“Azərbaycana təzyiqlər həddindən artıq böyükdür”- Milli Məclisdə müzakirə

“Azərbaycana təzyiqlər həddindən artıq böyükdür”- Milli Məclisdə müzakirə Bu gün Milli Məclisin plenar iclasında deputatlar Avropa Şurası Parlament Assambleyası və Azərbaycan arasında yaşanan gərginliyə münasibət bildiriblər.

Cebhe.info xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqe tutduğunu deyib:


“Azərbaycana təzyiqlər həddindən artıq böyükdür”- Milli Məclisdə müzakirə

“Avropa Şurası Parlament Assambleyasının sessiyası Azərbaycan nümayəndə heyətinin fəal və ölkəmizin maraqlarının yüksək təmsil etməsilə müşahidə olunub. Bu sessiya başqalarından fərqli olaraq asan keçməyib. Fərqi yalnız Azərbaycanla bağlı bir neçə sənədin hazırlanması ilə bağlı deyil. Sessiyanın bir neçə günü Azərbaycana həsr edilmişdi”.

S.Seyidovun sözlərinə görə, Azərbaycanla bağlı məsələlərin nəyə görə gündəliyə salınması aydındır: “Bu gün Avropa Şurasının özündə gedən proseslər göstərir ki, hansısa ölkəni hədəf tapıb öz problemlərini həll etmək istəyirlər. Bizdən başqa Avropa Şurasında monitorinq altında olan 10-dan çox ölkə var. Bu ölkələrin problemləri kənara qoyulub və məhz Azərbaycan hədəf seçilib. Təəssüflər olsun ki, Azərbaycana qarşı qəbul olunan qətnamənin müzakirəsi zamanı iclaslara gəlməyən şəxslər belə bu dəfə toplantıya qatılmışdı. Avropa Şurası Azərbaycan üçün vacib qurum, vacib tribunadır. Bu məkandan Azərbaycanı məhrum etmək istəyirlər”.

S.Seyidov qeyd edib ki, Avropa Şurasının baş katibi qanunun aliliyini alətə çevirərək Azərbaycana təzyiq etməyə çalışır: “Sağlam qüvvələr də belə bu insanların girovuna çevrilib. Səsvermə zamanı bir qrup insan da bunların təsirinə düşüb, Azərbaycanın əleyhinə qətnamə qəbul olunub. Ukraynalı deputatlar bizim əleyhimizə səs veriblər. Bu, o deməkdir ki, onlar həm də Ukraynanın əleyhinə səs vermiş olublar. Hakim partiyanın deputatlarından başqa digər partiyaların nümayəndələri Azərbaycan əleyhinə səs verib. Demək istəyirəm ki, Ukrayna-Azərbaycan münasibətləri normaldır”.

Nümayəndə heyətinin rəhbəri bir qrup türkiyəli deputatın Azərbaycana qarşı qəbul olunan qətnaməyə səsverməsinə də münasibət bildirib. “Münasibətləri təhlil etməliyik. Əgər hiss etsək ki, deputatlardan başqa digər qurumlar bizə qarşı qərəzlidir, o zaman mövqeyimizi ortaya qoymalıyıq. Heç bir dövlət bu cür qərəzli münasibətə dözə bilməz. Təzyiqlər həddindən artıq böyükdür, bu təzyiqlər Azərbaycanın apardığı uğurlu siyasətə qarşıdır”.

Vilayət Muxtar
Tarix: 20-10-2017, 22:31
Xəbəri paylaş





Xəbər lenti