Sərdar Cəlaloğlu Ərdoğanı müdafiə edir, təsisçisi olduğu qəzet isə “vurur”...

ADP sədri: “Bu yazılara cavabı özüm verəcəm”

ADP sədri Sərdar Cəlaloğlunun təsisçisi olduğu “Hürriyyət” qəzetində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barədə gedən yazı suallara yol açıb. Belə ki, ADP rəhbəri daim Türkiyədə cərəyan edən proseslərdə Ərdoğana açıq dəstək verib, qardaş ölkəyə indiki vaxtda onun rəhbərlik etməsini vacib sayıb, apardığı siyasətin Türkiyə üçün önəmli olduğunu vurğulayıb.

Bununla belə, ADP sədrinin mövqelərinə zidd, xüsusilə Ərdoğan iqtidarının əleyhinə yazıların tez-tez təsisçisi olduğu qəzetdə tirajlanması çoxsaylı müzakirələr doğurur.

S.Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında “Hürriyyət”ə tam nəzarət etmədiyini bildirdi: "“Hürriyyət”in təsisçisi statusum var. Onun redaktoru ilə müqaviləm var. Qəzetin yaradıcılıq fəaliyyətinə qarışmıram. Onlar da mənim bütün fikirlərimi verməyə məcbur deyillər. Qəzet kollektivinə göstərişi mən vermirəm. Orada çalışanlar yaxşı bilirlər ki, biz heç vaxt onların yaradıcılıq proseslərinə müdaxilə etməmişik, heç bir tapşırıq verməmişik. Məsələn, görsəm ki, orada fikirlərimə zidd nəsə gedib, buna, sadəcə, mövqeyimi bildirərəm. Vacib deyil ki, hamı mənim kimi düşünsün. Biz çalışırıq ki, “Hürriyyət” kiminsə nəzarəti altında olmasın və bunu ictimaiyyətə çatdıraq. Burada tam müstəqillik, azadlıq var. Hətta zaman-zaman orada maraqlarıma ciddi zərbə vuran yazılar da gedir. Açığı, deyim ki, qəzetlə düşünüldüyü qədər təmasda deyiləm. Bir çox hallarda baxanda görmüşəm ki, qəzetdə maraqlarıma əks olan, bizə ciddi zərbə vuran yazılar gedib. Belə hallar çox olub. Qəzetə nəzarət etmirəm və belə bir fikrim də yoxdur. Açığı, Ərdoğan barədə gedən yazıya rast gəlməmişəm. Naxçıvandayam, qayıdandan sonra həmin yazı ilə maraqlanacam. Əgər doğrudan da Ərdoğan haqqında orada əsassız yazılar varsa, buna cavabı özüm verəcəm. Qəzetin saytının isə ümumiyyətlə, mənə aidiyyəti yoxdur, hətta qəzetə belə. Düzdür, adları eynidir. Saytın rəhbərliyi tam müstəqildir. Bunu hər kəs bilsin ki, adlar eyni olsa da, “Hürriyyət”in saytı qəzetdən ayrıdır. Bir yerdə nəzarət varsa, orada demokratik mühit tam ola bilməz".


Tarix: 7-07-2018, 09:02
Xəbəri paylaş





Xəbər lenti