Liberal demokratiyadan "xristian demokratiyası"na: Avropa İttifaqının təkamül yolu?

 Newtimes.az
Qərbdə bir siyasi-ideoloji böhran vəziyyətinin yarandığı haqqında bir çox mütəxəssislər yazır, bunun müxtəlif səbəblərini göstərirlər. O cümlədən Avropa İttifaqının siyasi-iqtisadi transformasiyası kontekstində meydana çıxan çətinlikləri vurğulayırlar. Avropanın siyasi liderləri də fərqli mövqedədirlər. Əgər A.Merkel xeyli humanist və liberal mövqe tutursa, xristian-demokratlar onu sıxışdırır, təzyiq göstərirlər. Bu, daha çox miqrantlara olan münasibətlə əlaqəlidir. Son olaraq bu məsələdə konkret qərar qəbul etmək üçün A.Merkelə iki həftə vaxt verilib. Bunun fonunda Aİ-nin bir sıra dövlətlərində radikal millətçi mövqe daha qabarıq özünü göstərir. Onların sırasında Macarıstanın baş naziri V.Orbanın ifadə etdiyi fikirlər daha çox narahatlıq doğurur. O, üçüncü dəfə baş nazir seçiləndən sonra parlamentdə düşündürücü fikirlər səsləndirib. Onların fonunda Aİ-nin gələcək taleyi xeyli dərəcədə qaranlıq görünür. Avropa bu dəfə hansı yolu seçəcək – həqiqi demokratiyanı, yoxsa məhdud milliyyətçi kursu? Bu suala cavab üzərində düşünməyə dəyər.
Dilemma: avropalı siyasi liderlərin çətin seçimi
Avropa İttifaqının taleyi məsələsi yenidən üzv dövlətlərin siyasi liderlərinin gündəminin aktual mövzusuna çevrilib. İndi məsələ daha çox iki aspektdə müzakirə edilir. Birinci aspekt təşkilatın gələcək siyasi strukturu, ikinci aspekt isə miqrant probleminin həlli ilə bağlıdır. Bir sıra avropalı siyasətçilər bu məsələləri bir-biri ilə əlaqədə götürür, hətta miqrant problemi həll edilməsə, Aİ-nin "artıq yükləri" atıb, daha da yüngülləşə biləcəyindən bəhs edirlər (bax: məs., Сбросить "мешки с песком". Без кого Евросоюз собирается "лететь" дальше / "РИА Новости", 26 may 2018).
Maraqlıdır, Avropa İttifaqı kimi inkişaf etmiş və insanların yüksək rifahına nail olmuş güclü bir təşkilat hansı səbəblərdən ölüm-qalım dilemması qarşısında qalır? Mütəxəssislər bu məsələni dərk etməyə çalışır, çox müxtəlif faktorları önə sürürlər. Hər birinin də öz əsasları var. Lakin göstərilən bütün cəhdlərə baxmayaraq, zaman-zaman Aİ böhrana düşür. Bir çətinlik aradan qalxınca, digəri meydana çıxır.
Xatırladaq ki, Yunanıstan, İtaliya, İspaniya, Portuqaliyada maliyyə böhranının kəskinləşməsini Şərqi Avropanın bir sıra dövlətləri ilə bağlı anlaşılmazlıqlar müşayiət etdi. Polşa, Rumıniya, Macarıstan və Bolqarıstanda milli-radikal siyasi mövqenin daha da güclənməsi müəyyən iradları meydana gətirdi. Bunların fonunda Böyük Britaniyanın təşkilata qarşı irəli sürdüyü ittihamlarda məhz Şərqi Avropa ölkələrindən axışan miqrantların sosial təminatı məsələsinin xüsusi yer tutması ikinci dərəcəli məsələ deyildi. London buna olduqca ciddi əhəmiyyət verdi və indi də öz fikrində qalır.
