İrəvan qorxuda: Ankara-Moskva dialoqu və Bakının şansı
İşğalçı Ermənistan Türkiyə ordusunun Suriyadakı qələbələrindən yaman narahatdır.Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, Türkiyə Afrinlə kifayətlənməyəcək, irəriləməkdə davam edəcək, növbədə hətta İraq ərazisində əməliyyatların keçirilməsi planı var:
“Bu baxımdan Ermənistanın narahatlığı anlaşılandır. Türkiyə quru sərhədi olan bir ölkədə - Suriyada hərbi əməliyyat keçirir, həmçinin İraqda da belə bir hərbi əməliyyat planlaşdırır. Türkiyənin digər quru sərhədi olan Ermənistan isə qara-qara düşünür ki, daha sonra növbə kimə çata bilər? Ermənistan Rusiyaya arxayın olsa da, İrəvan Ankara-Moskva dialoqundan və razılaşmalardan da ciddi narahatlıq keçirir”.
Politoloq bildirib ki, Azərbaycan bölgədə yaranan bu vəziyyətdən istifadə etməyi bacarmalıdır:
“Birincisi, Türkiyə ordusunun uğurları fonunda Azərbaycanın strateji müttəfiqi ilə yeni hərbi anlaşma imzalamasına ehtiyac var. Bu anlaşma hərbi ittifaqı yeni bəndlərlə gücləndirmək mahiyyəti daşıya bilər. İkincisi, elə bu ərəfədə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin Naxçıvanda və cəbhə bölgəsinə yaxın ərazidə keçirilməsi də işğalçıya ciddi mesaj olardı. Üçüncüsü, Azərbaycanın Afrinin yenidən qurulmasına, o cümlədən infrastruktur çalışmalarında iştirakı arzuolunandır. Əlbəttə, bunun üçün Ankaranın Bakıya müraciəti vacibdir və mənə elə gəlir ki, Bakının arzusu olarsa, Ankara bu müraciəti gecikdirməz. Bu da iki ölkə arasındakı hərbi ittifaqın gücləndirilməsinə xidmət edər, həm də bizə gələcəkdə azad olunan torpaqlarımızda infrastrukturun yenidən qurulması məsələsində gərəkli təcrübə qazandırar”.
Tarix: 23-03-2018, 15:47