Cocuq Mərcanlıdan Ermənistanın işğalını lənətləyən, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən rusiyalı deputat hədəfə alındı; Sabiq xarici işlər naziri: “Azərbaycana dost münasibətində olan şəxslər bilməlidir ki, bizim ölkəmiz öz dostluğuna sadiqdir”
“Müharibə hər bir sahədə gedir, həmçinin də informasiya sahəsində. Odur ki, Rusiyanın informasiya mühiti və ictimai rəyi bizim üçün vacibdir. Bu mənada rusiyalı ekspertlərin Azərbaycana dəvət olunması, onlarla birlikdə Qarabağın işğaldan azad edilmiş ərazilərində tədbir keçirilməsi çox uğurlu hadisədir”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Eks-nazir Rusiyanın bir qrup tanınmış ekspertinin, o cümlədən azərbaycanlı ekspertlər və deputatların iştirakı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən tədbirdə, həmçinin ondan sonra Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatların səsləndirilməsi, torpaqların işğaldan azad olunması zərurətindən bəhs olunmasını təqdir etdi: “Burada keçirilən tədbir və verilən açıqlamalara Rusiyanın ermənipərəst qüvvələrinin reaksiyası kəskin olub. Bu da bu hadisənin əhəmiyyətini göstərən bir faktdır ki, onu müşahidə etdik. Biz dəfələrlə bu fikirləri demişik, Rusiyada müxtəlif hadisələr baş verir ki, onun birbaşa Qarabağ münaqişəsinə aidiyyəti var. Artıq Ermənistan bir faktor kimi Rusiyanın daxili və xarici siyasətində əhəmiyyətini itirir. Ermənipərəst qüvvələr təbii ki, bunun qarşısını almağa, Ermənistanın təhlükəsizliyini təmin etməyə çalışırlar. Odur ki, Azərbaycana bu kimi səfərlər davam etdirilməlidir. Çünki vacib problemlərin həllində ictimaiyyətin əhval-ruhiyyəsi çox vacibdir. Biz təbliğatı daha da gücləndirməliyik”.
Qeyd edək ki, Azərbaycana səfər edən ekspert və deputatlara qarşı ermənipərəst dairələrin hücumu da müşahidə olunur. Belə ki, işğal olunmuş Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edən Rusiya Dövlət Dumasının deputatına hücumlar başlayıb. APA-nın Moskva müxbirinin xəbərinə görə, “Rossiya 1" telekanalında yayımlanan ”Vladimir Solovyovla axşam" siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırıb. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə müraciət edən S. Baqdasarov D. Savelyevi partiyadan qovmağa çağırıb: “Necə olur ki, sizin deputat münaqişə bölgəsinə gedir, ağzına gələni danışır. Məhv edin onu, qovun onu. O, satqındır. Rusiya Federasiyasının düşmənidir. Heç olmasa, bu deputatın məsələsini həll edin. Mən ümid edirəm ki, Vladimir Volfoviç bu məsələni həll edəcək”.
Jirinovski isə cavabında S. Baqdasaryanın dedikləri ilə razı olduğunu söyləyib. Verilişin müəllifi və aparıcısı, Ermənistanın fəxri vətəndaşı Vladimir Solovyov erməni ekspertə dəstək nümayiş etdirib. O, başını bulayaraq bunları deyib: “Deputat Savelyev Ermənistanın deyil, Azərbaycanın Rusiyanın müttəfiqi olduğunu bəyan edib. Qarabağ və dağlıq ərazilərin Azərbaycana verilməsini tələb edib və bunun yeganə düzgün qərar olduğunu söyləyib”.
Xatırladaq ki, iyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransda çıxış edən Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitri Savelyev Dağlıq Qarabağ və ətraf 7 rayonun qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarılmalı olduğunu vurğulayıb.
Cocuq Mərcanlıda işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, inkişaf işlərini təqdir edən rusiyalı deputat qeyd edib ki, Ermənistanda baş verən hadisələr nəzərə alınsa, Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır:“Azərbaycan nadir ölkələrdən biridir ki, burada rus dili inkişaf edir. Azərbaycan Rusiyanı Avropa Şurasında dəstəkləyir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir. Baxmayaraq ki, biz Azərbaycana külli miqdarda silah satmışıq, amma bu, heç vaxt Rusiyanın öz əleyhinə yönələ bilməz. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Qarabağ münaqişəsi öz həllini tapacaq”.
Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev iyulun 3-də “Rossiya 1" telekanalında yayımlanan ”Vladimir Solovyovla axşam" verilişində onun ünvanına səslənən hədələrə münasibət bildirib. D. Savelyev APA-nın Moskva müxbirinə açıqlamasında V. Solovyovun proqramında səslənən fikirləri sayıqlama adlandırıb. “Belə sayıqlamaları şərh etməyi gərəksiz hesab edirəm”, - deyə D. Savelyev vurğulayıb.
Tofiq Zülfüqarov erməni dairələrinin bu cür hücumlarının gözlənilən olduğunu deməklə yanaşı, Azərbaycanın öz dostlarını müdafiə etməsini zəruri saydı: “Təbii ki, biz Azərbaycanın dostlarına dəstək verməliyik. Azərbaycana dost münasibətində olan şəxslər bilməlidir ki, bizim ölkəmiz öz dostluğuna sadiqdir. Özü də Azərbaycan yalnız rusiyalı dostlarını yox, Avropadakı dostlarını da ermənilərin hücumlarından müdafiə etməlidir. Məsələn, Avropa Şurasında Azərbaycanın dostlarına qarşı hücumlar oldu, kampaniyalar həyata keçirildi. Ermənilər bu cür hücumlarla göstərmək istəyirlər ki, Azərbaycanla dostluq edən bu və ya digər ictimai xadim təhlükəsizlik şəraitində davam edə bilməz. Eyni zamanda biz də bu metodlardan istifadə etməliyik. Yaxud Bako Saakyan Amerikaya gedib, orada görüşlər keçirdi. Təbii ki, bu, lobbiçilik fəaliyyəti nəticəsində baş verdi. Təəssüflər olsun ki, bizdə buna aid məsələlər qaldırılmır. Yaxşı olardı ki, hüquq müdafiəçiləri məsələ qaldırardı ki, nəyin əsasında ABŞ konqresmenləri Bako Saakyanı qəbul etdilər? Yoxsa konqresmenlərin iş-gücü qurtarmışdı Saakyanla görüşə maraq göstərsinlər. Təəssüf ki, bu istiqamətdə zəruri addımlar atılmadı”.