Müxalifətin 2018 şansı - özləri “var” deyir

Müxalifətin 2018 şansı - özləri “var” deyir Gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri hazırda ölkə gündəminin bir nömrəli mövzularından biridir. Seçki mühiti olmasa da, bu mühiti yaratmaq üçün addımlar atılmasa da, bəzi siyasətçilərin namizədliklərini irəli sürmələri 2018 seçkilərini gündəmdə saxlayır.

Bu istiqamətdə gedən müzakirələrin əsasını müxalifətin qarşıdan gələn seçkilərdə şansları təşkil edir. İndiki situasiyadan çıxış edərək, demokratik düşərgəni şanssız görənlər tam əksəriyyət təşkil edirlər. Amma bununla belə, seçkilərə uzun zaman qaldığını düşünərək, müxalifətin toparlanıb, şanslarını seçkilərdə artırmaq imkanlarının olduğunu deyənlər də var.


Doğrudur, hazırda seçkilərlə bağlı müxalifətin yaratdığı bir birlik və ya blok yoxdur. Amma seçkilərə kimi bunun olmayacağını demək də düzgün olmazdı. Çünki indiyə qədər əksərən müxalif düşərgə seçkilərə az müddət qalmış birlik yaradıb, bu birliklə seçkilərə qatılıb. Təsadüfi deyil ki, müstəqillik illəri ərzində bütün seçkilərdə ölkə müxalifəti bütöv şəkildə birlik yaratmasa da, düşərgənin bir kəsimi birlik yaradaraq prezident və ya parlament seçkilərində iştirak ediblər. Həmin birliklərin isə zaman-zaman müəyyən uğurlar qazandığının da az şahidi olmamışıq.

Siyasi ekspertlər indi də müxalifətin belə birliklərə ehtiyacının olduğunu qeyd edirlər. Reallıq naminə heç bir siyasi partiyanın təkbaşına iqtidara gəlmək gücünün olmadığı göz önündədir.





Əli Əliyev: “Özümü bu seçkilərdə əsas favoritlərdən biri kimi görürəm”

Prezidentliyə iddiasını ortaya qoyan şəxslərdən VİP sədri Əli Əliyev ümidsiz deyil: “Hələlik seçkilərlə bağlı ümidsiz olmağa bir əsas yoxdur. Çünki bu, seçkilər ərəfəsi fərqli şəraitdə baş tutur. Bizdən asılı olan səbəblərlə yanaşı, qeyri-müəyyənliyi artıran qlobal amillər də mövcuddur. Seçkinin taleyinə təsir göstərəcək kənar amillərə nəzər salaq. Dünya çox mürəkkəbdir, mütəxəssislər vəziyyəti cahan müharibələrinin başlanğıcında olan beynəlxalq durum kimi dəyərləndirirlər. Belə ki, Rusiya-Qərb qarşıdurması Ərəb baharı kimi başlamış son onillik, indi artıq Çin, Yaponiya, Şimali və Cənubi Koreya, Yaxın Şərq bütövlükdə, Türkiyə, İran, ABŞ, AB kimi qlobal gücləri ağuşuna almış bir prosesin içindəyik. Dünyanın enerji və digər resursları tükəndikcə, mübarizə amansız xarakter almağa başlayıb. Bizim üzərimizdən bu çəkişmə, bölgənin ”kimə mənsubiyyəti?" sualına cavab axtarmaqla keçir. Son dövrlər Azərbaycan iqtidarı haqda materialların nüsxələnməsi, Avropa Şurası-Azərbaycan münasibətləri, beynəlxalq qurumlarda adımızın hallandırılması, Rusiya rəsmilərinin dilindən müstəqilliyimizə olan təzyiqlər, “5-ci kolon”un ölkə daxilində fəallaşması, 40 km-lik qanunun qəbulu, sərhəddə məhsullarımızın saxlanılması, silah anbarının “partla(dıl)ması” və s. hadisələr digər tərəfdən seçkinin mənzərəsinə deformativ təsir göstərən acı reallıqlardır. Daxili amillər də fərqlidir. Hakimiyyət ciddi şəkildə daxili dəyişikliklərə getməyi planlaşdırır. Bu sadə gözlə belə görünür. Belə şəraitdə müxalifətin dağınıq görünməsini təbii qarşılamaq lazımdır. Hamı bu rəqabət və qeyri-müəyyənlikdən xəbərdardır. Proses hər an əsaslı şəkildə dəyişə bilər. O səbəbdən müxalifətin inteqrativ hərəkətləri zəif görünür. Belə şəraitdə hamı gözləmə mövqeyinə üstünlük verir. Az sayda tərəflər önə çıxmağa təşəbbüsdədir. Kimlərsə, mərkəzdənqaçma meyllərini gözləyir, bu yolla da oliqarx kapitalına ümidlənir. Kimlərsə bu savaşın nəticəsini gözləməkdədir. Bu seçkiləri Azərbaycanın siyasi maraqları baxımından önəmli sayıram. Fikrimcə, gələn ilin birinci yarısına qədər inteqrasiya zəif olacaq. Lakin yazdan başlayaraq, müxalifətin prinsiplər dalğasında təşkilatlanması mütləq baş tutacaq. Siyasət bəlkə də ən çox proqnozlaşdırılmayan sahə olduğundan, nələrin baş verəcəyini öncədən hesablamaq olmur. Bu baxımdan, yalnız lazım olanı etmək və inanmaq lazımdır ki, vəziyyətin yaxşıya dəyişməsi mütləq baş verəcək. Mən buna inanıram. Özümü də bu seçkilərdə əsas favoritlərdən biri kimi görürəm".



