“İslam dünyasında mövcud olan məzhəb ayrılığı, böyük İslam dövlətlərinin bir-biri ilə gərgin münasibətləri də birliyin reallaşması yolunda əngəllərdən bir sayıla bilər"
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər müsəlman dövlətlərinin dünyada gedən geopolitik proseslərin qarşısında duruş gətirə bilməsini şərtləndirən, vahid güc mərkəzinə çevrilməsini nəzərdə tutan ideya ilə çıxış edib. İdeyasını Asiya Birliyi adlandıran S.Əkbər fikrini böyük müəllif yazısı ilə əsaslandırıb. Yazı musavat.com saytında və digər bir neçə saytda yayılıb.S.Əkbər hesab edir ki, Asiya Birliyinin yaradılmasını zəruri edən ən başlıca obyektiv səbəb böyük islam coğrafiyasında yaranan güc boşluğudur. Bu səbəb təbiidir, belə ki, təbiət boşluğu sevməz: harada boşluq varsa və ya yaranarsa, oranı (kənar) bir güc doldurar. Bu, təbii qanunauyğunluqdur. Həmin qanunauyğunluq geopolitikanın təbiəti üçün də keçərlidir: harada geopolitik boşluq varsa və ya yaranarsa oranı kənar bir geopolitik güc doldurar.
S.Əkbər eyni zamanda düşünür ki, Asiya Birliyinin yaradılmasını zəruri edən ən başlıca subyektiv səbəb isə bu böyük coğrafiyada yerləşən müsəlman dövlətlərinin nə təkbaşına, nə də birləşərək qrup halında ortaya böyük geopolitik güc qoya bilməməsidir: “Bu obyektiv və subyektiv səbəblər, eyni zamanda sürətlə qloballaşan, nizamı sistemli şəkildə pozulan, yeni nizam quruculuğu çox ağrılı və qanlı keçən, başlıca və əsas oyun qurucularının geopolitik qarşıdurması həlledici mərhələyə daxil olan, strateji durumu bütün səviyyələrdə (qlobal, regional və lokal) sürətlə dinamik dəyişən dünyamızdakı mövcud durum və onun başlıca inkişaf meylləri müsəlman, o cümlədən türk-müsəlman dövlətlərinin geopolitik oyunquran və nizamyaradan böyük gücə çevrilməsini tələb edir.
İstər Azərbaycan Respublikasının, istərsə də qardaş Türkiyə Cümhuriyyəti başda olmaqla, digər dost və qardaş müsəlman və türk-müsəlman dövlətlərinin böyük geopolitik gücə, xüsusilə də oyunquran və nizamyaradan böyük geopolitik gücə çevrilməsi də onların birgə ortaq strateji və geopolitik baxış formalaşdırmasını, ortaq strateji və geopolitik inkişaf strategiyası işləyib hazırlamasını, davamlı və ardıcıl olaraq həyata keçirməsini tələb edir.
Əgər dost və qardaş müsəlman, o cümlədən türk-müsəlman dövlətləri dünyadakı mövcud strateji və geopolitik durumu, eyni zamanda onların başlıca inkişaf meyllərini strateji (uzunmüddətli, hərtərəfli və dərin) analiz edib düzgün qiymətləndirməzsə, qısa, orta və uzunmüddətli perspektivdə nələrin baş verəcəyini proqnozlaşdıra bilməzsə, yaranmış çox təhlükəli, qəbuledilməz və dözülməz bu durumdan birgə çıxış yolları aramazsa, görünən gələcəkdə nələrin baş verəcəyini öncədən görmək xüsusi çətinlik yaratmır. Bu gün bütün müsəlman coğrafiyasında, xüsusən də Əfqanıstan, Suriya, İraq, Liviya və Yəməndə baş verənlər “görünən gələcəyə” işıq tutmaqdadır...
Aydın şəkildə görünən odur ki, mövcud qlobal və regional geopolitik, geostrateji və hərbi-siyasi şərait müsəlman dünyasının mümkün olan ən qısa zamanda ortaya nüvə silahına sahib olan böyük geopolitik güc qoymasını imperativ tələbə çevirib.
Əks təqdirdə, nüvə silahı da daxil olmaqla, strateji hücum və müdafiə qüvvələrinə sahib olan ABŞ, RF, Çin, AB və Hindistan arasında gedən geopolitik mübarizənin həlledici mərhələyə daxil olduğu bir dövrdə müsəlman, o cümlədən türk-müsəlman dövlətlərinin bu güclərə qarşı ayrı-ayrılıqda uzunmüddətli müqavimət göstərməsi, ayaqda dura bilməsi, xüsusən də yeni dünya nizamında və beynəlxalq münasibətlər sistemində özlərinə layiqli yer tutması qeyri-mümkün olacaq".
