Elçibəyin köməkçisindən Ayaz Mütəllibova – Şillə kimi suallar
Adam yenə öz ampulasındadır. 1991-ci ildə olan mövqeyi ilə bağlı indiki zamanda danışır. Mütəllibov qoy bu suallara cavab versin: 23 avqust 1991-ci ildə AXC qərargahını dağıdıb, Elçibəy, Sabir Rüstəmxanlı, mən daxil onlarla adama ağır fiziki xəsarəti kim yetirdi? Ordunun yaradılması məsələsini niyə yubadırdı? Ermənistan qaçqınlarını Bakıdakı evlərindən zorla çıxarıb Dağlıq Qarabağa göndərib, sonra onları niyə müdafiəsiz qoydu? Elçibəyin ona 2 dəfə Xocalının müdafiəsi ilə bağlı yazdığı məktuba niyə cavab verməyib, bu istiqamətdə niyə tədbirlər görmədi?
Siam.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu suallar Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibova mərhum prezident Əbülfəz Elçibəyin uzun illər köməkçisi işləmiş Oqtay Qasımov tərəfindən ünvanlanıb.O.Qasımov qeyd edib ki, əslində, Mütəllibova ünvanlanacaq suallar çoxdur:
“Belə bir səviyyənin sahibinin ölkəmin rəhbəri olması doğrudan da xəcalətvericidir”.Oqtay Qasımovun Ayaz Mütəllibova bu sualları verməsi təsadüfi deyil.
Otən gün Ayaz Mütəllibov mətbuata açıqlama verərək 18 Oktyabr Dövlət Müstəqilliyi haqqında qərar qəbul etdiyini və müstəqillik uğrunda mübarizə apardığını elan edib:
“Bu gün Azərbaycanın dövlət müstəqilliyini qazanmasının 26 ili tamam olur. Bu, millətimiz üçün böyük xoşbəxtlikdir. Ona görə də biz müstəqilliyimizi göz bəbəyimiz kimi qorumalıyıq. O zaman mürəkkəb proseslər gedirdi.
Bütün bu risklərə baxmayaraq, biz müstəqilliyimizlə bağlı qərarı qəbul etdik. Mən 1991-ci il oktyabrın 18-də həmin qərara imza atdım. Şükürlər olsun ki, biz indiyədək müstəqilliyimizi qoruyub saxlamışıq. Mən müstəqillik aktına imza atan prezident olsam da, bütövlükdə burada xalqımızın rolu böyük olub. Bunu etiraf etmək lazımdır. Sadəcə olaraq, mən onlara qarşı çıxmaq istəmirdim. Düşünürdüm ki, biz demokratik cəmiyyət qurmaq istəyiriksə, bu cür adamlar da olmalıdır. Hətta, bəzən onlara qarşı çıxanda AXC-Müsavat üzvləri məni anti-demokratik addımlar atmaqda ittiham edirdilər, qınayırdılar. Mən də bütün qüvvələrə şərait yaradırdım, onlara fikir və mövqe bildirmək qadağası qoymurdum. Bəlkə də buna görə mən hakimiyyətdə çox qala bilmədim”.
Tarix: 20-10-2017, 22:21