şəxsiyyətlərin keyfiyyətləri işin keyfiyyətinə təsir göstərməsin (ya da bunun riski mümkün qədər az olsun). Daha sonra mən Məclis başqanlığından getdim. Etdiyim bir yanlışa görə çıxarıldım. Özümü düşünsəydim, kobud yanlışa görə yüksək vəzifədən çıxarılandan sonra təşkilatdan da gedərdim. Amma mən onda da REAL-ı düşündüm”.
Erkin bəy REAL-da bir daha vəzifə tutmaq fikrində olmamasına səbəb kimi bunları gətirib: “Mən, ümumiyyətlə, vəzifə adamı deyiləm. Güclü və zəif tərəflərimi yaxşı bilirəm. Heç bir vəzifə mənim güclü tərəfimi daha da güclü edəsi deyil. Amma istənilən vəzifə mənim zəif tərəflərimi daha da zəif edəcək. Nəticədə bir tək mən deyil, REAL da zəifləyəcək. Vəzifə mənə darıxdırıcı gəlir, düşüncələrimi sıxır. Mənim davranışlarım intizamsız ola bilir, amma düşüncələrimdə intizamlıyam”.
REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı “Yeni Müsavat”a açıqlamasında E.Qədirlinin heç yerə getmədiyini bildirdi: “Erkin bəy heç yerə getməyib, namizədliyini də partiya Məclisinə verib, üzv kimi. Məclisin sədri qurultayda deyil, Məclisdə seçilir. Məncə, əsas sualları Erkin bəyin özünə versəniz daha düzgün olardı. Onun mövqeyinə hərəkatın İdarə Heyətinin heç bir mövqeyi olmadı. O, sadəcə, öz mövqeyini ifadə etdi, özünü rəhbər vəzifələrdə görmədiyini açıqladı. Bu açıqlamanı da ona görə edib. İndi nəyə görə etdi sualına özü cavab versə daha yaxşı olar”.
REAL-ın sözçüsü qurultay üçün müraciətlərinə cavab verilməməsinə də toxundu: “Biz oktyabrın 29-da qurultay keçirməyi qərara almışıq. Bundan sonra Bakıda yerləşən dörd və ya beşulduzlu hotellərə müraciət etdik. Hansında kı, 400-500 nəfərlik zal mövcuddur. Digər hotellərdə o imkanlar yoxdur. Amma imkanı olan hotellər siyasi qurumlara yer ayırmadıqlarnı, zalları bizə verə bilməyəcəklərini söylədilər. Ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək məcburiyyətində qaldıq. Müraciətdə də üç yer göstərmişdik. ”Bakı" və “Təbriz” kinoteatrları, bir də Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Evi. Biz müraciətimizi oktyabrın 2-də göndərdik. Qanunvericiliyə uyğun olaraq, 15 gün ərzində müraciətimizə cavab verilməli idi. Təəssüflər olsun ki, bunu etmədilər. Hətta icra hakimiyyətindən bizə bildirdilər ki, sizin müraciət qeydə alınmamış və icraata verilməmişdi. Burada da qaydanı pozmuş oldular. Bizə o yeri verib-vermədikləri barədə konkret münasibət bildirmirlər. Bununla bağlı bizim media açıqlamamız olacaq, orada mövqeyimizi bildirəcəyik".
Cavanşir ABBASLI
Tarix: 20-10-2017, 08:50