S.Əkbər Asiya Birliyinin necə ərsəyə gətirilməsinin mexanizmini də geniş şəkildə yazısında təqdim edib.
AzDP sədrinin irəli sürdüyü ideya cəmiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub. Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Sülhəddin Əkbərin irəli sürdüyü ideya və təqdim elədiyi yazı çox maraqlıdır. Qaldırılan ideyalar çox diqqətçəkicidir. Həqiqətən də dünyada müsəlman dövlətlərinin həmrəyliyinə böyük ehtiyac duyulur: “Çünki bu saat sivilizasiya ciddi sınaqlara, hətta bəzən ciddi təhdidlərə məruz qalır. Odur ki, müsəlman dövlətlərinin böyük birliyinə zərurət yaranıb. Sülhəddin Əkbər bu birliyin ideyasını verib, xəritəsini çəkib, necə reallaşdırıla biləcəyinin mexanizmlərini təklif edib. O, müsəlman dünyasının birliyini Asiya Birliyi şəklində təklif edib və belə təsəvvür edir. Birliyin adı barədə mübahisə etmək olar. Çünki müsəlmanlar təkcə Asiyada deyil, Afrika qitəsində də, Ərəbistan yarımadasında da yaşayırlar. Bu baxımdan birliyin adını hamını əhatə edəcək şəkildə də götürmək olar. Amma şübhəsiz ki, birlik ideyasının özü cazibədardır”.
O ki qaldı belə bir birliyin yaradılmasının mümkünlüyünə, buna müsəlman dünyasına qarşı olan qlobal güclərin necə yanaşacağı, buna imkan verib-verməyəcəyinə, Q.Hüseynlinin sözlərinə görə, şübhəsiz ki, bunun reallaşmaması üçün həmin güclər addımlar atacaqlar. Ona görə də Asiya Birliyinin yaradılması yolunda ciddi çətinliklərin meydana çıxması ehtimalı böyükdür: “İslam dünyasında mövcud olan məzhəb ayrılığı, böyük islam dövlətlərinin bir-biri ilə gərgin münasibətləri də birliyin reallaşması yolunda əngəllərdən bir sayıla bilər. Müsəlman dövlətlərinin bəziləri bu gün din qardaşları olan dövlətlərdən daha çox ABŞ-la, İsraillə sıx müttəfiqlik əlaqələrindədirlər. Məsələ, Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliklərini buraya aid etmək olar. Bu cür ölkələrə xristian dünyasının, ABŞ kimi dövlətlərin təsiri daha çoxdur.
Şərti olaraq Asiya Birliyi adlandırsaq, müsəlman dövlətlərinin birliyinin reallaşmasında Türkiyə öndər rolunu oynaya bilərdi. Lakin hazırda o da müsəlman birliyinin qarşısını almaq üçün daim iş aparan Rusiya ilə yaxınlaşmağa başlayıb. Bir sözlə, Asiya Birliyi ideyası çox gözəl, zəruri məsələni nəzərdə tutan ideya olsa da onun baş tutması yolunda böyük əngəllər var. Ancaq onu da nəzərə almaq lazımdır ki, reallaşması mümkün görünməyən ideyalar belə, dövlətlərin siyasi elitasının və xalqlarının iradəsi ortada olanda reallaşa bilir. Bu baxımdan hesab edirəm ki, müsəlman dövlətlərinin rəhbərləri və xalqları iradə nümayiş etdirərlərsə, Asiya Birliyi baş tutar və dünyada yeni qütb yaranar".
Qeyd edək ki, S.Əkbərin özü də yazısında bildirib ki, Asiya Birliyinin yaradılması kimi çox böyük bir geopolitik layihənin həyata keçirilməsi, heç şübhəsiz, çox çətin, mürəkkəb, problemli, ağrılı və uzunmüddətli proses olacaq. Bu səbəbdən, onun həyata keçirilməsi həm üst (geopolitik, geostrateji, geoekonomik və geokültürəl), həm də alt (siyasi, hərbi, iqtisadi və mədəni) səviyyədə hərtərəfli çox ciddi ilkin hazırlıq işinin aparılmasını tələb edir. Çünki bu iş mövcud geopolitik və strateji reallıqların, o cümlədən ehtimal edilən bütün çoxyönlü, çoxsaylı və çoxsəviyyəli təhlükələrin nəzərə alınmasını, bu səbəblə çox ehtiyatla və həssaslıqla, eyni zamanda inamla, çox qətiyyətlə, qərarlılıqla yanaşılmasını, aparılmasını tələb edir.
Tarix: 27-02-2018, 08:57