“Ölkə xaricdən idarə olunan xaosa sürüklənir” – XƏBƏRDARLIQ
“Azərbaycanda 50-dən çox siyasi partiyanın mövcudluğuna baxmayaraq, mənim qənaətimcə, ölkənin siyasi həyatı iki qüvvədən ibarətdir: milli satqınlardan və milli vətənpərvərlərdən. Milli satqınlar müxalifətdə də var, hakimiyyətdə də; eynilə milli vətənpərvərlər də həm müxalifətdə var, həm də hakimiyyətdə… Hazırda biz müxalifətdəki milli satqınlarla hakimiyyətdəki satqınların xaricin diktəsiylə əlbir hərəkətini müşahidə edirik. Başlanan bu prosesin qarşısı ağılla alınmazsa, bu, ölkəni qana, qarşıdurmaya aparacaq. Açıq görünür ki, Azərbaycanı tədricən ikinci Suriyaya çevirmək prosesinə start verilib və ölkəni xaricdən idarə edilən xaosa sürükləyirlər”.
Bu fikirləri Xural.com-a açıqlamasında
Milli Azadlıq Hərəkatının liderlərindən biri, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı son vaxtlar gərginləşən və getdikcə öz məcrasından çıxaraq söyüşlə, açıq təhqirlərlə müşayiət olunan hadisələrin səbəbini izah edərkən deyib.
Nemət Pənahlının sözlərinə görə, Azərbaycanı gözləyən təhlükələrin qarşısını almaq üçün cəmiyyət ayıq-sayıq olmalı, yanlış istiqamətlərə yönləndirilməməli, proseslərin düzgün təhlili verilməli, xüsusən də hakimiyyətdəki və müxalifətdəki milli-vətənpərvər qüvvələr ölkəni sürükləndiyi vətəndaş qarşıdurmasından yayındırmaqdan ötrü bir-birinə əl uzatmağı bacarmalıdırlar:
“30 il əvvəl də SSRİ KQB-nin əli ilə Azərbaycanda milli azadlıq hərəkatını idarə etməyə çalışırdılar. Ancaq elə ki, milli-vətənpərvər qüvvələr ortaya iradə qoydu, xalqı öz arxasınca toparlaya bildi, vəziyyət kökündən dəyişdi və Azərbaycan öz dövlət müstəqilliyini bərpa edə bildi… İndi də oxşar proseslər başlayıb. Azərbaycana təsir etmək istəyən bütün xarici güclər hədəfi, milli mənşəyi naməlum kəslərin, eləcə də illər uzunu müxalifətdə, eləcə də hakimiyyətdə yetişdirib hazırladıqları şəxslərin əliylə ölkədəki gərginliyi artırmağa və ona yön verməyə çalışırlar. Fikir verirsinizsə, çox incə şəkildə eyni mərkəzdən verilən təlimatla həm müxalifətdəki, həm də hakimiyyətdəki milli satqınlar paralel şəkildə aktivləşdiriliblər və bir-birinə pas ötürə-ötürə ölkədə gərginlik yaratmaq istiqamətində fəallaşıblar. Udan kimdir? Əlbəttə ki, xarici güclər…”Nemət Pənahlı onu da qeyd edib ki, hazırda nə müxalifətdə, nə də hakimiyyətdə xalqın kritik situasiyada arxasınca gedə biləcəyi, sözünü eşidəcəyi qüvvə olmadığından və cəmiyyət parçalandığından, qisasçılıq hissləri isə getdikcə gücləndiyindən, hadisələrin qızışacağı və vətəndaş qarşıdurmasına keçəcəyi halda, proseslərə nəzarət itəcək:
“Xalqı yalnız o qüvvə arxasınca toparlaya bilər, xalq o qüvvənin sözünü eşidər ki, indiyədək onu aldatmasın, fəaliyyəti ilə həqiqi mənada milli-vətənpərvər qüvvə olduğunu təsdiqləsin. Mən və rəhbərlik etdiyim Milli Dövlətçilik Partiyası belə bir qüvvə olmağa iddialıyıq”.
Nemət Pənahlı son günlər onun adından ölkə.az saytında yayılmış və daha çox AXCP-nin hədəfə alındığı materialla bağlı məsələyə də aydınlıq gətirib:
“Bəli, mən bütün dövrlərdə söyüş və təhqirin, insan şəxsiyyətini, ləyaqətini alçaltmağa yönəlmiş ifadələrin, hərəkətlərin siyasətə gətirilməsinin əleyhinə olmuşam. Hakimiyyətin bu yöndəki yanlışlıqlarını həmişə sərt tənqid etdiyim kimi, eyni qaydada AXCP-nin də səhv addımlarını tənqid etmişəm. Ancaq mən ölkə.az adlı sayta hər hansı müsahibə verməmişəm. Onlar sadəcə müxtəlif vaxtlardakı çıxışlarım, müsahibələrim, yəni, ayrı-ayrı dövrlərdə mənə məxsus olan fikirlər əsasında belə bir material hazırlayaraq, indi yayıblar. Dediyim hər sözün arxasında dayanan adam olduğumu da bildiklərindən, etiraz etməyəcəyimi düşünüblər”.Nemət Pənahlı Milli Şuranın 31 mart mitinqinə qoşulub-qoşulmayacağı, qarşıdakı mərhələdə onlarla birgə hərəkət edib-etməyəcəkləri məsələsinə də aydınlıq gətirib:
“Mən meydan adamıyam – siyasətə meydandan gəlmişəm. Həmişə mitinqlərin, kütləvi aksiyaların keçirilməsinin tərəfdarı olmuşam. Xalq hardadırsa, harda xalqın dərdi deyilirsə, mən oradayam – xalqın içindəyəm. Milli Şurada, AXCP-də toplaşanların böyük əksəriyyəti vaxtilə meydanlarda mənim bir komandamla, bir sözümlə toparlanıb-dağılan, mənim rəhbərliyim altında Milli Azadlıq Hərəkatında iştirak etmiş insanlardır. Onlar çox yaxşı bilirlər ki, kim milli-vətənpərvər qüvvələri təmsil edir, kim də milli satqınları…”
Tarix: 27-03-2018, 21:54