Qarabağ məsələsi BMT-nin gündəliyinə qayıdır - səbəb...

Qarabağ məsələsi BMT-nin gündəliyinə qayıdır
Cocuq Mərcanlı konfransı və orada Rusiyanın tanınmış fikir adamlarının ölkəmizin ərazi bütövlüyü xeyrinə verdikləri açıqlamalar düşmən Ermənistanda daha çox yeni erməni rəhbərliyinə xəbərdarlıq mesajı kimi qiymətləndirilib. Bütövlükdə işğalçı ölkədə hazırda bir xof var ki, Rusiya günün birində qərbyönlü sayılan erməni rəhbərliyini, Paşinyan hökumətini Azərbaycanın əli ilə, Qarabağ məsələsindən istifadə etməklə cəzalandıra bilər.

Hərçənd baş nazir Nikol Paşinyan Ermənistanın Rusiya nüfuz dairəsində qalacağını, KTMT və Avrasiya Birliyindən çıxmayacağını bəyan etməkdə davam edir, belə görünür ki, Kremldə onun vədlərinə artıq bir elə inanmırlar. Buna əsaslar da az deyil. Məsələ ondadır ki, Nikol Paşinyan öz komandasını bütünlüklə anti-Rusiya kadrlarından təşkil edib, Qərb qurumlarına, NATO-ya, Avropa Birliyinə rəğbətini gizlətmir, gələn həftə isə NATO-nun Brüssel sammitinə qatılmağa hazırlaşır - hansı sammitdə ki, “Rusiya aqressiyası” mövzusu da alyansın gündəliyində olacaq.

*****

Bu üzdən qonşu ölkənin siyasi və ekspert çevrələrində işğalçı ölkə ətrafında yaranmış vəziyyətdən, şimal təhlükəsinə qarşı çıxış yolu üzərində baş sındırmağa başlayıblar. Rəy və yanaşmalar isə müxtəlifdir.

Məsələn, Ermənistan parlamentinin keçmiş üzvü, siyasi icmalçı Erdcanik Abqaryan hesab edir ki, Ermənistan üçün hazırda vəziyyət həqiqətən çox təhlükəlidir və bu üzdən gerçəyə olduğu kimi baxmaq, təxəyyülə qapılmaq lazım deyil. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, 1 in.am portalına müsahibəsində deyib.

Sabiq deputatın fikrincə, bu, xüsusilə erməni hərbçilərinə və ölkənin siyasi rəhbərliyinə aiddir: “Keçən iki on illik ərzində beynəlxalq münasibətlər indiki kimi heç vaxt kəskinləşməyib. Qərb birliyi çat verib, iqtisadi müharibə gedir, lokal konfliktlərin sayı və onların eskalasiyası artıb, bəzi dövlətlər militarizasiya xəstəliyinə tutulub və s. Bizim üçün ən təhlükəli reallıq odur ki, bölgəmizdə, faktiki olaraq, Rusiya, Türkiyə və Azərbaycandan ibarət yeni anti-erməni ”triumvirat"ı yaranıb - hansı üçlüyün ki, iqtisadi və siyasi maraqları indi üst-üstə düşür. Qısa desək, Azərbaycan bu kimi beynəlxalq səviyyədə kəskinləşmələrə və digər reallıqlara hesabını quraraq da öz hədələrini davam etdirir və əmindir ki, onun üçlük üzrə müttəfiqləri və hay-küylü beynəlxalq laqeydlik “baş vermiş faktı” (ərazilərin güc yolu ilə azad edilməsini - “YM”) həzm edəcək. Başqa yandan, gərək Rusiya imperialistlərinin ənənəvi satqınlığını və onların erməni inqilabına qarşı gizlədə bilmədikləri nifrəti də unutmayaq. Hesab edirəm ki, vəziyyət çox təhlükəlidir".