Bu kimi çətinliklər Aİ-nin daxilində bir ayrı-seçkiliyin də olduğunu üzə çıxardı. Konkret olaraq Almaniya və Fransa təşkilatda liderliyi ələ alıb, digərlərinə öz iradələrini yeritməyə cəhd etdilər. Bu aspektdə Berlin daha fəal görünür. Çünki Almaniya təşkilatın ən güclü iqtisadi sisteminə malik ölkəsidir. Bu, Berlinə maliyyə sahəsində öz iradəsini bütün üzv dövlətlərə yeritmək şansı verirdi. Fransa da son zamanlar bu istiqamətdə fəallaşıb və indi mütəxəssislər "Aİ-nin ikiləşməsi" kimi təhlükəli tendensiyanın baş qaldırmasından bəhs edirlər. Bu nə deməkdir?
Fikirlərə görə, Aİ faktiki olaraq "ikili sürətlə" inkişaf mərhələsinə qədəm qoyub. Təşkilatın Mərkəzi və Qərbi Avropada olan üzvləri Şərqə və Cənuba nisbətən daha sürətlə irəliləyir. Almaniya və Fransa da məhz bu sürətli ölkələrlə birgə yola davam etmək fikrindədirlər. Şərqi Avropanın daha zəif inkişaf etmiş ölkələrinə isə müəyyən yardım göstərməklə yanaşı, onların tamhüquqlu üzv olmaları məsələsinə az diqqət yetirilir.
Məsələn, Polşa, Rumıniya, Macarıstan və Bolqarıstana bu cür münasibət göstərilir. Onların sırasında həmin münasibətə daha kəskin reaksiya verən ölkələr Polşa və Macarıstandır. Polşa Brüsseldən vətəndaşlarının Aİ-nin Qərb hissəsində daha çox sosial sığorta altına alınmasını tələb edirlər. Onlar Aİ-nin hərbi müdafiəsində aktiv iştirak edirlər. NATO-nun hərbi strukturlarının ölkə ərazisində genişlənməsinə yaşıl işıq yandırıblar. Bu səbəbdən Rusiya ilə münasibətlərdə də gərginliyə gedirlər. Üstəlik, Varşava Aİ-nin aparıcı iqtisadi gücünə çevrilmək iddiasını və onun Şərq cinahının lideri olmaq arzusunu gizlətmir. Brüssel Almaniyanın aparıcılığı ilə bu məsələyə isti yanaşmır.
Qəribə transformasiya: liberallıqdan xristianlığa keçid?
Macarıstan isə siyasi sahədə daha radikal mövqe tutub. Bu ölkənin baş naziri Viktor Orban cari ilin may ayında yenidən vəzifəyə gələndə bəyan etdi ki, Avropa Birləşmiş Ştatları kimi cəfəng və utancverici ideyadan əl çəkmək lazımdır. O, mayın 10-da parlamentdəki çıxışı zamanı deyib: "Avropa İttifaqı "Avropa Birləşmiş Ştatları" haqqındakı dəhşətli sayıqlamalardan imtina etməlidir. Avropa İttifaqı reallığa qayıtmalıdır. Və bu istiqamətdə ilk addım olaraq miqrasiya üzrə mövqeyinə yenidən baxmalıdır" (bax: Hungary’s new parliament re-elected Viktor Orbán as prime minister / "Daily News Hungary", 10 may 2018).
V.Orbanı bu qədər qəzəbləndirən nələrdir? Qəribədir, lakin onun öz sözləri göstərir ki, macar lider radikal-dini millətçiliyə o dərəcədə aludə olub ki, artıq onu reallıq kimi hər kəsə qəbul etdirməyə çalışır. Özü də bu mövqe Macarıstandan populyarlaşır, çünki artıq üçüncü dəfədir ki, "Fides" rəhbərini baş nazir seçirlər. Buyurun, V.Orbanın iradı: "Biz iflasa uğramış liberal demokratiyanı XXI əsrin xristian demokratiyası ilə əvəz etdik ki, bu da insanların azadlığını və təhlükəsizliyini təmin edir" (bax: əvvəlki mənbəyə).