Qabil Hüseynli: “Müxalifətin ciddi nəticələr qazanacağını proqnozlaşdırmaq çətindir”
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, keçirilən kütləvi tədbirlərdə müxalifətin bir araya gələ bilmədiyi açıq görünür: “Adicə kütləvi tədbirlərin keçirilməsi məsələsində müxalifət eyni taktikanı sərgiləyə bilmir. Üstəlik, hər mitinqdən sonra müxalifətin aparıcı qurumları arasında sosial şəbəkələrdə ciddi söz atışmaları baş verir. Bu atışmalar bəzən təhqirə də keçir. Bu cür halların kimlər tərəfindən yaradıldığını deyə bilmərəm. Amma hər halda, belə süni surətdə yaradılan qarşıdurmalar siyasi inteqrasiya, müxalifətin vahid güc mərkəzində birləşməsi haqqında ümidləri alt-üst edir. Düzdür, müxalifətin vahid platformasını yaratmağa cəhd edən qüvvələr də var. Burada KXCP sədri Mirmahmud Mirəlioğlunun adını qeyd edə bilərəm. O, bütün müxalifət şəklində deyil, onun bir hissəsini əhatə edən bəlli birlik formatını ortaya qoyub. Onlar da yığışaraq yalnız müzakirələr aparırlar. Hələ ki vahid platformadan, bir birlik ətrafında birləşmədən söz gedə bilməz. Tərəflər daha çox əsası olmayan fikirlərlə bir-birilərini tənqid etməklə fəallıq imitasiyasını nümayiş etdirirlər. Bununla da ictimai rəydən yayınmağa çalışırlar. Əvvəlki illərlə müqayisədə indi müxalifətin həm aktivlik dərəcəsi, həm də bir birlik ətrafında birləşmələri xeyli qaranlıq görünür. Doğrudur, prezidentliyə öz namizədliyini irəli sürənlər var. Burada Rəsul Quliyev və Hüseyn Abdullayevin adlarını çəkə bilərəm. Amma hələ ki bu şəxslərin birlik, siyasi inteqrasiya ilə bağlı fikirlərinə rast gəlmək mümkün deyil. Yalnız Rəsul Quliyev çox iddialı şəkildə ortaya atılıb. Az qala hamını onun ətrafında birləşməyə çağırış edirmiş kimi görünür. Siyasi partiyalar xalq və dövlətin maraqlarını nəzərə alaraq, öz platformalarını, ideyalarını irəli sürməlidirlər. Hələ ki bunların şahidi deyilik. Bu məsələlər ətrafında da hər hansı bir diskussiya da açılmayıb. Müxalifət düşərgəsindəki səssizlik hələ ki pozulmayıb. Bu cür davam etsə, gələcəkdə də müxalifətin ciddi nəticələr qazanacağını proqnozlaşdırmaq çətindir”.

Cavanşir ABBASLI
Tarix: 25-10-2017, 09:17
Xəbəri paylaş





Xəbər lenti