Danışıqlar prosesi üç ölkədəki prezident seçkisindən sonra canlanacaq - iddia; Azərbaycanın ən böyük güzəşti isə çoxdan məlumdur; politoloq: “Ermənilər Azərbaycan Ordusunun haçansa hücuma keçəcəyini bilirlər...”
Bu gün Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xocalıda erməni vəhşilərinin törətdiyi soyqırımın 26-cı ildönümüdür. Bəşəriyyət əleyhinə bu cinayətdə mühüm detallardan biri soyqırımda Rusiyanın da Xankəndindəki 366-cı motoatıcı alayla iştirak eləməsidir.Sanki tarix 100 il öncəki kimi yenə təkrarlanır, Köhnə müttəfiqlər - Rusiya və onun Cənubi Qafqazdakı əlaltısı və maşası Ermənistan öz ənənəvi missiyasını davam etdirir. Ən absurdu isə məhz Rusiyanın - Dağlıq Qarabağ konfliktinin körükləyicisi və Xocalı soyqırımında əli olan bir ölkənin Dağlıq Qarabağ probleminin həllində ədalətli vasitəçiliyə iddia eləməsidir.
Halbuki, bu rola o, dünyada ən axırıncı uyğun gələn dövlətdir. Ona görə ki, Qarabağ münaqişəsində, onun uzanmasında birbaşa marağı var, konfliktdə tərəfdir, tərəfsiz yox. Ermənistanla faktiki, işğal ortağıdır. Regionda legitim hərbi bazaları da məhz işğalçı Ermənistanın ərazisində yerləşir. Belə bir ölkə necə qərəzsiz vasitəçiliyə iddia edə bilər?
Bununla belə, problemin həlli də yenə Rusiya faktoru ilə bağlı olaraq qalır. Bəs, proqnozlar nə deyir, Rusiya, Azərbaycan və Ermənistanda təxminən eyni vaxta təsadüf edən prezident seçkilərindən sonra nəhayət ki, “yük” yerindən tərpənəcəkmi? Bəzi şərh və gözləntiləri diqqətə çatdırırıq.
*****
“Hesab edirəm ki, seçkilərdən sonra bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar intensivləşdiriləcək”. Bunu rusiyalı tanınmış politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov deyib. Onun sözlərinə görə, danışıqlar əvvəlki kimi Madrid prinsipləri əsasında aparılacaq.
Markov bu xüsusda iki il əvvələ gedərək, 2016-cı ilin sonunda danışıqların, demək olar ki, nəticə verdiyini bildirib. “O vaxt nikbinlik çox böyük idi, lakin çıxış yolu tapılmadı”, - deyə o qeyd edib və əlavə edib ki, həmin danışıqlara qayıtmaq olduqca vacibdir: “2016-cı ildə danışıqların alınmamasına radikal erməni diasporunun təzyiqi səbəb oldu. Belə ki, onlar Ermənistan üzərindəki təsir qüvvələrini itirəcəklərindən qorxurdular”.
Politoloqun fikrincə, ATƏT-in Minsk Qrupunda aparıcı rolu hələ ki, Rusiya oynamaqda davam edir: “ABŞ və Fransa bu formatda Rusiya ilə münaqişə yaşamır, hərçənd başqa məsələlərdə gərginlik var. Bu, ABŞ və Fransanın belə sülhsevər təşəbbüsləri dəstəklədiyi xüsusi unikal haldır”.
Göründüyü kimi, cənab Markov Qarabağ məsələsinin üçün həll formulu olaraq “unudulmuş köhnə”ni təklif edir. Lakin təəssüflər olsun ki, üç həmsədr ölkə arasında Dağlıq Qarabağla bağlı “unikal həmrəylik” olsa da, problem illərdir yerindən tərpənməmiş qalır. Bu da ilk növbədə Rusiya faktoruna gedib dirənir. Niyə?
Fakt budur ki, Moskva konfliktin həllində real dönüşü arzulamır. ABŞ və Fransa timsalında Qərb, Avropa Birliyi isə əksinə, münaqişənin tezliklə tarixin verilməsində maraqlıdır. Çünki o halda bir yandan, Rusiyanın regionu qarışdırmaq, Azərbaycanla Ermənistanı basqı altında saxlamaq imkanı olmayacaqsa, ikinci yandan, Qərbin bölgəyə iqtisadi nüfuzu güclənəcək, regionda iqtisadi çiçəklənmə, qarşılıqlı inteqrasiya başlayacaq, Avropaya ünvanlı strateji əhəmiyyətli neft-qaz kəmərləri və nəqliyyat arteriyalarının təhlükəsizliyi möhkəmlənəcək, Qərbin regiona sərmayə yatırımı güclənəcək.
Yekun etibarilə, Rusiya bölgədən sıxışdırılmış olacaq. İndi məntiqlə Rusiya bu və digər səbəbdən konfliktin həllində maraqlı deyilsə, demək, üç həmsədr dövlət arasında hansısa həmrəylikdən danışmaq da mümkün deyil. Ümumiyyətlə, Dağlıq Qarabağ ixtilafının həllinə əsas əngəl dövlət bəllidir: bu, işğalçı Ermənistan yox, onun 1 nömrəli havadarı və işğal ortağı Rusiyadır.
Lakin böyük sülhü əlçatmaz edən təkcə Rusiya amili də deyil, eyni zamanda, digər iki həmsədr dövlətin işğalçıya qarşı gizli-açıq xristian təəssübkeşliyidir. Konfliktin həllinə beynəlxalq hüququn, Qarabağa dair BMT qətnamələrinin tətbiqində yol verilən ikili standart yanaşmasıdır. Yoxsa ki, fövqəlgüclər BMT Təhlükəsizlik Şurası qətnaməsinin icrasını bir neçə günün içində təmin ediblər.
