Rusiya təzyiqi artırsa, Qərb Azərbaycana dəstək verərmi?
Əhəd Məmmədli: “Qərb heç vaxt Qarabağa görə Rusiya ilə savaşa girməz, torpaqları azad etməyin yeganə yolu...”
Azərbaycanın üzərində daim hiss etdiyi Rusiya təzyiqləri ilə bağlı zaman-zaman müzakirələr gedir. Müzakirə mövzularından biri də şimaldan ölkəmizə təzyiqlər artarsa, ABŞ başda olmaqla, Qərb dairələrinin, xüsusilə qardaş Türkiyənin də yer aldığı NATO-nun bizə kömək edib-etməyəcəyi ilə bağlıdır.
Yada salaq ki, indiyədək Kremlin Azərbaycana müxtəlif dönəmlərdə, xüsusilə parlament və prezident seçkiləri ərəfəsində etdiyi təzyiqlərə münasibətdə Qərbin ikili standartlardan çıxış etdiyinin şahidi olmuşuq. Amma indi fərqli situasiya yaranıb. Belə ki, əvvəlki zamanlara nisbətən Rusiya-Qərb qarşıdurması ən pik həddə çatıb.
Etiraf etmək lazımdır ki, Azərbaycana Rusiya təzyiqləri olduğu zamanlarda Qərb-Rusiya münasibətləri bu həddə deyildi. Lakin indi Amerika Rusiyaya daha bir zərbə vurmaq üçün fürsətlər axtarır. Belə fürsətlərdən biri də Kremlin Azərbaycana qarşıdakı zamanlarda təzyiqlər edəcəyi təqdirdə ola bilər.
Lakin politoloq
Əhəd Məmmədli Qərbin Rusiyanın Azərbaycana təzyiq edəcəyi təqdirdə belə rəsmi Bakının yanında olacağına inanmır: “Bu mümkün deyil. Bunu hələ də düşünən insanlar varsa, onlar çox sadəlövhdürlər, ya da bilərəkdən insanlara yalan danışırlar. NATO üzvü Türkiyə Rusiya qırıcısını vuranda müttəfiqləri Türkiyənin yanında durmadı. Rusiya NATO tərəfdaşları olan Ukrayna və Gürcüstanın ərazilərini işğal etdi, yenə Qərb bunun qarşısını almadı. Halbuki hələ 1991-ci ildə Ukrayna ilə bağlanan çoxtərəfli müqaviləyə əsasən, ABŞ Ukraynanın ərazi bütövlüyünü, suverenliyini qorumağa öhdəlik götürmüşdür. Qorudumu? Xeyr. Ona görə Azərbaycan Qərbə bu məsələdə heç bir ümid bağlamamalıdır. Lakin bu, o demək deyil ki, Rusiyaya da müqavimət göstərilməməlidir. Müqavimət ancaq qardaş Türkiyənin müdafiəsini yanımıza almaqla, dost Pakistanla müttəfiq olmaqla, tərəfdaş ərəb dünyası ilə iqtisadi bağları möhkəmləndirməklə göstərilməlidir. Ukraynaya hansı dəstək verdilər? Ukrayna Krımı, Donbasın yarısını itirdi. İndi də sabitlik əvəzinə avantürist Saakaşvilinin rəhbərliyi altında yeni narıncı inqilab hazırlayırlar”.
Politoloq ölkəmizin Qərblə necə əməkdaşlıq etməyinin yollarından da söz açdı: “Azərbaycan Qərblə tərəfdaşlıq etməlidir, bu şübhəsizdir. Lakin ən azından bu müttəfiqliyi NATO üzvü, təbii müttəfiqimiz Türkiyəni yanımıza almaqla etməliyik. Müsəlman xristian dünyasının nə qərbinə, nə də şimalına ümid etməməlidir. Qərb-Rusiya münasibətləri nə qədər gərgin olsa da, Qərb heç vaxt Qarabağa görə Rusiya ilə savaşa girməz. Necə ki, Krım və Donbasa, eləcə də Abxaziya və Cənubi Osetiyaya görə Rusiya ilə savaşa girmədi. Və bir də unutmayaq ki, Qarabağ münaqişəsinə cavabdeh ABŞ və Fransa kimi Qərb dövlətlərində çox güclü erməni lobbisi var. Qarabağı azad etməyin yeganə çıxış yolu nə Qərblə müttəfiqlik, nə də Rusiya ilə yaxınlıq deyil. Hər iki halda Qarabağı bizə qaytarmayacaqlar. Qarabağın yeganə azad edilmə yolu Türkiyə və Pakistanla hərbi ittifaq qurmaqdır. 2008-ci ildə rus tankları Tiflisin 20 kilometrliyinə qədər gəlib çıxmışdı. Ukrayna son inqilabdan sonra hələ də özünə gələ bilmir. Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü qoruya bilməyən Qərb Azərbaycanınmı ərazi bütövlüyünü qoruyacaq? Üstəlik, qeyd etdiyiniz kimi, xristian təəssübkeşliyi də göz önündədir. Xristian Ermənistan 25 ilə yaxındır ki, müsəlman Azərbaycanın torpaqlarını işğal edib, əksi olsaydı, sizi inandırım ki, bizə bunu çoxdan yedirtməzdilər. Amma ermənilərlə heç kəsin işi yoxdur, çünki onlar xristiandır”.
Cavanşir ABBASLI
Tarix: 21-10-2017, 08:43