İCMALÇI PROFESSOR SABİQ NAZİRƏ QARŞI SƏRT ÇIXDI !!!


Tofiq ZÜLFÜQAROV:

“Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu Azərbaycan cəmiuyətində həddindən artıq şişirdilib.”!!!

 

Qulu MƏHƏRRƏNLİ:

“Sabiq nazirin məsələyə ekspert kimi bu mövqedən şərh verməsi başa düşülən deyil.”!!!

———————————————————————-

Fb-NİN GÜNDƏMİNDƏN

Qulu MEHERREMLİ

02 iyul 2018


Tofiq Zülfuqarov xarici işlər naziri və ya xüsusi səfir vəzifəsi turmuş olsaydı, onun söylədiyi “Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu Azərbaycan cəmiuyətində həddindən artıq şişirdilib” fikrini diplomatik yanaşma kimi, bəlkə də qəbul etmək olardı. Amma indiki halda onun məsələyə ekspert kimi bu mövqedən şərh verməsi başa düşülən deyil. Axı, Tofiq bəy bu münaqişənin səbəbləri, xarakteri və onun həlli üçün ən çox danışıqlar aparan, reallığı hər kəsdən yaxşı bilən, o cümlədən Moskvanın hansı riyakarlıqla münaqişənin həllini uzatmasını, bölgədə hərbi-siyasi vəziyyətə hansı üsullarla nəzarət etməsini və münaqişə tərəflərinə (Azərbaycan, Ermənistan) necə təzyiqlər göstərməsini hər kəsdən gözəl dərk edən diplomatdır. Yəni dili söz tutmayan, bər-bəzəkli danışmağa çalışan təbliğatçı “politoloq”lardan fərqli olaraq, hörmətli Tofiq bəy reallığı bilən peşəkar təhlilçidir və onun münaqişənin həllində əsas geosiyasi aktyor kimi Rusiyanın rolunu və əhəmiyyətini bu dərəcədə azaltması ciddi yanlışlıqdır və ictimai fikirdə çaşqınlıq yaradır. Ola bilər ki, Rusiyanın bəzi deputat və politoloqlarının iştirakı ilə Cocuq Mərcanlıda keçirilmiş gərəkli forum və orada Azərbaycanın xeyrinə səslənmiş xoş bəyanatlar kimlərdəsə Rusiyanın mələk obrazını yaradır. Amma inanmıram ki, bu bəyanatlar rəsmi danışıqlarda həmişə Moskvanın həqiqi sifətini görmüş T. Zülfüqarov kimi təcrübəli diplomatda hansısa illüziyalar yaratsın. Ona görə də Qarabağ münaqişəsindən Cənubi Qafqazdakı gərginliyi artırmaq və Bakı ilə Yerevana təzyiq vasitəsi kimi istifadə etmək məqsədi güdən Rusiyanın günahlarını azaldan mövqe və yanaşmalara yalnız anlaşılmazlıq kimi baxıram.

————————————————————————————————-

P.S.

“Qrabağ münaqişənin həllində Rusiyanın rolu cəmiyyətimizdə həddindən artıq şişirdilib”

Moderator.az xəbər verir ki, bunu “Sherg.az”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya XİN rəsmisi Mariya Zaxarovanın “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması dəyişməyib” iddiasını şərh edərkən bildirib.

O diqqətə çatdırıb ki, əsas problem Rusiyanın vasitəçi kimi çıxış etməməsi, Ermənistanın təhlükəsizliyinin təmin olunması öhdəlikləri barədə ikimənalı açıqlamalar verməsidir:

“Bunu öhdəlik kimi qəbul etmək və Dağlıq Qarabağ münaqişəsinə aid etmək çətindir. Mən Rusiyanın Azərbaycana qarşı güc tətbiq edəcəyinə inanmıram. Buna baxmayaraq, ikimənalı açıqlamalar işğalçı dövlətdə arxayınçılıq yaradır. Ona görə, danışıqlar prosesinin perspektivi yoxdur.

Rusiyanın bu münaqişədə rolu əsas deyil. Əsas həlledici qüvvə Azərbaycan xalqıdır. Çünki Azərbaycanın mövqeyinə görə, Ermənistanın iddialarını heç bir dünya dövləti qəbul etmir. Düzdür, məsələ uzanır, amma beynəlxalq ictimaiyyət Ermənistanın istəklərini, Azərbaycan torpaqlarını özünə birləşdirmək cəhdini qəbul etmir. Buna görə, əsas yekun nəticə Azərbaycandan asılıdır. Azərbaycan xarici siyasətini uyğun qurmaqla çalışır ki, Rusiyanın ikimənalı siyasətini aradan götürsün. Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinə nail olsun. Düşmən başa düşməlidir ki, o öz qüvvəsinə istinadən hansısa siyasəti yürütməlidir. “Təhlükəsizlik çətiri” altında Azərbaycana güc nümayiş etdirməsi əlverişli nəticəyə gətirib çıxarmayacaq”.

Qeyd edək ki, M. Zaxarova Dağlıq Qarabağ problemi ilə bağlı deyilən hər sözün münaqişə tərəfi olan ölkələrdə yüksək maraq doğurduğunu bildirib:

“Siz, bizim Dağlıq Qarabağ münaqişəsinin həllinə, o cümlədən Azərbaycan və Ermənistanla münasibətlərimizə ənənəvi yanaşmamızı bilirsiz. Bu, fundamental rəsmi mövqedir, heç bir dəyişikliyə uğramayıb. Biz hər iki ölkə ilə nəticəyə nail olmaq üçün işləyirik. Biz, bu münaqişənin həllindəki rolumuzu Bakı və İrəvanla müqayisə etmirik. 

Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu bizim üçün beynəlxalq gündəmdə daha aktual olan məsələlərdən biridir. İki ölkə arasında əldə olunan razılıqlar, razılaşdırılmış mövqelər sözsüz ki, bizim maraqlarımıza cavab verir. Ona görə də Dağlıq Qarabağ probleminin həllinə Rusiyanın bir dövlət kimi baza yanaşması dəyişməyib. O ki, qaldı bəyanatlara, bəyanatlar siyasətçilər, müxtəlif səviyyəli parlamentarilər, tarixçilər tərəfindən səslənir. Belə bəyanatlar çoxlu saydadır. Bilirsiniz ki, bu məsələ ilə bağlı rəsmi mövqe var və bu mövqe sizə məlumdur”.

Tarix: 2-07-2018, 06:19
Xəbəri paylaş





Xəbər lenti