İqbal Ağazadə: “Demokratik cəmiyyətin qurulması üçün hər kəslə əməkdaşlığa hazırıq”; Sərdar Cəlaloğlu: “Əgər İsa Qəmbər partiyamızın ona dəstək verməsini istəsə, müzakirəyə hazırıq”
Bir ildən sonra Azərbaycanda keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca iddiasını irəli sürən siyasətçilərin sayı artmaqdadır. Son olaraq, Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər namizəd olacağını bəyan edib. Sonuncu dəfə 2003-cü ilin prezident seçkilərində birinci post uğrunda yarışmış İ. Qəmbər günlər öncə mətbuata verdiyi geniş müsahibədə qərarını açıqlayıb.İndiyə qədər namizəd olacaqlarını açıqlayan siyasətçilər ABŞ-da mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyev, Almaniyada eyni taleni yaşayan keçmiş deputat Hüseyn Abdullayev, AĞ Partiya başqanı Tural Abbaslı, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Yeni AXCP-nin sədri Razi Nurullayevdir.
2003-cü ildə İsa Qəmbəri dəstəkləmiş partiyaların sədrləri bu dəfə eyni mövqedə olacaqlarmı? Müsavatın namizədinə dəstək verəcəklərmi?
Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında müxalif düşərgədə funksional əməkdaşlığın tərəfdarı olduqlarını söylədi: “Azərbaycanın demokratikləşməsi istiqamətində funksional əməkdaşlığın tərəfdarıyıq. Bu əməkdaşlıq çərçivəsində də demokratik seçki və Azərbaycanda demokratik cəmiyyətinin qurulması üçün hər kəslə əməkdaşlığa hazırıq. Bu gün siyasi blok məsələsi gündəmimizdə deyil. Bu barədə hələ ki düşünmürük”.
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, partiya olaraq, Azərbaycan xalqının, dövlətinin maraqları ilə bağlı istənilən prosesə, siyasi quruma, şəxsə dəstək verməyə hazırdılar: “Digər siyasi qurumlardan xalq və dövlətin maraqları naminə dəstək almağı da düşünürük. Burada bizim üçün heç bir mübahisəli məsələ yoxdur. Bütün partiyalar xalqın və dövlətin naminə öz fərdi maraqlarından keçməlidirlər. Konkret İsa bəylə bağlı fikrimiz yoxdur. Çünki partiyamızda seçkilərlə bağlı müzakirələr yeni başlayıb. Seçkilərdə necə iştirak edəcəyimiz barədə partiyada qəti qərar yoxdur. Amma artıq bu istiqamətdə müzakirələr başlatmışıq. Əgər Azərbaycan Demokrat Partiyası öz namizədi ilə seçkilərə getməyəcəksə, seçkilərdə müstəqil siyasi xətt aparmayacaqsa, hansısa bir namizədin müdafiəsi ilə bağlı qərar verəcəksə, bu zaman iddiaçı olan şəxslərin hər biri ilə danışıqlar aparacağıq. Ən azından bizə təkliflər olacaqsa, bunu müzakirə edəcəyik. Amma belə bir misal var, ”oğlan evinin xəbəri yoxdur, qız evində toy çalınır". İsa Qəmbər namizədliyini verib yerində oturub, siz də onu dəstəkləyib-dəstəkləməməyimizlə bağlı suallar verirsiniz. Bir siyasi qurumun digər siyasi qurumu dəstəkləməsi üçün siyasi etika baxımından o qüvvəyə müraciət etməlidir. Bəlkə heç mənim dəstəyim İsa Qəmbərə lazım deyil? Namizədin özü öncəliklə başqa bir siyasi qurumdan dəstək istəməlidir. O zaman deyə bilərik ki, bu dəstəyi verə bilərik ya yox. Bu dəstəyi də formal olaraq vermirsən. O vaxt İsa bəyi dəstəkləyəndə partiyalar arasında bir protokol imzalanmışdı. Orada öhdəliklər və başqa şərtlər qeyd olunmuşdu. İsa bəy öz üzərinə müəyyən öhdəliklər götürmüşdü, həmçinin biz də. Bu dəstəklər söz üzərində formal şəkildə olmur. Əgər İsa Qəmbərin dəstəyə ehtiyacı olsa, partiyamızın ona dəstək verməsini istəsə, bununla bağlı bizə müraciət etsə, təbii ki, biz bu cür müzakirələrə hazırıq. Burada söhbət İsa Qəmbərdən getmir, onun hansı şüarı, ideyanı irəli sürəcəyi əsasdır. O zaman biləcəyik ki, onu ideyaları bizim dövlət və xalq maraqlarımızla üst-üstə düşürmü. Biz İsa bəyi deyil, onun ideyalarını müdafiə edə bilərik. Adamları müdafiə etmək lazım deyil, əsas onların ideyalarıdır. Yoxsa adam modelyer deyil ki, deyim ki, bu xoşuma gəlmədi, digərini seçim. Ola bilər ki, İsa bəy seçkiqabağı yanlış bir şüar seçər, biz də onun əleyhinə çıxarıq. Namizədlərin şüarlarında dövlət və xalq maraqları nə dərəcədə əks olunduqdan sonra bunun əsasında çıxış edə bilərik. Hazırda Müsavatın heç bir seçki platforması, şüarı yoxdur. Sadəcə olaraq, İsa bəy niyyətini ifadə edib ki, seçkilərdə iştirak etmək istəyirəm. Namizəd məsələsi seçkiyə az müddət qalanda müzakirə olunmalıdır. Təbabətdə “uşağın tərs gəlişi” deyilən anlayış var. Azərbaycan müxalifəti də seçkilərə həmişə tərs gedir. Axırda etməli olduğu şeyi əvvəldə edir. Tərəfdar toplamaq üçün əvvəl platforma, şüarlar irəli sürülməlidir".
Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a deyib ki, İsa Qəmbər namizəd olarsa, onu dəstəkləyəcək: “İsa bəy namizəd olsa, ona səs verəcəm. Partiya şəklində verəcəyimiz dəstəyə gəlincə, bu, İsa bəyin və komandasının seçdiyi taktikadan asılıdır. Ona uyğun hərəkət edəcəyik. Nə lazımdırsa, edə bilərik. Amma bu bizdən asılı olan bir şey deyil”.Cavanşir ABBASLI
Tarix: 24-10-2017, 08:35