Bu, son dərəcə təhlükəli bir transformasiyadır. Əvvəla, Avropada bir qrup siyasətçi hesab edir ki, liberal demokratiyadan imtina etmək gərəkdir. Demokratiyanın bu ideoloji növü üçün millətlər, irqlər və dinlər arasında elə bir fərq qoyulmamalıdır. İkincisi, xristian demokratiyasının ideologiya olaraq nə demək olduğu tam aydın deyil. Lakin intuitiv olaraq duyulur ki, onu irəli sürənlər üçün irqi, dini və milli ayrı-seçkilik üstünlük təşkil edir. Konkret olaraq həmin demokratiya xristianlar üçündür! Və bu kontekstdə də xristian-demokratlara görə "insanların təhlükəsizliyi və rifahı" dedikdə, yalnız xristianları nəzərdə tutmaq gərəkdir.
Ədalət naminə onu da vurğulayaq ki, əslində, V.Orban uzun müddətdir ki, Qərb dövlətlərinin apardıqları siyasəti öz adı ilə çağırıb. ABŞ və Avropanın hətta postsovet məkanında belə xristian-müsəlman ayrı-seçkiliyi saldığı sirr deyil. Onun bariz nümunələrindən biri də sovetlərə daxil olmuş bir sıra xristian respublikalarında müstəqil dövlət quruculuğunda dini mənsubluğun məhək daşı kimi götürülməsini göstərə bilərik.
İş o yerə çatıb ki, müsəlman yaşayış məntəqələrinin girişi və çıxışında xaç işarəsini qoyur və bunu normal sayırlar. Əgər hər hansı bir müsəlman ölkəsi ərazisində yaşayan xristianların kəndinin mərkəzində məscid tiksəydi, yaxud girişində ay-ulduz abidəsi qoyulsaydı, Avropanın reaksiyası necə olardı? Dərhal "İslam fundamentalizmi", "İslam mənəvi terroru" kimi əsassız fikirlərlə hay-küy qaldırardılar. Lakin Avropanın mərkəzində bir dövlətin baş naziri açıq bəyan edir ki, biz "xristian demokratiyası"nı seçmişik!
Məhz bu düşüncə ilə də V.Orban və onun həmfikirləri miqrantlara qarşı sərt mövqe tutmağı tələb edirlər. Onlar fərqli dinə mənsub olan və yurdundan didərgin düşmüş adamların ölkələrinə qəbul edilməməsini tələb edirlər. Özü də həmin miqrasiyanın səbəbi dünyanın böyük dövlətlərinin başqa ölkələrin daxili işlərinə qarışmasıdır. Çünki Suriya müdaxiləyə qədər öz inkişaf tempi olan sabit ölkə idi. İraq, Livan, Əfqanıstan, Afrika ölkələri öz təkamül yolu ilə gedirdilər. Demokratiyanı yaymaq adı altında bütün dünyanın nizamını pozdular, indi də yalnız öz canlarını düşünür, xristianların təhlükəsizliyindən və rifahından danışırlar. Burada ədalət prinsipi haradadır?
Məsələnin acınacaqlı tərəfi həm də onunla bağlıdır ki, Avropa əsrlərdir ki, özünü demokratiyanın beşiyi sayır. İndi isə özünütəcrid kimi uğursuz bir yol seçməyə cəhd edir. Maraqlıdır ki, bu işdə ona sanki ABŞ Prezidenti də təkan verir. Məsələn, Donald Tramp Avropa ölkələrini çoxlu sayda miqrantı qəbul edib, öz mədəniyyətlərini korlamaqda ittiham edib (bax: Трамп раскритиковал миграционную политику в Европе / "РИА Новости", 18 iyun 2018).
Ancaq tarix çoxlu sayda belə prosesləri görüb. Son nəticədə haqsızın özü pis vəziyyətə düşüb. Avropa İttifaqının da ölüm-qalım dilemması qarşısında qalması bu kontekstdə təsadüfi deyil. Onun hansı qərarı qəbul etməsindən gələcək taleyi asılı olacaq. Əgər özünütəcrid və ya fərqli etnik, dini, mədəni, irqi mənsubluğu olanları sıxışdırma kursunu seçsə, fəlakət qaçılmaz olacaq.
Kamal Adıgözəlov
Tarix: 29-06-2018, 08:50
Xəbəri paylaş





Xəbər lenti