Eks-deputat Ermənistanın Qərb və Rusiyaya münasibətdə “iki stul”da oturmaq siyasətinin artıq məqbul olmadığını deyib: “Qərb üçün həddən ziyadə qeyri-məqbuldur ki, ermənilər Rusiyanın təsir dairəsindən hələ də çıxmaq istəmirlər. Qərbdə ermənilərin ”Rus ayısı"nın ağuşunda ola-ola, demokratiya qurmaq arzusunu ciddi saymırlar. Azərbaycan isə onlardan ötrü müəyyən mənada müstəqilik nümunəsidir, çünki özünün müstəqilliyinin heç bir komponentini Rusiyaya güzəştə getməyib. Azərbaycanlıların nefti, tranzit kommunikasiyaları var. Azərbaycan ABŞ üçün bəzi Orta Asiya ölkələrinə, o sırada Əfqanıstana və Qırğızıstana giriş baxımından körpü rolu oynayır. Qərbin demokratiya məsələsində Azərbaycanla bağlı qətiyyətli qeydləri var. Elə bu və başqa reallıqlara nəzərən də Qərb Ermənistandakı inqilaba rəğmən, Azərbaycan-Ermənistan danışıqlarına neytral münasibət bəsləyir. Hazırda sülh danışıqlarının bərpası üçün real zəmin görmürəm. Hərçənd mən danışıqların 90-cı illərin əvvəllərindəki gündəliyə qayıtmasını da istisna eləmirəm. Eyni zamanda düşünürəm ki, erməni diplomatiyası hətta buna da indi hazır deyil".

*****

Qarabağ danışıqlarında isə ötən ilin oktyabrından başlayan durğunluq davam edir. Bu arada məlum olub ki, “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamə layihəsi yenidən BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə salına bilər. APA-nın məlumatına görə, bu, 73-cü plenar sessiyanın iş proqramında əksini tapıb.

Bildirilir ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi Baş Assambleyanın 72-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi, bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib. Bundan başqa, “GUAM məkanında həlli uzanan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihəsi də yenidən sessiyanın gündəliyə daxil edilə bilər. Sessiya çərçivəsində Birləşmiş Millətlər Təşkilatı ilə Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM arasında əməkdaşlığın da müzakirəsi istisna deyil. Baş Assambleyasının 73-ci sessiyası 18-26 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək.

Qarabağ məsələsinin BMT-nin müzakirəsinə qayıtması əslində problemin dinc həlli prosesinə ciddi təkan verməsə də, Azərbaycanın haqlı mövqeyinin, ərazi bütövlüyü və suverenliyimizin, konflikt ətrafında işğalçı Ermənistanın mövqeyi üzündən yaranmış təhlükəli durumun təsbiti baxımından bizə müəyyən dividentlər gətirə bilər. Söz yox ki, BMT-də də üç vasitəçi dövlətin - Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, ABŞ və Fransanın mövqeyi önəmli olacaq. Əfsus ki, bu dövlətlərin də başı hazırda başqa regional münaqişələrə qarışıb. Üstəlik, Qərblə, ələlxüsus da ABŞ-la Rusiya arasında yeni “soyuq müharibə” dövrü yaşanır.

İstənilən halda, Azərbaycan diplomatiyası mövcud regional və beynəlxalq şərtlər fonunda Dağlıq Qarabağ məsələsini irəli aparmağı bacarmalıdır. Həm də belə bir məntiqlə ki, konfliktin uzanması, artan müharibə riskləri vasitəçi dövlətlərin - Rusiya və Qərbin bölgədəki maraqlarına böyük təhlükədir və onların regionda toqquşa ehtimalını artırır. Başqa sözlə, problemin həlli vacibliyinə böyük güclərin diqqətini yönəltmək zərurəti heç vaxt olmadığı qədər aktual görünür...
\\musavat.com\\ 
Tarix: 7-07-2018, 09:21
Xəbəri paylaş





Xəbər lenti