Puçdemona həbs, Saakayana dəvət - Qərbin ənənəvi ikili standartı...
Kataloniyada referendum keçirərək müstəqilliyə cəhd edən muxtar hökumətin sabiq başçısı Karles Puçdemonun həbs müddəti Almaniya məhkəməsi tərəfindən uzadılıb. Bu barədə Almaniyanın Noymünster şəhər məhkəməsi qərar çıxarıb. Bundan sonra məhkəmə sabiq Kataloniya rəhbərinin İspaniyaya ekstradisiya olunması məsələsinə baxacaq.
Qeyd edək ki, Finlandiyadan Belçikaya gələn K. Puçdemon ötən gün Almaniyanın Danimarka ilə sərhədində Almaniya polisi tərəfindən saxlanılıb. Belçikaya qaçmış K.Puçdemon və daha 4 nəfər bu ölkənin məhkəməsi tərəfindən şərti azadlığa buraxılıb. Eləcə də onlara Belçikanı tərk etmək qadağan edilib.
Maraqlıdır ki, bir müddət əvvəl Qarabağ separatçılarının rəhbəri ABŞ-a çox rahat şəkildə səfər edib, Konqresdə görüşlər keçirmişdi. Onu da qeyd edək ki, bundan əvvəl də separatçı rejimin rəhbəri Avropanın müxtəlif dövlətlərinə maneəsiz səfərlər edib. Bu fakt bir daha göstərir ki, Qərb dövlətləri separatizmdən əziyyət çəkən ayrı-ayrı ölkələrə birmənalı yanaşmır. Avropanın mərkəzində baş qaldıran separatçıların lideri təqib olunur, Dağlıq Qarabağ separatçılarının cinayətkar rəhbəri isə əl üstə tutulur. Elə bu ikili standartların nəticəsidir ki, uzun illərdir Dağlıq Qarabağ problemi hələ də öz həllini tapmayıb.
Politoloq Fikrət Sadıxov bildirdi ki, separatçı rejimin ABŞ-a səfəri ikili standartın açıq sübutudur: "Biz bunu dəfələrlə açıq şəkildə bildirmişik. Hətta bu məsələni Minsk qrupunun fəaliyyətdə olan həmsədrlərinə də ünvanlamışıq. Eyni zamanda, aparıcı dövlətlərə də bu yanaşmanı irad kimi tuturuq. Biz görürük ki, eyni vəziyyətdə olan, yəni separatizmə məruz qalan dövlətlərə yanaşmalar müxtəlifdir. Birində separatçılara qarşı sərt addımlar atılır, cinayət işi açılır. Digərlərinin rəhbərlərini isə dəvət edirlər. Əlbəttə ki, burada müxtəlif səbəblər var və onu açıqlamaq olar. Maliyyə imkanları çox güclü olan ermənilər Saakyanı dəvət edənləri açıq şəkildə maliyyələşdirirlər. Bir sıra konqresmen elə ermənilərin maliyyəsi ilə Konqresə seçilir və onlara külli miqdarda pul ayırırlar. Bu, reallıqdır. Düşünürəm ki, Qərbin bəzi dairələrinin belə ikili yanşaması onlara çox böyük zərbə vuracaq. Çünki onlar başa düşməlidir ki, bu məsələdə ikili yanaşmalar ilk növbədə öz maraqlarına ziddir. Bu gün Kataloniya, sabah Şotlandiya, sonra Şimali İrlandiyada separatçılar baş qaldıra bilər. O cümlədən Fransada, Almaniyada və digər yerlərdə belə separatçı tendensiyalar mövcuddur. Görünür Qərb dövlətləri bu məsələni çox dərin düşünmür. Lakin faktiki olaraq hazırda özləri də separatçılıqla üzləşiblər”.
F.Sadıxov qeyd etdi ki, separatçı rejimlərlə bağlı fərqlər də mövcuddur: "Düzdür, rəsmi Vaşinqton Bako Saakyanı ABŞ-a dəvət etməyib. Separatçıların rəhbəri ora ermənipərəst konqresmenlərin dəvəti ilə gedib. Rəsmi Vaşinqton bunu açıq şəkildə dəstəkləmir və bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bir sıra hallarda Konqres Ağ Evə zərbə vurmaq üçün belə hərəkətlər edir. Bütövlükdə buna baxmayaraq, Saakyanın və digər separatçıların Qərb ölkələrinə səfəri yolverilməzdir. Azərbaycan artıq öz etirazını bildirib və bundan sonra da belə hərəkətləri müxtəlif siyasi və diplomatik addımlarla qəti şəkildə pisləməliyik”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Qərb Kataloniyaya baxışında fərqli münasibət sərgiləyir: "Kataloniyada separatçılar referendum keçirdi. Bu referendumun nəticəsini mərkəzi hökumət tanımadı və eləcə də Qərb dövlətləri İspaniyanın yanında yer aldı. Dağlıq Qarabağda isə separatçılar referendum tələbini ortaya qoyanda Minsk qrupunun həmsədri olan Fransa birmənalı şəkildə "yox” demir və torpaqların azad edilməsindən sonra bu məsələnin müzakirəsinin mümkünlüyünü dilə gətirir. Lakin Fransa Kataloniya məsələsində İspaniya mərkəzi hökumətinə dəstək verdi. Burada artıq ikili standartlar özünü göstərdi. Yaxud, Puçdemon Avropa ölkələrində sərbəst hərəkət edə bilmir. Çünki məhkəmə qərarı var və müvəqqəti də olsa, Avropa ölkələrində həbs olunur. Qarabağ separatçılarının rəhbərinin Qərb ölkələrinə səfərinin qarşısının alınması üçün düşünürəm ki, biz də aktivlik nümayiş etdirməliyik. İnterpola müraciət etməliyik ki, bu adam separatçıların rəhbəridir, Azərbaycan torpaqlarının işğalında və qətliamlarda əli olub. Ona görə də harada peyda olsa, Saakyan həbs edilməlidir. Biz belə açıqlama ilə çıxış etməliyik ki, Bako Saakyan Puçdemon kimi hara getsə, özünü rahat hiss eləməsin. Bilsin ki, biz onu qarabaqara izləyəcəyik. Eyni zamanda başqa bir istiqamətdə də fəaliyyətimizi davam etdirməliyik. Qarabağın azərbaycanlı icması və onun rəhbəri var. Bu icmanın rəhbəri də eynilə Saakyan kimi Avropada görüşlər keçirib, Azərbaycan həqiqətlərini dünyaya yaya bilər. Tək bəyanat verməklə, pisləməklə iş getmir, düşünürəm ki, bir az konstruktiv olmağa da ehtiyac var”.\\kaspi.az\\