Azərbaycan prezidenti icra hakimiyyəti strukturlarında dəyişiklikləri davam etdirəcək; Bu sistemdə idarəçiliyin fəsadlar yaratması son olaraq Gəncədə yaşandı...

Şəhərin icra başçısı Elmar Vəliyevə qarşı ağır cinayət törədilsə də, faktiki olaraq gəncəlilər ondan çox narazılıq edirdilər. Yüzlərlə belə fakt var.

Bu cinayət hadisəsi əhali ilə işləməyi bacarmayan, insanları narazı salan icra başçılarının vəzifədən tezliklə uzaqlaşdırılmasını zəruri edir.

Xüsusən də keçmiş nazirlərin himayəsində olmuş bəzi icra hakimlərinin gediş vaxtı yetişib. Bu sırada Şəmkirin icra hakimi Alimpaşa Məmmədov, Ucar icra başçısı Mənsur Məmmədov, Şirvanın icra başçısı Mərdan Camalov, Beyləqanın icra hakimi Vaqif Abdullayev, Ağcabədi icra hakimi Şahin Məmmədov, Göyçay icra başçısı Mehdi Səlimzadə barəsində tez-tez şikayətlər gəlir.

Təbii ki, xalqı narazı salan, vətəndaşları incidən məmurların cəzalandırılması heç də Yunis Səfərovun etdiyi cinayət şəklində olmamalıdır. Bu, yolverilməzdir, xaosa apara bilər, vətəndaş qarşıdurmasına gətirib çıxarar.

Məmurların cəzalandırılması prezidentin səlahiyyətindədir, işləməyən, qanunsuzluğa yol verən icra başçılarını işdən azad etməklə, prokurorluq tərəfindən araşdırma aparılmaqla onlar cəzalandırılırlar.

Bu baxımdan E.Vəliyevə sui-qəsd bir tərəfdən icra başçılarına həm xəbərdarlıq oldu, həm də əhali ilə necə işləməyin vacib olduğunu üzə çıxardı.

Amma son dövrlər ayrı-ayrı bölgələrdən şikayətlər artmaqdadır. Əyalətlərdə yerli hakimiyyətlərin idarəçiliyi mərkəzi hakimiyyətə problemlər yaradır.

Mediaya gözücü baxmaq kifayətdir ki, Laçın, Qubadlı, Zəngilan, habelə Ağstafa, Sabirabad, Nəsimi, Xətai, Nizami rayonlarının başçılarından şikayətlər görəsən.

Prezident dəfələrlə İH rəhbərlərinə tapşırıqlar verib, xəbərdarlıqlar edib. Dövlət başçısı xalqla işləməyi əmr edib ki, insanlar narazı qalmasın.

Amma İH başçıları vətəndaşları saymırlar, qapıdan qovurlar, öz güzəranlarını yaxşılaşdırırlar.

İnsanları qıcıqlandırırlar, görüşlər keçirmirlər, problemlər aşıb-daşır.Bu günlərdə Ağsu icra başçısının oğlunun milyonluq villa alması növbəti nümunədir.

Rayonlarda yoxsul əhalinin məmurların komfort həyatını gördükdə fərqi hiss etməsi artıq təbəqələşmə yaradır. Bu da yuxarılarla aşağılar arasında körpüləri, zəncirləri qırır.

Prezident xalqla həmrəydir, hər çıxışında problemlərdən danışır, məmurlara sərt xəbərdarlıqlar edir. Amma harınlamış bəzi məmurların korrupsiya pullarından başları gicəllənib.

Hazırda Neftçala, Abşeron, Sumqayıt icra hakimiyyəti başçılarından şikayətlər çoxdur. Prezident İlham Əliyev dəfələrlə işini düzgün qurmayan icra başçılarına xəbərdarlıq edib.

Ölkə başçısı Nazirlər Kabinetinin 2017-ci ilin iyulunda sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında da yerli icra orqanlarının rəhbərlərinin fəaliyyətinə öz iradlarını daha kəskin bildirmiş və onlara vaxt vermişdi:


“Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar.

Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var.

Bəzi hallarda yerli icra orqanları investorlara kömək etmək əvəzinə problemlər yaradırlar, nəticədə özəl investisiyalar iqtisadiyyatdan yayınır. Bunlara son qoyulmalıdır.

İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub.

Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir”.(Fia.Az )