Di gəl, erməni işğalına gələndə Azərbaycandan da güzəşt istəyirlər. Heç bir ölkəyə, o cümlədən saxta Ermənistan dövlətinə ərazi iddiası olmayan Azərbaycan işğalçıya nəyini güzəştə getməlidir? Erməni işğalçılarının etnik təmizləmə apardıqlarıqanuni ərazisinimi?
Azərbaycanın ən böyük güzəşt öz suveren ərazisinin 20%-nin işğalına bunca dözüm göstərməsidir - o amacla ki, təcavüzkar dinc yolla ram ediləcək və sülhə gətirdiləcək. Bundam ötrü vasitəçi ölkələrlə yanaşı, regionun iri dövlətlərinin də konfliktə münasibətdə ədalətli mövqe tutması vacibdir. Qardaş Türkiyənin məsələyə yanaşması çoxdan məlumdur. Ankara Bakının, ədalətin, ədalətli sülhün yanındadır.
Əfsuslar olsun ki, cənub qonşumuz - “dindaş və qardaş” İran Türkiyə kimi deyil, Rusiya kimi mövqe sərgiləyir, müsəlman Azərbaycanın 20% ərazisini işğal eləmiş, 1 milyon müsəlmanı qaçqın vəziyyətə salmış təcavüzkarla hərtərəfli yaxınlaşmaq siyasəti yürüdür. Münaqişənin uzanmasının bir səbəbi də budur - İran amili. Halbuki, Ermənistandan fərqli olaraq, Azərbaycan İran üçün qat-qat vacib, potensial strateji tərəfdaş ölkədir. Bunu qlobal əhəmiyyətli “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı ortaq layihə bir daha sübut edir.
*****
“Türkiyənin Azərbaycana olan münasibətinin eynisini İrandan tələb etməyə haqqımız var”. Bu sözləri Axar.az -a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Azərbaycan indiki dönəmdə İranla daha çox ticarət əlaqələrini inkişaf etdirməlidir.
“Azərbaycan İran üçün çox böyük həyati əhəmiyyətə malik olacaq ”Şimal-Cənub" dəmir yolu layihəsinin reallaşmasına böyük köməklik göstərir. Hətta Astara çayı üzərində körpü ortaq tikilməli olduğu halda, Azərbaycan bu işi təkbaşına yerinə yetirdi və 40 milyon dollardan çox vəsait xərclədi. İndi isə Bakı İrana çox cüzi faizlə yarım milyard dollar vəsait verir ki, Tehran Astara-Rəşt dəmir yolunun inşasını sürətlə başa çatdırsın. Bütün bunlar çox önəmli məsələlədir", - deyə ekspert qeyd edib.
Politoloq bildirib ki, İran Şimal-Cənub dəmir yolu layihəsindən Azərbaycandan daha çox gəlir əldə edəcək. “Bakı bunun əleyhinə deyil, dövlətlər əməkdaşlıq edir və bundan da öz bəhrələrini götürürlər. Məsələ burasındadır ki, Azərbaycan həm də quru yolları ilə İranı Rusiya və Avropa ilə birləşdirir. Azərbaycan hətta sanksiyalar dövründə də İranla ticarət əlaqələrini dayandırmadı. Tehran Bakının bütün bu jestlərini nəzərə almalıdır və unutmamlıdır ki, bizi tarixi köklər, mədəniyyət birliyi, hətta orada yaşayan azərbaycanlıların timsalında dil birliyi birləşdirir. O üzdən də hesab edirəm ki, bir çox əlamətlərə görə, Türkiyənin Azərbaycana münasibətinin eynisini İrandan da tələb etməyə haqqımız var” - politoloq bildirib və əslində Azərbaycanın müsəlman toplumunun müsəlman İrandan əsas gözləntisini dilə gətirib.
Analitik hesab edir ki, Ermənistan gec-tez danışıqların uğursuzluqla bitəcəyini və Azərbaycanın müharibəyə başlayacağını bilir: “İrəvan onu da anlayır ki, danışıqlarla hədəflərinə nail ola bilməyəcək. Çünki Azərbaycan Dağlıq Qarabağı ermənilərə güzəştə getməyəcək. Bu baxımdan ermənilər Azərbaycanın ordu quruculuğu və döyüş hazırlığı sahəsində ciddi surətdə irəlilədiyini görürlər. Ona görə də aprel döyüşlərinin təcrübəsindən çıxış edərək hazırlıqlara başlayıblar. Ruslar da geniş surətdə işğalçıya yardım edir. Deməzdim ki, Ermənistan hücum əməliyyatlarına hazırlaşır. Ermənilər Azərbaycan Ordusunun haçansa hücuma keçəcəyini bilir və daha çox müdafiəyə hazırlaşır”.
Q.Hüseynli son günlər Ermənistan ərazisindən Dağlıq Qarabağa gələn qoşun hissələrinin sayının xeyli artdığını söyləyib: “Xüsusən də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin aprel hadisələrindən sonra Cənubi Qafqaz bölgəsində Ermənistan-Azərbaycan savaşının güclənə biləcəyinə dair proqnozundan sonra Rusiyadan da bu tipli mesajlar sürətlə tirajlanmaqdadır. Rusiyada müəyyən dairələr hazırda Ermənistanı qızışdırmaq xətti tutublar. Görünür, müharibə haqqında danışıqlar çoxaldıqca ermənilər ciddi şəkildə narahat olurlar...”
Tarix: 26-02-2018, 10:29