Rusiya hökuməti Volqa çayının təmizlənməsi üçün 245 milyard rubl (təxminən 4 milyard 250 milyon dollar) vəsait ayıracaq. Bu barədə açıqlama verən Rusiya prezidenti Vladimir Putinin nəqliyyat, ekologiya və təbii sərvətlər üzrə xüsusi müşaviri Sergey İvanov Volqada ekoloji fəlakət yarandığını bildirib. Çay qısa zamanda təmizlənməzsə, bu, ekoloji baxımdan qarşısıalınmaz problem yarada bilər.
Bu gün Xəzər dənizinə daxil olan şirin su mənbələrinin 80 faizi Volqa çayındandır. Regionumuzda ən böyük su daşıyan çayın Kür olduğunu və onun Xəzərdə payının 2 faizi keçməməsini nəzərə alsaq, Volqanın bizim üçün əhəmiyyətini anlamış olarıq. Sözsüz ki, Xəzəri 80 faiz su ilə təmin edən bir mənbənin ekoloji baxımdan təhlükəli mərhələdə olması, dənizin bioloji aləmi üçün real təhlükəni göstərir.Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov Publika.az-a açıqlamasında Volqanın çirklənməsinin Xəzər üçün yarada biləcəyi problemlərdən danışıb.
Onun sözlərinə görə, bu, daha çox nərəkimilər üçün təhlükə mənbəyidir:"Rusiyanın sənaye potensialının 70 faizə qədəri Avropa hissəsindədir. Volqa çayının hövzəsi isə Rusiyanın Avropa hissəsinin 70 faizini əhatə edir. Çayın sahilində 4 neftayırma zavodu, metallurgiya kombinatları, neft-kimya müəssisələri var. Təbii ki, bu zavodlardan tullantılar, ətrafdakı meşə oduncaqları birbaşa Volqaya axıdılır. Məsələn, Almaniyada da tullantılar Reyn çayına axıdılsa da, əvvəldən təmizlənir. Rusiya isə tullantıları təmizləmədən Volqaya axıdır. Təmizləməyən, çirkab, kimyəvi maddələrlə zəngin Volqa suyu Xəzərə daxil olur. Xəzərin nərə balıqlarının 80 faizinin kürü salmaq üçün Volqa çayına yönəldiyinə nəzərə alsaq, bunun bioloji ehtiyatlara nə qədər ziyan vurduğunu təxmin etmək olar. Volqa çayının təmiz olması təkcə Rusiya üçün deyil, Xəzər dənizi üçün vacib əhəmiyyət daşıyır. Bu çayın təmiz olması həm də bioloji ehtiyatların qorunması deməkdir. Bir tərəfdən çay çirklənir, digər tərəfdən qanunsuz balıq ovlanırsa, demək, 20 ildən sonra Xəzərdə nərəkimilər olmayacaq. Bu gün Xəzərə aid olmayan 12 ölkə süni şəraitdə kürüdən nərə balığı istehsal edir. Bizdə isə təbii formada yetişən nərəkimilərin sayı azalır. Təbii ki, Xəzərin qorunması bilavasitə Volqadan aslıdır”.
Volqadan gələn suyun Xəzərə tökülən hissəsində Azərbaycan tərəfinin suyu təmizləməsinə gəldikdə, Ç.İsmayılov bunun mümkünsüz olduğunu deyir. Fikrini, çayın deltasının böyük sahəni əhatə etməsi ilə əsaslandırır:
"Bəzi hissələrdə çayın deltası 50-80 km-ə çatır. Çayın 50-dən çox qolu var, buna görə su təmizləyici qurğuların quraşdırılması mümkün deyil. Su təmizləyici qurğuları çayın yuxarı hissəsində, sənaye qurğuları yaxınlığında quraşdırmaq daha doğru olar. Azərbaycan tərəfinin isə bu məsələyə müdaxiləsi mümkünsüzdür. Hər hansı qəza zamanı suyun üzərinə dağılan neft tullantılarını təmizləmək olar. Amma su ilə axan kimyəvi maddələri təmizləmək mümkün deyil. Bu maddələrin axımının qarşısı alınmalı, ya da tullantılar bioloji, kimyəvi təmizləmədən sonra Volqaya axıdılmalıdır. Dənizdən kimyəvi maddələrin təmizlənməsi mümkünsüzdür”.
Ç.İsmayılovun sözlərinə görə, tullantıları təmizləməkdən çox, istehsalda masir texnologiyalar tətbiq edilməlidir ki, tullantıların həcmi azalsın:
"Dünyada artıq göy iqtisadiyyat tətbiq edilir. Əgər yaşıl iqtisadiyyatın məqsədi tullantıların təmizlənməsidirsə, göy iqtisadiyyat tullantıların azaldılmasına yönəlib. Yəni tullantı yaradıb, onu təmizləmək barədə düşünməkdənsə, tullantıların dəfələrlə azalacağı texnologiyanı tətbiq edilməlidir. Az miqdarda tullantını təmizləmək daha asan olur, dolayısı ilə onun ziyanı da daha azdır. Onun üçün məsələni təmizləməkdən daha çox, texnologiyanı yeniləməyə yönəltmək lazımdır. Təbii ki, bu da həm zaman, həm də maddiyyat tələb edir”.
Axıdılan çirklənmiş suyun Xəzərin bioloji aləminə təsirinə gəldikdə, Ç.İsmayılov bu rəqəmləri hesablamağın çətin olduğunu dedi:
"Bunu birbaşa olmasa da, dolayı müəyyən etmək olar. Bunun üçün ovlanan balığın həcmi və tərkibinə baxmaq lazımdır. 1930-cu ildə ovlanan balığın 30-40 faizi nərəkimilər idisə, indi bu rəqəm 2 faizə düşüb və bu da əsasən, kilkədir. 1960-cı illə müqayisədə kilkənin ovlanması 10 dəfədən çox azalıb. Həm tərkibi dəyişib, həm də ovlanan balığın həcmi azalıb. Bu da çirklənmənin birbaşa nəticəsidir. Bəzi mütəxəssislər 10 ildən sonra ümumiyyətlə nərəkimilərin qalmayacağı proqnozunu verir. Bu təhlükə bizi gözləyir”.
Siam.az
Tarix: 21-10-2017, 14:41