Sərkisyanın “qarnının ağrısı” nədir?..

Sərkisyanın “qarnının ağrısı” nədir?.. Ermənistanın noyabrda Brüsseldə Avropa Birliyi ilə imzalamağa hazırlaşdığı “saziş”lə (əgər ona saziş demək mümkündürsə!) bağlı Rusiya politoloqlarının və siyasi analitiklərinin yazdıqlarına diqqət yetirəndə bir nəfərin sözləri məni xüsusilə cəlb etdi: “Qərarları adətən müstəqil dövlətlər qəbul edir, Ermənistansa belə dövlət deyil!”.

Bu yaxınlarda baş vermiş iki hadisə, Rusiyanın silah-sursat üçün İrəvana daha bir kredit ayırması və Azərbaycanla Ermənistanın dövlət başçılarının növbəti uğursuz görüşü dərhal bu detalı yadıma saldı. Bəli, görüşdən azacıq sonra S.Sərkisyan dedi: “Bizim üçün yeganə məqbul qərar odur ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmasın!”.


Açığını desək, heç də qanduruldan hadisələr deyil bunlar, amma təəccüblü də bir şey də yoxdur - elə belə də olmalıdı... O başqa məsələdir ki, biz periodik olaraq özümüzü aldatmağa çalışırıq və adicə bir həqiqəti unuduruq ki, bu, Rusiyadır və onun qudurğan Ermənistanıdır!

Bəli, formal baxımından hər şey “məntiqli”, “yerli-yataqlı” görünür - guya ki, Moskva imkan daxilində simmetrik münasibətlər saxlamağa və hətta özünün yaxın hərbi müttəfiqi Ermənistanla strateji müttəfiqi olan Azərbaycan arasında fərq qoymamağa çalışır, hər ikisinə silah verir və birinə bunu valyuta ilə satsa da, digərinə də “kredit”lə verir ki, bir kimsə narazı qalmasın.

Yenə də formal, sxematik məntiq baxımından digər məsələlər də “qaydasındadır”. Hələ inqilabaqədərki rus filosofu N.Berdyayev yazırdı ki, böyük Rusiyanın geosiyasi missiyası “əzilən”, “istismar olunan” və “geridə qalan” xalqlara, xüsusən də ki, kiçik xalqlara “tərəqqi və azadlıq ziyası” çatdırmaqdır.

Buncadan yanaşsaq, Rusiyanın Qarabağda da, Gürcüstanda da, Moldovada da, Ukraynada da apardığı siyasət “anlaşılandır” - kişi həqiqətən də kiçik xalqların “hamisi”dir də! Hələ heç onu demirəm ki, imkan tapanda hətta Kataloniya və kürd separatizminə də gizlicə siyasi dəstəyini və simpatiyasını əsirgəmir...

Amma gözümüzün önündə başqa hadisələr də olub. Kiçik Çeçenistanı ruslar qan içində boğdular! Daha çox müstəqillik və azadlıq arzusunda olan böyük subyektlər - Tatarstan və ya Başqırdıstan kimilər belə artıq buna açıq şəkildə işarə etməyə də cəsarət etmir, çünki Çeçenistan onlar üçün də dərs oldu...

Bəli, lənətə gəlmiş sxematik Aristotel məntiqi, məsələlərin fasadı və ya xarici tərtibatı bir tərəfə, əslində hər şey tamamilə başqa cürdür - Rusiya imperiyadır və imperiya olaraq da qalır.

Ermənistanla bağlı da formal cəhətdən hər şey “məntiq”lidir: belə təsəvvür yaranır ki, bu yazıq Rusiya nə etsin axı? Ermənistan müstəqil dövlət kimi sülhün şərtlərilə razılaşmır!..

Amma əvvəldə ən adi, sıravi rus politoloqunun sözlərini təsadüfdən misal gətirmədim; lazım olanda, özünə sərf edəndə Moskva bircə zənglə də “oyuncağ”ını yerində oturda bilir!

Ona görə də baş verənlərdə təsadüfi və təəccüblü heç nə yoxdur - sadəcə, bir daha deyirəm ki, biz özümüzü vaxtaşırı aldatmağa çalışırıq. Şəxsən məni qurbanı olduğum Allah da inandıra bilməz ki, bəs Rusiya dostumuz və müttəfiqimizdir! Bəli, hətta rəsmi Bakı ilə rəsmi Moskva arasında anlaşıqlı münasibətlər də ola bilər, amma dövlətin və millətin dostu-müttəfiqi olmaq tamam başqa şeydir.

Sarkisyanın son bəyanatlarını “daxili siyasi ehtiyacların təzahürü” kimi yozanlar da var. Müxtəlif erməni mənbələri Sarkisyanın baş nazirliklə bağlı planının olmadığını yazsa da, mən də buna inanmıram - düşünürəm, S.Sərkisyana bir vaxtlar hətta M.Saakaşviliyə belə müyəssər olmayan “siyasi uzunömürlülük” nəsib olacaq. Yada salım ki, vaxtilə belə plan M.Saakaşvilinin də ürəyindən keçirdi, amma orada alınmadı, çünki əziz Mixeil qardaşımızın həm də Moskvanın timsalında güclü bir müxalifəti vardı...

Böyük ehtimalla həm Rusiyanın dəstəyi, həm də əfəl erməni cəmiyyətinin xeyir duasıyla Serjik baş nazir də olacaq, çünki belə havayı kökəni əldən buraxmaq həqiqətən axmaqlıq olardı.

Ola bilsin, bir-iki “qotur” müxalifətçi etiraz edəcək, amma böyük hesabla Ermənistanda demokratiya filan - yoxdur, kriminal hərbi klan vəziyyəti nəzarətdə saxlayır.

O səbəbdən də düşünmürəm ki, Serjikin Qarabağla bağlı sərt bəyanatlarının motivində təkcə onun baş nazir olmaq istəyi dayanır. Yox, məsələ yalnız bunda deyil.

Ondadır ki, heç olmasa, bircə dəfə Ermənistanın burnu ciddi şəkildə əzilməsə və Rusiya da azca kənara çəkilib buna boyun qoymasa, İrəvan qudurğan siyasətini davam etdirəcək.

Özünüz bir suala cavab verin: İt nə vaxtadək hürür? Bilirəm, belə suallar üstə baş sındırmağa ulu millətimizin qəti vaxtı yoxdur, ona görə elə cavabını da özüm deyirəm: çomaq görənə və çobandan yaxşıca kötək yeyənə qədər...

Hüseynbala Səlimov
Tarix: 24-10-2017, 09:21
Xəbəri paylaş





Xəbər lenti