Etibar Məmmədovun Elçibəylə bağlı dediklərinə reaksiyalar
Pənah Hüseyn: “Etibar bəyin uzaqlaşdırılması Elçibəyin oradakı hansısa bir fəaliyyəti ilə əlaqələndirilirdi”; Ədalət Tahirzadə: “Xəbərim yoxdur”
Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, AMİP lideri Etibar Məmmədovun kulis.az-a verdiyi geniş müsahibə gündəmə oturub. Uzun müddətdir siyasətdən uzaqlaşan və ara-sıra kiçik açıqlamaları ilə gündəmə gələn E.Məmmədovun bu bəlkə də son 10 ildə verdiyi ilk geniş müsahibədir. AMİP liderinin siyasətdən kənar olan bu müsahibəsində mərhum prezident Əbülfəz Elçibəylə bağlı dedikləri ciddi müzakirələrə səbəb olub.
Tanınmış siyasətçi Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuyarkən Elçibəyin ona dərs dediyini xatırladaraq, həmin ildə mərhum prezidentin üzünə durmaq üçün tələblər edildiyini bildirib: “Biz birinci kursda oxuyandan bilirdik ki, belə bir müəllim var. Çalışırdıq mühazirələrinə gedək. Çünki o, mühazirədə başqa şeylərdən danışırdı. Üçüncü kursda oxuyanda bizə dərs deməyə başladı. İmtahan günü Elçibəy gəlib çıxmadı, imtahanı Rafiq İsmayılov götürdü. İmtahan bitənə yaxın öyrəndik ki, Elçibəyi həbs ediblər. O, Azərbaycanın işğalından başlamış, türkçülüyə qədər, nə bilim kommunist rejimindən başlamış antikommunizmə qədər hər şeydən danışırdı. Mən demərəm ki, milli azadlıqla bağlı danışırdı. Bu lap həddi keçmək olardı.
Əsasən dərsdə bizə keçilməyən şeyləri danışırdı. Yəni qapalı şəkildə nələrisə deyirdi. Elə həmin bu hadisələrə görə məni universitetdən qovdular. 1974-cü il idi, dərnəyə bənzər bir şeylər yaratmışdıq. ”Odlar yurdu" adlı bir divar qəzeti çıxardıq. Asdıq divardan, iki saat sonra gəlib onu yığışdırdılar. O zaman universitetdə DTK-nın kuratoru var idi. O gəldi, dekan gəldi, bizi apardılar rektorun yanına. Orda da baş məqalə mənimki idi. Cənubi Azərbaycandakı Milli Hökumət haqqında yazmışdım. Yazıda Milli Hökumətin apardığı təhsil islahatlarından, iqtisadi islahatlardan, mədəni islahatlardan yazmışdım. Axırda belə bir cümlə var idi: Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil olsa hansı nailiyyətləri əldə edə bilərik. Bilərəkdən bunu yazmışdım. Həmin cümlədən yapışıb mənə təzyiq edirdilər. Məndən tələb etdilər deyim ki, məni buna Elçibəy təhrik edib. Onun üzünə durmağımı tələb etdilər. Mən də etmədim, ona görə qovdular. Ancaq sonra təzədən bərpa etdilər".
Sabiq baş nazir, AXP lideri Pənah Hüseyn BDU-nun tarix fakültəsində oxuyarkən E.Məmmədovla bağlı bu cür söz-söhbətlərin getdiyini təsdiqlədi: “Etibar bəyin universitetdən uzaqlaşdırılması faktı doğrudur. Dəqiq deyə bilməsəm də, amma o dövrdə Etibar bəyin uzaqlaşdırılması Elçibəyin oradakı hansısa bir fəaliyyəti ilə əlaqələndirilirdi. Bu məlum faktdır. Amma konkret nəyə görə, hansı məsələ ilə bağlı bunun baş verdiyini Etibar bəyin özü daha yaxşı deyər. Mən 1975-ci ildə universitetin tarix fakültəsinə qəbul olmuşam. Ona görə 1974-cü ildə baş verən hadisə ilə bağlı məlumatım eşitdiklərimdən ibarətdir”.
Elçibəy haqqında çoxsaylı məqalələr və kitabların müəllifi olan, mərhum prezidentin özəl mətbuat katibi Ədalət Tahirzadə bu barədə heç nə eşitmədiyini qeyd etdi: “Açığı, Etibar bəyin nə dediyini bilmirəm. Çünki neçə gündür Türkiyədəyəm. Sizin dediyiniz konkret məsələ ilə bağlı indiyə qədər heç nə eşitməmişəm, əsla xəbərim yoxdur. Yalnız onu eşitmişəm ki, Elçibəy Etibar Məmmədovun müəllimi olub”.
Cavanşir ABBASLI
Tarix: 25-10-2017, 08:59