KOÇARYAN “MEHRİ DƏHLİZİ” İLƏ BAĞLI MƏXFİ RAZILAŞMADA İTTİHAM OLUNDU:"Sarkisyan və Dəmirçiyan bu plana görə öldürülüb"



Sarqis Arçruni

“1in.am”, Ermənistan, 29 iyun 2018-ci il

 

Robert Koçaryan 10 illik idarəçilik dövrü ərzində yalnız öz adını siyasi qətllərlə və hər yerdə aparılan talanlarla bağlamayıb, həmçinin Arsaxa (mətndə belə gedir – tərc.), Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə hissolunacaq zərbə vurub.

Robert Koçaryan 1998-ci ildə prezident postunu tutaraq, “DQR” adından da danışıq aparmaq hüququnu özündə saxlayıb. Bu, danışıqlar prosesində dönüş anı idi, nəticədə Arsax danışıqlar prosesindən çıxarıldı – dəyişən formatda münaqişənin subyektindən obyektinə çevrildi.

Danışıqlar prosesi transformasiyaya məruz qaldı, öz müqəddəratını təyin haqqı ikinci plana sıxışdırıldı. Bu kontekstdə təsadüfi deyil ki, Koçaryanın prezidentliyinin birinci ilində Mehrinin mübadiləsi variantı meydana çıxdı.

Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində danışıqların predmeti olaraq ərazilərin mübadiləsi və ya “Mehri məsələsi”lə bağlı Robert Koçaryan hakimiyyətilə müxalifət nümayəndələri arasında diskussiyalar 27 oktyabr 1999-cu ildə parlamentdə baş verən terror hadisəsindən sonra başladı və həmişə də baş vermiş cinayətin mümkün motivlərilə əlaqələndirildi.

Robert Koçaryan və onun hakimiyyətinin əsas fiqurları inandırıcı olmayan arqumentlərlə “Mehri variantı”nın mövcud olduğunu inkar ediblər, baxmayaraq ki, əksini sübut edən çoxlu faktlar da var.

Bu variantla bağlı Vazgen Sarkisyandan qalan hansısa bir əllə yazılmış sənəd var, həmin sənəddə o, qeyd edib ki, “bu, bizim deyil, onların variantıdır”, o və Karen Dəmirçiyan isə bu varianta qarşıdır. O, həmçinin yazıb ki, “Mehri benzin kimi qanınıza girəcək və … V. Sarkisyan birmənalı olaraq Laçının qorunub saxlanması baxışının tərəfdarı olub”.

16 noyabr 2000-ci ilNTV televiziya kanalının “Seqodnya” informasiya proqramında Stepan Dəmirçiyanın belə bir bəyanatı sitat gətirilib: “Atam oktyabrın ortalarında mənimlə “Mehri variantı” haqqında danışıb. Belə variant müzakirə edilib. O, həddindən artıq həyəcanlı idi və dedi ki, qarşı çıxacaq və sonuna qədər dayanacaq”.

27 oktyabr 1999-cu il cinayətindən sonra Vazgen Sarkisyanı Baş nazir vəzifəsində əvəz edən qardaşı Aram Sarkisyan Mehrinin təslim edilməsinə dair sui-qəsd planının qarşısının alınmasını özünün altı aylıq baş nazirlik vəzifəsi dövrünün ən böyük nailiyyəti hesab edir. Bu məsələ ilə bağlı onun “Mehri variantı”nın baş lobbiçisi adlandırılan Robert Koçaryanla çox mübahisəsi olub. Aram Sarkisyan 2001-ci ildə “Çorord İnknişxanutyun” qəzetinə verdiyi müsahibədə deyib: “Özümün bir nömrəli nailiyyətim onu hesab edirəm ki, mən mövcud imkanlarım daxilində “Mehri variantı”nın reallaşdırılmasına mane oldum”.

Maraqlıdır, Robert Koçaryan və onun Xarici işlər naziri Vardan Oskanyanöz “qəhrəmanlıq” addımlarını motivasiya edən hansı əks-arqumentlərlə və ya əsaslandırmalarla çıxış edirdilər?

2000-ci ildə “Almast” zavoduna baş çəkən Robert Koçaryan jurnalistlərdən birinin “Mehri variantı” ilə bağlı sualına cavab verərkən, manipulyasiya vasitəsilə onu “kommunikasiya problemi” kimi təqdim etdi: “Heç zaman dəhliz haqqında söhbət olmayıb, bəli, Ermənistanla Arsax arasında suveren dəhlizdən söhbət gedib, kommunikasiya yolları hüququndan söhbət gedir. Bizim bundan kənar hər hansı bir digər razılaşmamız heç vaxt olmayıb“.

“Aravot” qəzeti Xarici işlər naziri Vardan Oskanyanın 25 aprel 2000-ci il tarixdə Qlendeylin erməni icması ilə görüşdəki çıxışını təqdim edib. Vardan Oskanyan öz şefi Robert Koçaryandan daha səmimi olub və məsələni məxfilikdən çıxardıb: “Mehri Azərbaycana verilir, Laçın isə Qarabağla birlikdə Ermənistana. Mehri vasitəsilə Ermənistana suveren yol verilir, Ermənistan bu yol vasitəsilə İranla suveren kommunikasiyaya malik ola bilər”. Və əlavə edib: ”hansısa bir məntiq var”“ciddi müzakirəyə qoyulmalıdır”.

Oskanyanın bu bəyanatından sonra heç bir şübhə ola bilməz ki, Robert Koçaryan Mehrini mübadilə etməyə hazır olub və bu sui-qəsd planının qarşısı yalnız Ermənistanın siyasi sisteminin və cəmiyyətinin müqaviməti sayəsində alınıb.

Robert Koçaryan öz azğın hakimiyyətini qorumaq üçün ölkənin ərazi bütövlüyünə qəsd etməyə hazır olub. Böyük ehtimalla, Vazgen Sarkisyan və Karen Dəmirçiyan ona görə öldürülüb ki, Mehrinin mübadiləsilə bağlı sui-qəsd planına qarşı müqavimət göstərirdilər.

Tərcümə Strateq.az-ındır

Tarix: 30-06-2018, 14:29
Xəbəri paylaş





Xəbər lenti